Coy - Joy - Джой

Bu yaxınlarda Lonq Aylenddə yaşayan tənha ana Coyun hekayəsi ilə tanış olmaq şansı əldə etdim. Coyun həyatına kənardan olan quşbaxışı belə heç də ürəkaçan deyil: tamamilə xaos və monotonluq. Monotonluğa toxunan sehrli çubuq uşaqlıq arzularını və həqiqi taleni yuxudan oyadır. 

Filmi izləmək səbəbim tamamilə aktyor və aktrisalara görə oldu: Cenifer Lourense, Robert De Niro, Bredli Cuper, Edqar Ramirez və Dayana Ladd. Gördüyümüz kimi aktyor heyəti olduqca diqqətçəkən olsa da, ssenari baxımından heç bir özünəməxsusluq yoxdur. Ssenari sadə konsepsiya ətrafında dövrə vurur: sahibkarlıq fəaliyyəti arzuları, xəyalları olan ixtiraçılar üçün həqiqi xoşbəxtlikdir, uğur qazanmaq mütləqdir və bu yolda uğursuzluq qaçılmazıdır. ABŞ və elə də dünyanın bir çox cəmiyyətlərinə xas tipik biznes problemləri filmin problematikasını əmələ gətirir. Problematikanın işıqlandırılmasından fərqli olaraq onun həyati fəaliyyəti bir o qədər də maraqlı deyil və həttat bəzi məqamlarda olduqca gülüncdür. Şəxsən mənim üçün filmin ən maraqlı hissəsi kommersiya dünyasında vaxtilə geniş miqyasda istifadə olunan "birbaşa marketinq" metodunun ətraflı izahı oldu. Qalan digər epizodlar öz adiliyi ilə fərqlənmir. Müəyyən epizodlar var ki, üzərində dayanmaq mümkündür, lakin izləyiciyə yeni dəyər təqdim etmir. 

Filmin sonluğu daha çox sual doğurur. Nəticədə baş obrazın şəxsiyyəti bir qədər də qaranlıqlaşır: özünü öldürmək həddinə çatan Coy anidən mafiya stilində danışıqlar aparmaq üçün Texasa gedir və geri qayıdanda uğur qazanmış iş qadını olur. Olduqca amerikasayağı sonluq olan bu sonluq artıq izləyicilərə darıxdırıcıdır. Başa düşə bilmirəm ki, niyə görə hələ də belə üslubda sonluqlara üstünlük erən rejissorlar var və bu məsələdə Asiya ədəbiyyatı və kinematoqrafiyasından müəyyən şeylər öyrənmək olar. Artıq xoşbəxt və bədbəxt sonluqlar modern izləyicilərin gözləntilərini ödəmir. 

Rejissor Devid O.Raslın (David O. Russell) digər filməri ilə tanış deyiləm və deyərdim ki, "Coy" bu tanışlıq üçün heç də gözəl başlanğıc olmadı. Çünki filmi izlədiyim müddətdə, sanki, film deyil, hansısa teatr tamaşasına baxırdım təəssüratını yaşayırdım. Adıçəkilən aktyor və aktrisaların performansı da elə bil cılızlaşmışdı. Bütün bunlara baxmayaraq rejissorun işlərinə marağım yarandı və düşünürəm ki, gələcək kino-film planlarımda onun bəzi filmləri də yer alacaq. 





Comments

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Janrlar və mən

Kamal Abdulla - Sehrbazlar dərəsi