Wednesday, 31 October 2012

Lester C. Thurow - Kapitalizmin Gələcəyi


Bizler, sudan çıkarılmış ve tekrar girmek için oraya buraya çırpınan büyük bir balık gibiyiz. Bu durumdayken balık bir sonraki çırpınışın kendini nereye fırlatacağını sormaz. Yalnızca şimdiki durumunun dayanılmaz olduğunu ve başka bir şey denemesi gerektiğini hisseder. Çin Atasözü

Ümumi olaraq: Ümumi olaraq kitab bizə yeni olmayan məlumatların çatdırılması ilə başlayır. Amma kitabdan öyrəndiyim şeylər çox oldu. Kitabın müsbət tərəfi odur ki, dünyada mövcud iqtisadi sistemləri coğrafiya və biologiya kimi elmlərlə müqayisə edib, onların terminlərindən istfadə edib bizlərə maraqlı fikirlər çatdırır. Kitabdan ən çox yadımda qalan cümlə isə bu oldu: Komunizm, sosyalizm və kapitalizm arasında olan bu yarış bizə göstərdi ki, insan övladı öz şəxsi, fərdi mənafeyini heç vaxt heç nəyə qurban verməyəcək.

Nəticə: Komunizmin çökməsiylə kapitalist modelin alternativi qalmamışdır. Kapitalizm qüsursuz sistem deyil. İqtisadi qeyri-sabitlik, gəlirin bölüşdürülməsində olan qeyri-bərabərlilik, işsizlik kimi əvvəldən bəri kapitalizmin təməlində olan problemlərə, insan resursları və beyin gücü sektorlarının ön plana çıxmasıyla da yeni problemlər əlavə edilmiş olacaq. Cəmiyyətləri bir yerdə tutan güclü ideologiyalar və kənar təhdid ünsürləridir. Hər ikisi də ortadan qalxınca bölünmə və parçalanma qaçılmaz olur. Bu günkü kapitalizmin cəmiyyətə faydalı heç bir ideologiyası yoxdur. Ümumiyyətlə kapitalizmin ideologiyası olmur. İndiyə qədər kapitalist cəmiyyətlərin ayaqda qalmasının əsas səbəblərindən birisi də, komunizm və sosyalizm qorxusu olmuşdur. Məsələn ABŞ-ın Marşal planı da kapitalizmin məhv olmaması üçün olan yardım olmuşdur. Kapitalizm fərdi ön plana çıxaran struktura sahibdir. Kpaitalizm istehlak cəmiyyətinə səbəb olmuş və resursların maksimum israfına səbəb olmaqdadır. Biz bu günün xərclərini qarşılamaq üçün sabahın invistisiyalarını xərcləyirik.
Lester C. Thurow

Bu problemlərin öhdəsindən gəlmək üçün bacarıq və elmə dayalı yeni strategiyalar hazırlamaq lazımdır. Sabahın qalibləri bu strategiyaları hazırlaya bilənlər olacaqlar. Bunun üçün bacarıq, təhsil, elm və infrastruktur uzun dönəmlik invistisiya edilməlidir. Bunu reallaşdırmaq çətin ola bilər, çox vaxt apara bilər amma necə ki, dalğalar qayalara çırpıldığında bir şey olmur kimi görsənsə də, uzun illər sonra qayalar quma çevrilir. Əzm və qərarlılıqla hər şeyin öhdəsindən gəlmək mümkündür.

Kitabın ixtisarla olan forması (türkcə): burada
Lester C. Thurow kimdir?: burada

Digər yazılarımı oxumaq üçün: Əsas səhifə 


Sunday, 28 October 2012

247°F


Psixoloji trillerlər insan psixologiyasına aid çox şeyi göstərmək iqtidarındadır. Məsələn düşünün ki, illərdir tanıdığınız insan, fövqəladə vəziyyətə düşərkən necə də başqa birisi olur, davranışları dəyişir, şüuru sönür. Bu elə sizə də aiddir. Fövqəl vəziyyətlərə, yəni məsələn, avto qəzaya düşüb maşın qalıqları arasında can verərkən, liftdə qalarkən və ya bu filmdə olduğu kimi saunada ilişib qalarkən insan şüurunun sönməsi, insanın panikaya düşməsi, qorxması və aciz olması yaxşı təsvir olunub. Treyleri diqqətimi cəlb etmişdi. Film başlayanda diqqətimi bir az da cəlb etdi çünki film qonşu ölkədə - Gürcüstanda çəkilib. 650.000 dollarlıq büdcəsi olan film texniki parametrlər cəhətdən normal olsa da aktyor performansı cəhətdən zəifdir.İzlədikdən sonra isə bunun psixoloji triller deyil sadəcə FACİƏ olduğunu gördüm. Nə aşağı nə də yuxarı. Sadəcə faciə. Psixoloji məqamlar da oldu amma az.

İdeya yaxşıdır: Dörd dost göl sahilinə dincəlməyə gəlirlər və onlar malikanənin saunasında selsi ilə desək 119.4 C-yə qədər qıza biləcək yerdə qapalı qalırlar. Filmin bir digər minusu isə dialoqların mənasız olmasıdır. Mənim bəyənmədiyim bizim bu gənc yazarlar daha yaxşı ssenari yaza bilərdilər. Əgər sizi də ideya cəlb etdisə və əgər siz təsirli epizodlar görmək istəyirsinizsə izləyin bu filmi. Çatışmazlıqları çox olsa da izləmək olar. Filmin şüarının yeri var: Every minute counts when every degree matters.

Digər yazılarımı oxumaq üçün: Əsas səhifə  



Friday, 26 October 2012

Murakami axtarışında


 Bu yazımda sizlərə yapon və dünya ədəbiyyatına yeni nəfəs gətirmiş, dünyaca məşhur yapon yazıçısı Haruki Murakami haqqında qısaca məlumat verəcəm.


Bir çox Murakami oxumuş insanlar özlərində baş  vermiş dəyişikliklərdən bəhs edirlər ki, mən də bunlardan birisiyəm. Belə ki, Haruki Murakami insanın zaman-məkan anlayışına, düşüncələrinə təsir etmə qabiliyyətinə malik bir yazıçıdır. Bir çoxları Murakami romanlarından sonra beyinlərinin onlara müxtəlif oyunlar oynadıqlarını deyirlər. Murakami romanları oxuduqdan sonra insanın beynində yeni qapılar açılır. Əvvəllər yanaşdığı mövzulara daha fərqli yanaşır.

“Bəzən bu gəlir bəzənsə gəlmir. Bilmirəm niyə. Roman yazmaq qaranlıq yerdə lazımi hissələri axtarmaq kimidir. Sənə edilə biləcək bütün köməklərə ehtiyacın var. Qaranlıq yerlərdə kiçik şeylər var ki, sənə kömək etmək üçün gözləyirlər.”- H.Murakami


Haruki Murakami yaradıcıllığı daha çox içə doğru yönəlmiş yaradıcıllıqdır. Onun yaradıcıllığıyla tanış olduqdan sonra bir çox şeylərə qarşı fərqli düşünmək mümkündür. Murakaminin əsərlərində biz avtobioqrafiya, musiqi (jazz), drama, xatirələr, arzular ilə rastlaşırıq.

“Doğrusu, mənim özümdə, içimdə çoxlu materiallar var. daxilimdə o qədər şey var ki və mən onları xarici dünyadan toxunulmaz olaraq qoruyub saxlamaq istəyirəm.  Onlar mənim mülkiyyətimdirlər və mən onlardan yola çıxaraq kitab yazıram. Çölə çıxıb insanlarla danışmamağımın və televiziyaya çıxmamağımın da səbəbi məhz budur.”-H.Murakami

Murakami yaradıcıllığı sadəcə bununla bitmir. 1995-ci ilim yanvarında, onun doğma şəhəri Kobedə baş vermiş dəhşətli zəlzələ üçün və  3 ay sonra Tokio metrosunda 12 nəfəri öldürmüş və 6000 nəfərə xəsarət etmiş dini qruplaşmaların zəhərli qazla törətdiyi terror aktına həsr etdiyi kitablar: Underground: “The Tokyo Gas Attack and the Japanese Psyche” və “After the Quake”  əsərləri diqqətə layiqdir. Murakami bu kitablara qədər əsasən özünə qapalı olaraq yazsa da, özünün də dediyi kimi bu hadisələrdən sonra o, ilk dəfə bir Yapon yazıçısı kimi məsulliyət hiss etmiş və baş vermiş hadisələri dünyaya çatdırmaq istədiyini demişdir. Bu hadisələr baş verərkən o, ABŞ yaşayıb, işləyirdi.

“Məsələn çox oxucum məndən soruşurlar ki, pişiyin mənası nədir? Mənim bu suala cavabım yoxdur. Mən sadəcə bunun haqqında yazmaq istədim. Mənim bunun üçün səbəbim yox idi. Yazmalı olduğumu hiss edib, sadəcə yazdım.”- H.Murakami

Haruki Murakami yaradıcıllığı mənim fikir ifadəmə ən yaxın olan yaradıcıllıqdır. Sərhədlər yoxdur və sadəlik o qədər gözəl bədii dillə ifadə olunur ki, romanların, hekayələrin ilk hissələrindən artıq oxucu onun içində yaşamağa başlayır.

Bu yazını belə bir fikirlə bitirmək istəyirəm: Haruki Murakami sərhəd tanımayan Yapon yazıçısıdır. Həm mövzu etibariylə, həm coğrafi məkan baxımından. Murakami yaradıcıllığı, bir qədər Amerikansayağı olsa da, sadəcə yapon ədəbiyyatına  deyil, ümumiyyətlə dünya ədəbiyyatına yeni nəfəs vermişdir. 


Haruki Murakami - Norwegian Wood
Digər yazılarımı oxumaq üçün:
 Əsas səhifə
 
 


Wednesday, 24 October 2012

Samuel A. Weems - ermənistan

 Erməni terrorunun, vəhşiliyinin, şərəfsizliyinin qurbanı olan bir millət kimi biz onları yaxşı tanıyırıq. Ermənilərin uydurma erməni soyqırım iddialarının da axmaq erməni təxəyyülünün məhsulu olduğunu da bilirik. Bu kitab bizə ermənilərin 1890-cı ildən, Osmanlı imperatorluğunun zəifləməsindən etibarən aktivləşməsi və qarşılarına çıxanların hamısından torpaq tələb etməsi haqqında sistemli məlumatlar verir. Olduqca diqqətə layiqdir ki, kitabın müəllifi Fransa, İngiltərə, Rusiya, Türkiyə və ABŞ kimi ölkələrdə araşdırmalar aparmış və tamamilə real və obyektiv qaynaqalara istinad etmişdir.


Bu kitab mənə göstərdi ki, Avropada, xüsusilə İngiltərədə ermənilərin yalanlarını ifşa edən, onların Türk millətinə, müsəlmanlara qarşı olan vəhşilik və şərəfziliyini bilən çoxlu hərbiçilər və ümumiyyətlə dövlət adamları olub. Onlar bütün təəssüratlarını yazılı olaraq ifadə etmişlər. Kitabda onlarla ingilis hərbiçilərinin bölgədə apardıqları araşdırmaları haqqında qısa-qısa məlumatlar var. Ermənilər xristian olduqlarını, soyqrıma məruz qaldıqlarını böyük dövlətlərin gözünə soxaraq onlardan yardımlar alırdılar. Halbuki bunun əksini sübut edən bu qədər yazılı qaynaqlar var. Təəssüf ki, dünya bu sübutları görmək istəmir.

                   Samuel A. Weems
Kitabdan öyrəndiyim yeni məlumatları sizinlə də bölüşüm. Bəlkə bəzilərinizə bu məlumtlar yeni olmayacaq, bəziləriniz üçünsə yeni olacaq. Hər halda hər iki vəziyyətdə bu məlumatları olduqca obyektiv və diqqətə layiq hesab edirəm. Əslində hamısını bölüşmək istərdim amma alınmır:

- 1935-ci ildə erməni mətbuatı Hitleri tərifləməkdən bir təhər olmuşdu. 1936-ci il, 19 avqust tarixli “Daily Hairenik” qəzetindən bir hissə: “Xroniki xəstəlik kimi kök atmış bu məxluqları (Yəhudiləri)  söküb atmaq bəzən çox çətin olur. Bunları yox etmək üçün bir millətin (Faşistlərin) fövqəladə yöntəmlər istifədə etməsi vəhşilik olaraq qiymətləndirilir. Cərrəhaiyə əməlliyatında qan axması təbiidir. Bu şərtlərdə diktatorluq  xilaskardır.”

Bir diqqət edin bu sitata. Sovet hökümətinin tərkibində ola ola faşistlərə dəstək verir, onlara 70.000 erməni əsgəri göndərmişdir. ermənilər belə güman etmişlər ki, ikinci dünya müharibəsini Almaniya qazanacaq və ermənilərə də istədikləri əraziləri verəcək. 

-       Prof. Hovanisyanın ermənilərin iddia etdiyi bütün torpaqlardan erməni Türkiyəsi, erməni Rusiyası, erməni platosu olaraq söhbət açır. Bu Hovanisyanın kitabında torpaq iddialarından sadəcə görünən qismidir (Samuel Weems bu kitabındada Hovanisyanın kitabındakı yalanları ifşa etmişdir və ona görə də o kitabdan çoxlu sitatlar var). Bu iddiaları ermənilər 1890-cı ildən Amerikanı və dünyanı aldatmaq üçün istifadə etdikləri yalanlardır. 1910 – cu il Encyclopedia Brittanicaya görə ermənilər tələb etdikləri bölgənin cəmisi 15%-ni əmələ gətirirdilər.

-      Ermənilərin bu bölgədə soyqırım törədib törədmədiyi ilə əlaqədar son sözü niyə Ruslara verməyək? Məsələn bu gün Moskvada arxivlərdə mövcud olan yüzlərlə tarixi sübutlardan birisi: Rus generalı Odişe Liyetze: “11-12 mart gecəsi erməni qəssabları Ərzincan və çevrəsindəki bölgələri süngüdən keçirdilər. Bu barbarlar qurbanlarını 80-80 qruplaşdırdıqları xəndəklərə doldururdular (Qubadakı kütləvi məzarlığı xatırlayaq!). 200 belə çuxur müəyyənləşdirildi. Bu dünya sivilizasiyasına qarşı törədilmiş bir cinayətdir.”

-          Podpolkovnik Tverdoxlebov:  “O günlərdə ermənilər Ərzincan çevrəsindəki Türklərə qarşı təsvir edilməyəcək qəddarlıqla cinayət törədirdilər. Türklər silahsız və müdafiəsiz idi”

Sonda isə müəllifin fikirləri belə oldu: Türkiyə ikinci dünya müharibəsindən sonra ABŞ-ın sadiq müttəfiqi və dostu oldu.Türklər Koreyada, Körfəzdə və digər Amerikan birlikləri ilə yan yana döyüşdülər. Bəs yaxşı ermənistan harada idi? Həmişə qarşı tərəfdə. Bütün oxuculara kitabı stereotipsiz oxumağı xahiş edirəm. Oxuyucu həqiqəti gördükdən sonra İsa adına müsəlman dünyasına edilən haqsızlıqlara qarşı nə edəcəyinə özü qərar verəcəkdir.

Samuel A. Weems, Calvary Babtist kilsəsi üzvü, Hazen, Arkanzas, 2 aprel 2002
Yazar haqqında burada: Samuel A. Weems
Kitabın özəti: burada
Digər yazılarımı oxumaq üçün: Əsas səhifə  

Monday, 22 October 2012

Haruki Murakami - Sərhəddən cənuba, günəşdən şərqə

 Rusca adı: Харуки Мураками "К югу от границы - к западу от солнца

Qısaca motivlər: Xadzime adlı cazz barının sahibi, uğur qazanmış bir gənc, uzun illərdən sonra uşaqlıq rəfiqəsini – Simimato ilə görüşür. Vaxtilə Xadzime ona aşiq idi. Ehtiras yenidən canlanır. Amma həyat şəraiti elə gətirir ki, bu sevgi yenidən dirilə bilmir.

Ümumiyyətlə: Ümumiyyətlə Haruki Murakami əsərlərinin hamısına xarakterik xüsusiyyətlər var. Bunlar: depressiv və qaranlıq mühit, kədərli obrazlardır və erotik epizodlardır. Çoxları məhz bunlara görə Haruki Murakami əsərlərini çox da sevmirlər və üstünlük vermirlər. Kim nə deyirsə desin, mənim bu yazar çox xoşuma gəlir. Onu da deyim ki, məhz bu əsəri ilə mən Murakamini yenidən kəşf etdim. Murakamini başa düşməyənlər, onun əsərlərində təsvir olunan hissləri yaşamayanlardır. Bu normaldır. Heç də hamı hər yazıçını anlayıb, sevə bilməz.

Təəssüratlarım: Əsər ilk səhifələrindən ailənin tək övladının düşüncələri və dünyaya baxışı ilə başlayır. Kitab mənə mənim həyatımı anlatdı. Mənə çox maraqlı gələn bilirsiz nədi? Mən hiss edirəm ki, Haruki Murakami əsərlərinin çoxsu avtobioqrafiyadır. Xüsusiylə bu əsəri. Əgər bu avtobioqrafiyadırsa və mən bu kitabı oxuyanda öz həyatımı gördümsə, yəni mənim həyatımla Murakaminin həyatı arasında bu dərəcədə oxşarlıq varmış nəticəsinə gəlirəm. Bu isə öz növbəsində maraqlı nüansdır, elə deyilmi?

Kitabın adı: Kitabın adı Nat King Coel-in “South of the border” mahnısından götürülmüşdür. Günəşdən qərbdə hissəciyinin mənası isə əsərdə Simimatonun dili ilə açıqlanmışdır. Eyni sənətçinin "Pretend" adlı musiqisi də dəfələrlə vurğulanır. 

Nəticə: Xadzime öz həyat hekayəsini, kədərli sevgi tarixçəsini, sonluğu açıq qoyaraq mənimlə bölüşdü. Qoy sonluq hər kəsə görə individual olsun. Və ya olsun mu? Xadzime ilə İbrahim arasında fərqlilik olmadı. 99% eyniyik deyə bilərəm. Hələ heç bir kitabda belə bir halla rastlaşmamışdım. Məhz buna görə kitabı oxuyanda mən əsərin baş obrazını kənardan izləmədim, əsərin baş obrazı elə mən özüm oldum. Emosional, mülayim, deyərdim ki, sehrli kitab. Bir sözlə Murakamini niyə sevdim: Çünki o, heç nədən çəkinmir və müəyyən qrup insanların (şəxən mənim kimi) hisslərini, düşündüklərini və başlarına gələn hadisələri o qədər gözəl təsvir edir ki, mən sadəcə bravo deyirəm. Onun əsərlərində insan övladının necə də ümidsizcə yalnızlıqdan qaçdığını görə bilərsiz.

Sadəcə həyatımız. Başqa heç nə. Nə artıq nə də əksik. Sadəcə həyatımız (c)

Haruki Murakami - Norwegian Wood - Norveç Meşəsi haqqında yazım


Saturday, 20 October 2012

The Heart Collector


 Qısa metrajlı filmlər də dəyərli, maraqlı kitablar və filmlər qədər faydalı ola bilər. Heart Collector kimi qısa metrajlı  ekran əsərini də buna aid etmək olar.


Qısaca motivlərinə baxsaq, bu kiçik filmin sevgi haqqında olduğunu görərik. Sevgidə məcburiyyət yoxdur deyirlər. Bəs olarsa nə olar? Sevgi adlanan məsuliyyəti kimlər və necə qaldıra bilər? Bir ömür sevgidən məhrum qalaraq yaşamaq mümkündürmü? Sevgi ümumiyyətlə nədir? Bax bu kimi məsələlər ətrafında film insanı düşündürə bilir. Gözəl musiqi müşayəti və fərqli çəkiliş. Təkrar və təkrar olaraq izləyirəm. Çünki bu kiçik fraqmentdə sevgidən məhrum insan ruhu çox gözəl təsvir olunub. Hələ bir də sonluq...

Digər yazılarımı oxumaq üçün: Əsas səhifə  

Friday, 19 October 2012

Valentin Sidrov - Himalayda yeddi gün - Семь дней в Гималаях - Валентин Сидоров

 Valentin Sidrov (Валентин Митрофанович Сидоров) kimdir?: Yazıçı 1932-ci ildə Rusiyanın Varonij şəhərində anadan olmuşdur. Rusiyanın öndə gedən şair, yazıçı və alimlərindən olmuşdur. SSRİ yazıçıları ittifaqının üzvü (1966), fəlsəfə elmləri namizədi (1978), Qorki Ədəbiyyat İnstitunun professoru və məşhur “Mədəniyyətdən keçən dünya” (Мир через Культуру) assosiyasının əsasını qoyan bir şəxsiyyət olmuşdur. Daha ətraflı: burada


Coğrafi məkan olaraq Himalay dağları: Həmişə Himalay dağları diqqətimi cəlb edib. Ümumiyyətlə dağlar, coğrafi element olaraq insan həyatında çox mühüm rola sahib olub. Peyğəmbərlərin dağlarla əlaqəsini xatırlamaq bəs edər.

Yazıçının uğuru: Bu başlıq altında onu qeyd etmək istərdim ki, yazıçının bədii ifadə vasitələrindən yüksək səviyyəli istifadəsi, mənə onun yaradıcıllıq imkanlarının zəngin olduğunu deməyə əsas verir. Kitabı oxuduqca sanki oxucu özü təsvir olunanları yaşayır.  Bu da kitab oxuma prosesini maksimum zövqlü edir.

Valentin Sidrov
Qəribədir....: Kitabda Hindistanla Sovet hökümətinin dostluğu çox qabardılıb. Hindistanda day demə Leninə maxatma deyirlərmiş. Maxatmalar ruhi inkişaf cəhətdən müəyyən səviyyəyə çatmış olanlara verilən addır. Bəli mən bununla razıyam amma Lenindən sonrakılar konkret olaraq  diktator olmuş və nəinki müəyyən ruhi inkişafa nail olmamış, ümumiyyətlə ruhsuz olmuşlar.

Gözləntilərim doğrulmadı: Belə ki, kitabın adını görəndə və haqqında bir az məlumat toplayanda elə hesab etdim ki, bu kitab Himalay dağına səyahət etmiş, çox istedadlı və bacarıqlı şairin gözəl xatirələri olacaq. Daha çox coğrafi təsvirlər və yazarın keçirdiyi hisslər gözləntisində olsam da, bu gözləntilərim çox da doğrulmadı. Belə ki, kitab əsasən Hind fəlsəfəsi, Hindistanda yaşayan məşhur Rerixlər ailəsi, Hindistan – Sovet dostluq əlaqələri və dünya görüşünü artırıcı məlumatlarla zəngin oldu. Təssüf ki, qeyd etdiyim kimi coğrafi təsvir çox az oldu. Mistika az oldu. Kitaba qarşı münasibətim normaldı. Belə ki, kitab motivləri etibariylə çox dəyərli və maraqlıdır. Sadəcə gözləntilərim doğrulmadı. 

Digər yazılarımı oxumaq üçün: Əsas səhifə  


Wednesday, 17 October 2012

Dumandakı Kirpi - Ёжик в тумане (3-cü hissə)

1-ci hissəni oxumaq üçün: TIKLA
2-ci hissəni oxumaq üçün: TIKLA

Yazının üçüncü hissəsində isə, bilavasitə öz təəssüratlarımı, öz düşüncələrimi və hər gün izlədiyim bu cizgi filminin  mənə nələr hiss etdirdikləri haqqında danışmaq istəyirəm. Çox uzun danışmaycam...

Məgər biz kitablarla, təsirli, duyğusal filmlərlə, səs-küylü dostlar çevrəsi ilə, ailəmizlə, yalnızıqdan qaçmaq istəmirik mi? Ətrafımızda olan bu rəngarəng dünyada həyatımızdan nişanələr axtarırıq. Mənim də arzularım var, amma mən səhvə yol verirəm. Bu səhvin adı isə sadəcə qorxudur. Qorxu məni və mənə oxşarları arzularımız uğrunda edəcəklərimizi necə edəcəyimiz haqqında düşünməyə vadar edir. Uğur qazanmış insanlar, arzularının arxasınca getmiş insanlar isə sadəcə lazım olanı etmiş, lazım olanları necə etmək barəsində düşünməmişlər. “Birdən alınmaz” deyə düşünməmişlər. Həyatımızda qorxular olur. Onları dəf etməklə, öz şəxsiyyətimizi möhkəmləndirməliyik. Yetkin insan olmalıyıq.

Nəticə: Cizgi film bizə sanki itirdiklərimizi, həyatımızın monotonluğunu və bu monotonluqdan çıxdıqda hansı hissləri keçirə biləcəyimizi göstərir. Bəzən iki dostdan birisi ya da ikisinin sözlə ifadə olunmayacaq hekayələri olur.Siz bu cizgi filmini izləyin. İzləmisinizsə bir daha izləyin və əmin olun ki, siz bu sənət əsərində dünyanın iş prinsiplərini öyrənə ya da xatırlayacaqsınız. Kiçik bir cizgi filmində bütün bir həyat var.....

Sonda isə: Mən kirpiyəm və mən çaya düşmüşəm....

Digər yazılarımı oxumaq üçün: Əsas səhifə  

Dumandakı kirpi - Ёжик в тумане (2-ci hissə)

 1-ci hissəni oxumaq üçün: TIKLA


Cizgi filminin əsas obrazı olan kirpi insanı simvolizə edir. O, dostu aynın yanına gedərək eyni zamanda həyat yoluna başlayır. Ayıya onu, bunu necə deyəcəyini planlaşdırır. Bu insanın gələcək haqqında olan təsəvvürləridir. Budur o, gedir və ağ at görür. At isə arzu və muradı simvolizə edir. O, atı görür və arzulamağa başlayır, amma arzuya çatmaq üçün gərək dumana daxil olasan. Duman qeyri-müəyyənliyi göstərir. Kirpi, yəni insan, sirli, qeyri-müəyyən və yad dünyaya daxil olur. Bu zaman kirpiyə də, izləyiciyə də aydın olmayan qorxulu və nəhəng varlıqlar kirpini qorxudurlar. Bizi həmişə kimlərsə, nələrsə qorxutmağa çalışır. Bir şeyi unutmamaq lazımdır. Bu şey dünyanın əsas iş prinsipidir:  heç vaxt qorxuya icazə verməməliyik ki, bizim üzərimizdə hökmranlıq etsin. Yoxsa o, cizgi filmində olduğu kimi böyüb böyüyüb fil böyüklüyündə olacaqdır. Bu isə bizi arzularımızdan uzaqlaşdıracaqdır. Və yolnan gedərkən o, dostu ayıya apardığı mürəbbəni itirir. Biz həmişə bu həyat yolunda nə isə itiririk: valideynlərimizi, dostlarımızı, sevgimizi və s. Əlbəttə həyatda bizə kömək edənlər də olur. Bu da cizgi filmində bir it oldu. Kirpinin itirdiyini ona geri verdi və daha sonra sahibinin çağırışı ilə geri getdi. Əksəriyyətimiz həyatda qorxduqdan və bir çox uğursuzluqlara məruz qaldıqdan sonra, kirpinin çaya düşərək “qoy gedəcəyim yerə məni çay özü aparsın” fikri ilə yaşayarq, həyat çayında sakitcə gözləyirik. Kirpi, atın yanından çay axını ilə üzür. Bir qədər üzdükdən sonra kirpiyə “birisi” kömək edir ki, kirpi sahilə çıxsın. Həyatımızda da biz bir müddət üzdükdən sonra qarşımıza bizi monoton həyatdan və mənasızlıqdan xilas edəcək birisi qarşımıza çıxır. Daha sonra kirpi sahilə çıxır və isti, rahat guşədə, dostu ayının yanında dincəlir. Biz də həyat çayında bir müddət üzdükdən sonra, bizə yardım edildikdən sonra bizə təsəlli verən nə iləsə qarşılaşırıq. Kirpi at haqqında düşünməkdən vaz geçmir. İnsan da ömrünün axrına qədər əldə edə bilmədikləri haqqında düşünür. Sonda isə budur kirpi, “görəsən dumandakı at necədir?” düşüncəsiylə, dostuyla birlikdə oturub ulduzları saymağa davam edir. Ayı demişkən: “ Axı kim səndən başqa ulduzları sayacaq??”

2-ci hissənin sonu

Digər yazılarımı oxumaq üçün: Əsas səhifə  

Monday, 15 October 2012

Dumandakı Kirpi - Ёжик в тумане (1-ci hissə)

 Qısa tarixçə: Sovet cizgi filmi olanDumandakı Kirpi “ 1975-ci ildə çəkilmiş və 2003-cü il 26 may tarixində, Tokioda baş tutmuş “Laputa cizgi film festivalı”-nda (Мультипликационном фестивале Лапута) planetin ən yaxşı cizgi filmi adına layiq görülmüşdür.


İzləyən uşaq və izləyən böyük: Bilirsiz, cizgi filmini izləyən uşaqların çoxsu sadəcə ona əyləncəli bir şey kimi yanaşırlar amma onu izləyən böyük insanlar, müəyyən yaşa çatmışlar isə həyatlarını gözlərinin önündən keçirdirlər və kədərlənirlər. Yəqin monotonluğu, itirilmiş olanı, qorxularını xatırlayırlar...

Psixoloqlar deyir: Psixoloqlar deyirlər ki, məhz bu cizgi filminin köməkliyi ilə uşağın emosional fonunu aydınlaşdırmaq olar. Belə ki, əgər azyaşlı uşaq cizgi filminə sakit və narahat olmadan baxırsa, hər şeyin yaxşı olacağını düşünürsə, deməli onun güclü psixikası və dünyaya optimistik baxışı var. Yox əgər narahatlıqla izləyib, içinə qapanırsa, o zaman o, melanxolikdir.

Fərqlilik: Sovet cizgi filmlərini sevənlər çoxdur. Mən də onlardanam. Təcrübəli birisi kimi deyə bilərəm ki, bu cizgi filmi sadəcə öz dərin mənası və insana verdiyi mənəvi dəstəklə deyil, eyni zamanda texniki parametrləri ilə də fərqlidir. Digər cizgi filmləri ilə müqayisədə rəngsiz və formasızdı. Əminəm ki, digərləri kimi olsaydı o, bu ideyaları bizə çatdıra bilməyəcəkdi.

1-ci hissənin sonu. Ardı var...

Yazı kinopoisk.ru saytının müvafiq film üzrə izləyici şərhləri və şəxsi fikirlərim əsasında hazırlanmışdır. 
Digər yazılarımı oxumaq üçün: Əsas səhifə  

Sunday, 14 October 2012

MİSS Representation


Amerikan gəncləri vaxtlarını həftədə:
-          31 saat televizora baxaraq
-         17 saat musiqiyə qulaq asaraq
-         3 saat kinoteatrlarda film izləyərək
-         4 saat jurnal oxuyaraq
-       10 saat online söhbət edərək keçirdirlər.  Bu isə gündəlik 10 saat 45 dəqiqə mediaya ayrılan vaxt deməkdir.

Günümüzdə insanların mediadan öyrəndiklərini digər qaynaqlardan öyrəndikləri ilə müqayisə olunmazdır. KİV həm mesaj həm də mesaj ötürəndir. İnsanlar içində olduqları cəmiyyətdə nələrin baş verdiyini məhz media, KİV vasitəsi ilə öyrənirlər. Ona görə də media bu gün çox böyük gücdür. Biz unikal dövrdə yaşayırıq. Belə ki, bu gün marketoloqlar cəmiyyətin əxlaqı-mənəvi dəyərlərinə təsir edə və formalaşdıra bilmək gücünə sahibdirlər. Media cəmiyyətimizin, uşaqlarımızın formalaşmağında nəhəng rola sahibdir. Nə də olsa valideynlər asana qaçırlar. Uşağı televiziya qarşına qoymaq daha asandır nəinki ona kitab oxumağı öyrətmək.

İnsanların sağlam formada, xüsusiylə psixoloji travmalarsız yetkin şəxsiyyət kimi formalaşmağı olduqca çətin prosesdir. Belə ki, bu sənədli filmi izləyəndən sonra Amerikada adi insanların 4-5 nəfərin istəkləri ilə necə mübarizə apardıqları ilə tanış oldum. KİV-də əsasən zorakılıq, seksual motivlər və daha çox istehsal edib daha çox istehlak kimi məqamlardır. Bu da insanları tamamilə fərqli formada yetişdirir. Əlbəttə bu vəziyyət elə bizim öz ölkəmizə də aiddir. Televiziya kanallarımızda əxlaqsız qadınlara, müğənnilərə, axmaq meyxanaçılara daha çox vaxt ayrılır nəinki intelektual, vətənpərvər və öyrədici verlişlərə, mövzulara. Axmaq seriallar və filmlərdən başqa bir şey yoxudur. Təəssüf ki, düşünməkdən məhrum insanlar sadəcə təqlid etməklə məşğul olurlar. Mövzudan çox uzaqlaşmayaraq sənədli filmin olduqca gözaçıcı xarakterdə olduğunu deyə bilərəm. Amerika medyasında qadınların, gənc qızların sadəcə əşya, istismar ediləcək bir şey kimi təqdim edilməsi çox gözəl tənqid edilib. Bu vəziyyətdən çıxış yolu üçün Kandaliza Rays (Condoleezza Rice), Nancy Pelosi və bir çox aparıcı, məşhur qadınların fikirləri verilmişdir. Sənədli filmdə olduqca gözəl sitatlar və statistikalar var. Bu sadəcə Amerikada belə deyil. Bir çox əksər dünya dövlətlərində də belə hallar çoxdur. Arzu edirəm ki, biz belə mövzularda sadəcə deməklə deyil, eyni zamanda öz əməllərimizlə gənc nəslə nümunə ola biləcəyik. 


Sənədli filmi online izləmək üçün (ingiliscə) - TIKLA
Digər sənədli filmlər haqqında: Burada 
Digər yazılarımı oxumaq üçün: Əsas səhifə