Riçard Teyler - Deviant davranış: Davranış iqtisadiyyatının əsasları

"Deviant davranış: Davranış iqtisadiyyatının əsasları" kitabı son dövrlər iqtisadiyyat elminə yeni həyat verən istiqamət - davranış iqtisadiyyatı haqqında möhtəşəm və innovativ yazı üslubuna malik bir kitabdır. Riçard Teyler əlindən gələni edir ki, bu akademik sahə bizin iqtisadiyyat haqqında malik olduğumuz ənənəvi ideyaları yeniləri ilə əvəz etsin, doqmaların üstündən xətt çəksin və ən əsası dünya və özümüz haqqında təsəvvürlərimiz dəyişsin. 

İqtisadiyyatın on təməl prinsipindən biri insanların rasional varlıqlar olduğu haqqındadır. Bunun özündə daşıdığı əsas ideya ondan ibarətdir ki, nə olursa olsun, nə baş verirsə baş versin, müəyyən bir məhsul və xidmətə qarşı alıcının göstərəcəyi münasibət və icra edəcəyi davranış, başqa sözlə qərar, bütün şərtlər altında eyni qalacaq. Halbuki, biz real həyatda həm özümüzdə, həm də yaxınlarımızda və dostlarımızda bunun belə olmadığını asanlıqla müşahidə edə bilirik. Daha demə insanlar gözlənilməz qərarlar verməkdən ötəri sinov gedirmişlər və bu fakt heç də nadir bir şey deyil. Ən əsası isə bu həqiqətin nəzərə alınması həm bazarların, həm bizneslərin, həm də hökümətlərin bir-biri ilə olan qarşılıqlı münasibətlərini daha effektiv səviyyəyə çatdıra bilər. Bu da öz növbəsində qıt resursların daha optimal istifadəsini realizə edər, üstəlik inkişaf yolunun üzərində olan toz-dumanı aradan qaldırar. Yaxşı səslənir, elə deyilmi? 😌

Bu məqsədlər müəllif Uber kimi bizneslərdən tutmuş, televiziya şoularının və elmi konfransların naliyyətlərini bizlərə təqdim edir. Stimullar, bazar mexanizmləri və insan davranışları, müasir psixologiyanın uğurları ilə birlikdə çox şeyin açarını özündə daşıyır. Odur ki, mövzu maraqlıdırsa, kitab da birmənalı olaraq oxucusuna qarşı əlindən gələni edəcək ki, yeni dünyanın yeni elmi uğurlarından kənar qalmayasınız. 

Son dövrlər iqtisadiyyata dair elmi ədəbiyyat mütaliəsinə xüsusi diqqət ayırıram. Bir iqtisadçı kimi malik olduğum bilik və savad dərəcəsi məni heç də qane etmir. Davranış iqtisadiyyatından isə tam məlumatsız idim. İş elə gətirdi ki, adıçəkilən istiqamət üzrə elmi-tədqiqat planı hazırlamalı oldum və həm də qərara aldım ki, bir dənə ingilis dilində bu sahənin ən öncül alimlərinin qələmindən çıxma bir kitab oxuyum. Araşdırmalarım məni Riçard Teyler ilə tanış etdi. Onun "Deviant davranış: Davranış iqtisadiyyatının əsasları"ndan aldığım təəssüratları isə heç nə ilə müqayisə edə bilmirəm. Bir xeyli gec oxuyub yekunlaşdırsam da, kitabın üslubu, əhatə etdiyi mövzular və ən əsası tamamilə praktikaya, real faktlara və həyata dayalı olması, məni heyran etdi. Bakalavr və magistratura təhsil pillələri ərzində əsasən yerli və türk müəlliflərin quru-daqqanaq dərsliklərini oxumaqdan öz ixtisas istiqamətlərimə bir qram da həvəs və istək formalaşdıra bilməmişəm. Bunun da nəticəsindir ki, kifayət qədər bilik və savad miqdarına sahib olmalı olan vaxtımda bunun tam əksi vəziyyətindən əziyyət çəkirəm. Yenə də gec deyil. Riçard Teyler kimi iqtisadçılar bizə bu yolda istənilən yaş və həyat mərhələsində kömək edəcəklər. Hərgah ki, onun elmi rəhbəri öz müsahibələrindən birində etiraf edir ki, ondan gözləntiləri yüksək deyildi, bu gün isə Riçard iqtisadiyyat allahı hesab edilir. Dünyanın hər tərəfində onun kitablarına, elmi məqalələrinə istinad verilir, elmi seminar və konfranslara dəvət olunur. Bir gün bəlkə mən də öz sözümü deyib, ən azından yerli müstəvidə adımı tanıtdıra biləcəm. 😅

İqtisadi nəzəriyyə ilə insan davranışlarını (psixologiya yönündən) birləşdirərək daha kamil metod və üsullar təklif etməyi özünə məqsəd təyin edən davranış iqtisadiyyatı, Riçard Teylerin dilində nə isə sehrli bir aləm kimi mənə göründü. "Prespektiv nəzəriyyəsi", "Rasional gözləntilər nəzəriyyəsi", "Oyunlar nəzəriyyəsi", "Ultimatum oyunu", "Cəzalandırma oyunu" kimi kifayət qədər mürəkkəb nəzəriyyələr praktiki, həyatın içindən olan prespektiv yönündən ələ alınıb. Qrafik təsvirlər bir qədər vaxt tələb etsə də, başa düşüldükləri halda olduqca zəngin tutumlu informasiya ötürməyə müvəffəq olurlar.

Adam Smit və Keynes kimi alimlər hər nə qədər insanların iqtisadi mühitlərdə, yəni əsasən bazarlarda maksimal dərəcədə rasional olduqları tezisini müdafiə etsələr də, həm də onların davranışlarında deviant izlərə rast gəlindiyini də hələ illər öncə qəbul etmişdilər. İqtisadiyyat elminin də bu günkü əsas məqsədlərindən biri ondan ibarətdir ki, həm tələb, həm də təklif tərəfinin bir-birini başa düşməyini asanlaşdırsın və resurs istifadəsinin effektivlik əmsalını maksimallaşdırsın. Bu iqtisadiyyatın ən qədim və ən çətin vəzifələrindən biridir. "Deviant davranış: Davranış iqtisadiyyatının əsasları" kitabında bu məsələ ilə zəngin başlanğıc nöqtələri və konkret gələcək prespektivlər haqqında məlumat əldə etmək mümkündür. Təbii ki, bunun üçün müəyyən iqtisadi və psixoloji biliklərin olması mühümdür.

Davranış iqtisadiyyatının ən çox xoşuma gələn xüsusiyyətlərindən birisi də o oldur ki, o psixologiya və iqtisadiyyat arasında körpü yaradaraq insanı daha yaxşı başa düşməyi özünə əsas vəzifə elan edib. Doqmalarda və klişelerdən kənara çıxmaq, məsələlərə daha insani yanaşmaq çox mühüm məsələdir. Özü də söhbət təkcə biznes sahəsindən, kommersiya aləmindən getmir. Müəllif hökümət ilə əlaqədar məsələlərə də toxunur. Hökümətin hazırladığı siyasətlər, proqramlar və layihələr uzun müddət insan davranışlarının nəzərə alınmayaraq hazırlandığını və bu səbəbdən də həmişə səmərəlilik problemi yaşadığını qeyd edir. Artıq ABŞ-da, Ağ evdə davranış iqtisadiyyatı ilə əlaqədar fəaliyyət göstərən komandalar var. Bu komandaların əsas vəzifəsi cəmiyyətin hökümətlə olan qarşılıqlı münasibətlərini daha da yaxşı səviyyəyə çatdırmaq və rifah iqtisadiyyatını davranış iqtisadiyyatının köməkliyi ilə inşa etməkdir. Gözəldir elə deyilmi? Bir sual da inkişaf etməkdə olan ölkələrə işıq salır. Bəs Azərbaycan kimi inkişaf edən, yeni müstəqillik qazanan, iqtisadiyyatında hələ çoxlu problemləri olan ölkələrə davranış iqtisadiyyatı nə vəd edə bilər? Maraqlı sualdır və araşdırılmğa dəyərlidir.

Çəkinmədən qeyd edim ki, əgər bir kəs, fərqi yoxduqr iqtisadçı, kimyaçı və ya ədəbiyyat müəllimi, bu kitabı əlinə alsa və oxusa, kitabın ən azı 75%-ni başa düşəcək (təbii ki, itqisadiyyat və biznes elmləri ilə məşğul olanlarda bu rəqəm 100%-ə yaxınlaşacaq). Bu da kitabın necə də mühüm konseptuallığını qorumaq şərti ilə sadəlik prinsip və metodları çərçivəsində yazıldığını sübut edir. Bu səbəbdən, "Deviant davranış: Davranış iqtisadiyyatının əsasları" kitabını geniş oxucu kütləsi üçün nəzərdə tutulan elmi-populyar kitab kimi dəyərləndirmək olar. Sözsüz ki, mürəkkəb nəticələr və nəzəriyyələr kitabın əsas bəzəyidir, lakin müəllif sizi beşinci mərtəbəyə qalxızmazdan öncə, birinci mərtəbəyə dəvət edir.

Xüsusilə də ölkəmizdə davranış iqtisadiyyatı ilə əlaqədar olaraq hansısa yerli dərsliyə və ya mütəxəssisə rast gəlməmişəm. Müştəri və ya alıcı davranışları ilə əlaqədar olaraq marketinq bu sahə ilə intensiv məşğul olsa da, marketinq bunu əsasən biznes elmləri çərçivəsində araşdırır, lakin davranış iqtisadiyyatı sırf iqtisad məktəbləri və nəzəriyyələri, psixologiya və digər sosial elmlər çərçivəsində təhlil edir. Baxmayaraq ki, ölkəmizdə davranış iqtisadiyyatı ilə əlaqədar kristal təmizliyi dərəcəsində açıq və aydın təsəvvür yoxdur, nəyə görəsə hamı bunu marketinq elmi, bazar araşdırmaları və satışla sintezləşdirir. Təbii ki, davranış iqtisadiyyatı da, iqtisadiyyat da bazar kimi mühüm iqtisadi konsepti əsas alır, lakin yanaşma, metod, üsul və vasitələr fərqlidir. Ortaq yönlər və kəsişmə nöqtələri də çoxdur. Fərqləri bilmək və düzgün istifadə etmək isə hər şeydən önəmlidir.

Obyektivlik baxımından kitabın bəzi çatışmayan cəhətlərini də qeyd edim:

1. Kitab ifrat dərəcədə amerikasayağıdır. İngiltərənin və eləcə də digər Avropa ölkələrinin davranış iqtisadiyyatı ilə məşğul olan alimlərinə müəllif yer verməyib. Bu məqsədli şəkildə icra edilmiş addımdır. 
2. Müəllif etika məsələlərinə yer verməyib. Başqa sözlə, "davranış iqtisadiyyatı düzgün olmayan əllərə keçərsə, nə baş verə bilər?" sualı açıq qalıb. Halbuki, bu yüksəkehtimallı bir şeydir və etika hər bir elm sahəsinin mühüm qonşusu olmalıdır. 
3. Etika problemlərindən əlavə bu sahənin sərhədləri də dolğun olaraq açıqlanmayıb. Təbii ki, bunu da başa düşmək olar, çünki davranış iqtisadiyyatına ömrünü həsr edən müəllif öz pozitiv intellektual ab-havası ilə davranış iqtisadiyyatını populyarlaşdırmaq istəyir. Belə olan halda da obyektivlik arxa plana keçir. 

Oxuyacağınız dildən asılı olmayaraq, Riçard Teylerin "Deviant davranış: Davranış iqtisadiyyatının əsasları" sizə yeni və müasir iqtisadiyyat qolu olan davranış iqtisadiyyatına möhtəşəm girişi təqdim edərək, sizdə onun haqqında dolğun və düzgün təsəvvür formalaşdıracaq. Davranış iqtisadiyyatının günümüzdə getdikcə populyarlaşması Riçard Teyler kimi iqtisadçıların ağır əməyi bahasına baş verən bir şey olub. Bir iqtisadçı alimin həyat yolu, digər iqtisadçılarla münasibətləri, qarşılaşdığı çətinliklər və dünya elminə bəxş etdiyi tövhələr haqqında oxumaq, sadəcə və sadəcə zövqvericidir. 

"Riçard Teyler - Deviant davranış: Davranış iqtisadiyyatının əsasları" kitabını yüklə (ingilis dilində)
Misbehaving behavioral economics (1) (1).pdf - 3.9 MB

Comments

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Janrlar və mən

Kamal Abdulla - Sehrbazlar dərəsi