Sərnişinlər/ Passengers

"İkinci ev"ə doğru uzun səyahətə çıxan kosmik gəmidə yaranan texniki problemlər bir çox fəsadlar törədir. Sərnişinlərdən bir nəfər vaxtından tez, daha doğrusu 90 il zamanından öncə hiperyuxudan oyanır. Belə erkən "oyanış" hər nə qədər dəhşətli səslənib sərnişinləri ucsuz-bucaqsız kosmosun ənginliklərində başıboş buraxsa da, bir o qədər də təhrikedici macəralara səbəb olur...

30 ilini tamamlamış ümumən 120 illik səyahət təsəvvür edin. Üzərinə 500 nəfər sərnişin də gəlin. Fərqi yoxdur, toplananların yerini dəyişsəniz, yenə də "Sərnişinlər" kimi özünəməxsus və axıcı filmi əldə edəcəksiniz. Yaxud da bir qədər ənənəvi elementlərdən hərəkətə gələrək daha fərqli izah verim: "Kosmik Robinzon" "Titanik"dəki məhəbbət yanğısını söndürmək üçün "Yatmış gözəl"i yuxudan oyadır...

Maraqlı ideyalar film əsnasında bir-birini əvəz etmək üçün, sanki yarışa girir. Məsələn, mümkün olan maksimal reallıq çərçivəsində filmdəki Artur adlı android barmeni inşa etməyə mexatronika mühəndisləri üçün nə qədər vaxt lazımdır? "Homsted 2" kimi planetləri kolonizasiyası kimləri maddi cəhətdə zənginləşdirə bilər? Bunun arxasında işləyən kommersiya modeli necədir? Ümumiyyətlə kommersiya müəssisələrin nə vaxtdan etibarən cəmiyyətlərdə mütləq hakimiyyətlərini elan edəcəklər? Doğurdanmı insanlar bu planeti o dərəcədə pis günə qoyacaq ki, başqa planetlərə köç etmək sivilizasiya üçün ölüm-dirim məsələsi olacaq? Hər nə qədər son sual film üçün bir o qədər də aktual olmasa da, cari ssenari bizi heç də xoş olmayan gələcək hadisələr cığırlarına məcburi nəzər yetirməyə vadar edir (Filmdə planetdən köçən şəxslər üçün nəzərdə tutulmuş təlim materialında qeyd edilir ki, Yerdə yaşamaq bahalı bir şeyə çevrilib və Yer ifrat məskunlaşmaya məruz qalıb). Təəssüflər olsun ki, "Sərnişinlər" bu qədər ideyanın və möhtəşəm xüsusi effektlərin fonunda qadın-kişi münasibətlərini əsas alan romansı ön plana verir. Kosmik gəminin o eleqant dəhlizlərini müşahidə edib "2001"i xatırlamamaq, "Pandorum"dakı kimi qaynaq aləti ilə adama küncdən hücum çəkəcək məxluqların (heç yadplanetli də deyil, məhz məxluqların!) varlığı haqqında düşünməmək mənə şəxsən çox çətin oldu. Əlbəttə şadam ki, "Promotey" kimi ucuz və qarmaqarışıq kosmos dəhşəti ilə qarşı-qarşıya deyilik, amma yenə də insan "Gəlmə"dəki o həyəcanı hiss etmək üçün darıxır. Yaxud da, filmə "Günəş işığı"ndakı kimi möhtəşəm problematika bəxş etmək olardı ki, film izləyici üçün hansısa konkret çıxış yolları uğrunda mübarizə aparan insanları təsvir etsin. Necə deyərlər, sadəcə ideya. "Sərnişinlər" fərqlidirlər. Başlanğınca "O yox! Bircə "Marslı"dakı kimi absurd kosmik macəra olmasın!" fikri mən bürüsədə, filmin şəxsən mənə yaşatdığı innovasiyalar aşağıdakı kimi oldu:

1. Bəzən elə filmlər olur ki, onlar öz janrı çərçivəsində bütün paradiqmaları dəyişdirirlər. "Sərnişinlər" vizual effektlər və futuristik ideyalarla, məncə buna nail ola bildi. 
2. Daha fərqli zamanda, başqa cür məkanda sevgi-məhəbbət intriqaları və yalanları maraqlıdır. Bob Şounun "Səyyahların gəmisi" romanı yadıma düşdü.
3. "Avalon" kosmik gəmisi öyrəşdiyimiz kosmik gəmi nümunəsi klişesini darmadağın etsə də, "Pandorum"dakı kosmik gəmini xatırladır. "Pandorum"dakı kosmik gəmi öz reallığı əmsalına görə isə "Avalon"u "döyər".
4. Kosmosa yumor daşımağı da qeyd edim. Görünür, bu əsasən Kris Pratın şəxsi xarizması və keyfiyyətlərindən qaynaqlanan bir şeydir. "Solyaris"də "Kosmosda hər şey Yerdəkindən daha həsassdır" deyilir. Çox düzgün qeyddir və adətən kosmik dəhşət üslubunun bu janrda dominant olması bizə Yerlilərin ona olan ilkin yanaşmasının necə də ciddi olduğunu sübut edir. Qeyri-müəyyənliyin üstündə oynamaq, onu daha da qorxulu etmək insanların məşğul olduğu ən qədim sənətdir.
5. Kosmik fəlsəfə, yoxsa Nuh əyyamından qalma köhnə istismarçılıq? Film bu haqda da düşündürür. Vur-tut 3 obrazı olan filmin içindəki dialoqlarda niyə görə yeni planetə, yeni evə səyahət haqqında söhbətlər gedir. Həmin əsnada fəlsəfi məqamlar da var, hərgah dişə dəyimli bir şey yoxdur.
6. "Androidlər elektrik qoyun arzulayırlarmı?" adlı Filip Dikin məşhur əsəri var. Elmi-fantastik əsərdə insanlardan heç də fərqlənməyən robotlar - "android"lər ovundan bəhs olunur. "Sərnişinlər"dəki android "Artur" isə əclaflıq etməyi belə bacarır. Bu məqamda çox şey aydınlanır. Android maksimal dərəcədə məntiqə və rasionallığa planlaşdırılıbsa, deməli onun əclaflıq etməsi də məntiqlidir. Başqa sözlə, bu bizim öz varlığımıza da işıq salır. Yalan, paxıllıq, əclaflıq da kifayət qədər məntiqli bir şeydir.

Maykl Şiin (Michael Sheen) başda olmaqla digər iki atyor və aktrisanın da performansı göz oxşayır. Kris Prat (Chris Pratt) və Cenifer Lorens (Jennifer Lawrence) yaxşı cütlük formalaşdırıblar. Cenifer Lorensin fiziki gözəlliyi bizə kosmik məkansızlıq və inersiyanın fonunda qadın gözəlliyini yenidən kəşf etməyə yardımçı olur. Kris Pratın səmimiliyi bizə sıravi insanın qeyri-real səfərin yarımçıq tamamlanması zamanı keçirə biləcəyi hisləri və seçəcəyi seçimləri çox yaxşı nümayiş etidir. Maykl Şiin isə möhtəşəm həmdəm, amma çox pis sirdaş oldu. Az qala yadımdan çıxmışdı. Lorens Fişbörnün (Laurence Fishburne) filmə qatqıları çox oldu. Məncə, belə futuristik filmlərdə onun yeri həmişə görünür. 

Sevgi-məhəbbət məsələləri bu dəfə bizə "kosmik Titanik" əhvalatını danışır (zarafatsız, diqqətli olsanız cütlüyün kosmik gəmi göyərtəsindəki gəzintisinin hansı ismarıcları ötürdüyünü də müvafiq analogiya quraraq başa düşəcəksiniz. Bu da fimin anaxronizminə maraqlı nümunədir.). Əslində bir daha sevginin zaman və məkan tanımadan hər yerdə ən ülvi və universal bir şey olduğunu başa düşürük. Bir qadın və bir kişi sevgi düsturunun bərabərliyini təmin edəcək tərəflərdən başqa bir şey deyil. İronikdir ki, bu ulduzlararası səyahətin yeganə iki oyaq sərnişini bir-birində həyatlarını mənalı edəcək o möhtəşəm ali dərəcəyə nail olurlar. Kosmosun havasızlığında bir-biri ilə nəfəs almaq, bax romatikada əsl inqilab budur. Başqa sözlə, bu dəfə biz daha fərqli kosmik öpüşlər, daha maraqlı drama, amma hər şeyə rəğmən yenə də Yerə yad olmayan, sadəcə kosmik kostyuma salınmış ənənəvi romantika və dramatika ilə qarşı-qarşıyayıq. Münasibətlər həmişəki kimi yalan üzərində qurulub və hər zamankı kimi yenə də üçüncü tərəflər o maqnit sahəsinə müdaxilə edib orbitləri ora-bura dartışdırırlar. Təhlükələr Cim və Avroraya kainatdakı tənhalıqlarını göstərir və onları bir-birinə möhkəm bağlarla bağlayır, onlara həyatlarının mənasını başa salır. Eləcə də, varlığımızın absurdizmini bizlərə göstərir. 












Müəyyən mərhələdən sonra elə bir an yaranır ki, hər obraz öz həqiqətlərini, öz doğrularını, sanki izləyicinin qarşısına qoyur ki, izləyici də öz daxili səsinə əsaslanıb mühakimə etsin, lakin məsələnin hiyləgər cəhəti ondan ibarətdir ki, mühakimə etmək, kiminsə xeyrinə, kiminsə də zərərinə konkret qərar vermək praktiki olaraq mümkün deyil. Elə bil kosmos öz şəraitsizliyi ilə bizə bu məsələdə də məhdudiyyətlər qoyur. Bizə ictimai-sosial həyatda zəruri olan bütün haqq-ədalət, vicdan kimi məsələlər burada qravitasiya qüvvəsinin sıfıra bərabər olması ilə havada sallanıb qalır. Ona görə də "Sərnişinlər" filmi sadəcə xüsusi vizual effektləri ilə bizə gələcək texnoloji nailiyyətlər haqqında məlumat vermir, həm də tamamilə yeni nəsil emosional münasibətlərdə, üstəlik kosmik şəraitdə doğru və yalnışlar haqqında düşünməyə dəvət edir. 

Əmin olun bu dəfə fərqli bir filmlə qarşı-qarşıya olacaqsınız. Tərəddüd etmədən izləyin. Bacardığınız qədər götürə bildiyinizi götürün ki, xəyallar aləminiz zənginləşsin, təxəyyülünüzün sizə vəd etdiklərini daha da artırasınız. İmkan daxilində filmdən sonra çoxlu düşünün, yeni üfüqlərin gözqamaşdırıcı alternativliyindən həzz alın. 

Bu yazını yazmaq üçün aşağıdakı mənbələr mənə yamanca kömək oldular:
- Matt Maytum, Passenger Review, Gamesradar.com
- James Dyer, Passenger Review, Empireonline.com
- Kate Erbland, Passenger Review, Indiewire.com































Comments

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Janrlar və mən

Kamal Abdulla - Sehrbazlar dərəsi