Tapıntı - Находка

Trofim Rusanov balıq nəzarətçisidir. O, insanları ''oğru və əclaf'' adlandırır. O, nəzarət edir ki, insanlar çaydakı balıqları qanunsuz və icazəsiz ovlamasınlar. Trofim özünü ''qanun'' adlandırır. Günlərin bir günü iş başında olarkən o, təbiətin qoynunda istirahət edən bir qrupu yaxalayır. Onlarla yaşadığı münaqaişə nəticəsində yaşayış məskənindən uzaqda, qarlı şaxtalı meşədə ilişib qalır. Tayqada rastlaşdığı "tapıntı" və başına gələn hadisə, onun həyata olan yanaşmasını başdan ayağa dəyişir...

Hər şeydən öncə onu demək lazımdır ki, film ilk dəqiqələrdən izləyicini lazımi atmosferə sala bilir. Gözəl musiqi və mənzərə müşayəti ilə başlayan film izləyicidə tayqanın şaxtasını belə hiss etdirə biləcək potensiala malikdir. Daha sonra artan və azalan sürətlə biz filmin hekayəsini başa düşmək üçün zəruri məlumatları toplamağa başlayırıq - artıq həyatlarının gözəl anlarını geridə qoyan yaşlı cütlük, azsakinli kənd, balıqla zəngin çay, xudbin, saxtakar və eqoist insanlar, passiv anarxizm, sosial təzyiqlər və onun fəsadı və s. 

"Tapıntı" filmi nadir filmlərdəndir ki, obrazın mənəvi metamorfozunu fiziki dünyanın stimulları ilə icrasını ətraflı və dolun göstərir. Baş verən dəyişiklik baş obrazın uzun müddət öncə insana olan sevgi itkisinin aradan qalxmasını əhatə edir. Zəruri emosional fon kimi də olduqca ağırçəkili mövzular seçilib: sosial təzyiq, ailə və qadın problemləri və s. 

Film bir neçə səbəbə görə diqqətəlayiqdir: 1) Aleksey Quskov. Öz zəhmli xarici görünüşü ilə zərif qəlbli obrazlar yaratmağa müvəffəq olan Aleksey Quskov, filmin ən əsas aktividir. Əla aktyor performansı gözəl təəssüratlara səbəb olur; 2) Rusiyanın möhtəşəm tayqasını izləyərkən insan elə düşünə bilər ki, bura Allah tərəfindən unudulub və burada heç vaxt-zaman anlayışı da aktual deyil. Təbiət mənzərələrini nümayiş etdirən epizodlara böyük həsədlə baxır və dərin ah çəkirdim. 3) Dramatik hekayə. Hekayənin özü kifayət qədər dramatikdir. İzləyirsən və düşünürsən ki, nə əcəb dünyamız körpələri küçələrə, meşələrə, yaxud da uzaqlara tullayan insanları öz qoynunda daşıyır? Vicdan, mənəviyyat, əqidə niyə bu dərəcədə deqradasiyaya uğrayır? Günahkarlar kimlərdir? 4) Antibanallıq. Film çox çox uzaqda öz problemləri ilə yaşayan real insanların hekayəsindən bəhs edir. Oxşar motivli (talenin zərbələrinə məruz qalan kənd sakini və buna oxşar mövzular) filmlər televiziya dövriyyəsində çoxdur, lakin "Tapıntı" onlar kimi deyil. Filmin dəyəri insanı daxilində görmək istəmədiklərinə yönəltməsindədir. Həyatı əsl mənada sevgi, anlayış və qəbuletmə ilə anlamaq və sevgidolu yaşamaq mümkündür. 

"Tapıntı" filmi müasir Rusiya kinematoqrafiyasına ümid verən filmlərdəndir. "Ərazi", "Zibilçi" filmləri də bu qəbildən olan filmlər siyahısına daxil etmək olar. Zənnimcə, hər bir ölkə sahib olduğu təbiəti, cəmiyyəti, tarixi və nailiyyətlərini yaxşı dəyərləndirməli və ortaya mənəvi ağırlığı olan iti ismarıcları çatdırmaq gücünə malik bədii filmlər qoymalıdır. Bu baxımdan "Tapıntı" da mənim üçün özünə görə tapıntı rolunu oynadı. 





























































Comments

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Janrlar və mən

Kamal Abdulla - Sehrbazlar dərəsi