Andrey Maksimov - Necə öz övladına qarşı düşmən olmamalı

RUS: Андрей Максимов - Как не стать врагом своему ребенку

"Necə öz övladına qarşı düşmən olmamalı" kitabının müəllifi professional pedaqoq, ünsiyyət psixologiyasına dair bir neçə kitabın müəllifi və teleaparıcı Andrey Maksimovdur. Onun fikrincə, bizim övladlarımıza qarşı bəslədiyimiz münasibətlər çox mübahisəli və çoxyünlüdür. Müəllif uşaqların tərəfindədir və qeyd edir ki, əgər nəsillər arasında problemlər yaranırsa, həmişə valideynlər günahkardır. Təhsil sisteminin və uşağı əhatələyən cəmiyyətin onun üzərində buraxdığı izlər haqqında qəti və kəskin fikir söyləyən Maksimov, valideynlərə praktiki məsləhətlər verməkdə kifayət qədər comərd və səxavətlidir. Adından da bəlli olduğumu kimi, kitab həqiqətən də öz üslubu ilə övladla valideyn arasında sağlam münasibətlərin qurulmasına xidmət etmək üçün yazılıb. Bundan əlavə, maraqlı bədii pritçalar və fəlsəfi fraqmentlər kitabın hər yeni fəslini maraqlı edən və onu analoji kitablardan müsbət mənada fərqləndirən tərkib elementlərindən sayıla bilər. 


Bu yaxınlarda diqqətimi çəkən "Necə öz övladına qarşı düşmən olmamalı" kitabı mənə hələ mütaliədən öncə çox şey haqqında düşünməyə vadar etdi. Məsələn, hal-hazırda 24 yaşımın olmağına rəğmən, valideynimin mənə qarşı necə münasibət (=tərbiyə) bəsləməyini istərdim? Valdeynim doğurdanmı tərbiyə baxımından səhvlərə yol verib? Valideynlər övladlarına qarşı obyektivdirlərmi, yoxsa eqoistik davranışlarını əsas alıb qərar verirlər? Suallar çox, empatiya imkanı hələ ki az, real nəticələr isə heç də ürəyimizcə deyil. Ona görə də düşündüm ki, belə bir kitab ailə münasibətləri baxımından bəzi şeyləri aydınlaşdırmağım üçün faydalı ola bilər. Sonunda da kifayət qədər razı qalsam da, bir qədər təkrarçılıq və bilinən şeylərdən bəhsolunma tendensiyası məni yordu və kitabı çox yüksək qiymətləndirməkdən çəkindirdi. Hər bir halda isə kitab gənc valideynlərə, valideyn olmağa hazırlaşanlara və yeniyetmələrə olduqca faydalı ola bilər. Şəxsiyyəti artıq formalaşmış, yetkin insanlar isə sadəcə dünyagörüşü məqsədi ilə kitabı oxumaqları məsləhətdir.

Fikir verirsinizsə, bəzən insanlar valideyn ola bilmir. Övladları dünyaya gələn kimi qorxularından nə edəcəklərini bilmədiklərinə görə, öz uşaqlarını ya küçəyə atırlar, ya da uşaq evlərinə verirlər. Elə bilirlər bununla da hər şey əla oldu, lakin bu əslində bir insan kimi onların necə də zəif, ləyaqətsiz və tərbiyəsiz olduqlarını sübut edir. Mediada belə xəbərlər çox olur. Uşağa, övlada qarşı olan münasibətlər insanın özünüdərki və mənəviyyatı ilə bilavasitə əlaqədədir. Yaxud da, bəzən valideyn olandan sonra ata və anaların uşaqlarına qarşı nümayiş etdirdikləri qəribə davranışların şahidi oluram. Məni tanıyanlar yaxşı müşahidəçi olduğumu da yaxşı bilməlidirlər. Odur ki, cəsarət edib hər 10 valideyndən sadəcə 1-inin layiqincə valideyn ola bildiyini və övladını psixoloji olaraq sağlam yetişdirməyə nail olduğunu deyə bilərəm. Andrey Maksimovun "Necə öz övladına qarşı düşmən olmamalı" kitabı da bu yöndə mənim həm müşahidələrimin, həm də gəldiyim nəticələrin təsdiqi rolunu oynadı. 

Valideynlərin yol verdikləri səhvlər həddindən artıq çox olsa da, bəzən yumuşalıram. Onların ağır həyat şərtlərindən keçib gəldiklərini, bunu elə deyil, belə etdiklərini necəsə məntiqi əsaslandırmağa cəhd edirəm, amma çox vaxt uğursuz oluram. Övlada qarşı hörmətsizlik etmək, onun insan kimi yetişməyinin qarşısında böyük sədd çəkmək deməkdir. Əgər 24-25 yaşında bir insan artıq özü qərar verməlidirsə, özü öz yolunu cizməlidirsə və buna baxmayaraq bunu edə bilmirsə, deməli nə isə düz olmayıb. Qərarsızlıq, hər şeyin sadəcə plan mərhələsində qalması və yanaşma konkretsizliyi, kökü ailə tərbiyəsinə dayanan problemlərdir. Axı niyə görə tam əksi mümkün olan halda belə insanlar yetişməlidir?

Bundan əlavə mən başa düşdüm ki, şəxsən mənə - İbrahim Niftiyevə qarşı valideynlərim tərəfindən bütün bu illər boyunca yüksək dozada hörmətsizlik və laqeydlik yanaşması inyeksiya edilib. Bunu bilirdim, sadəcə Andrey Maksimov kimi psixoloq və pedaqoqların dilindən çıxan real ölçü vahidləri ilə öz şəxsi həyatımı tutuşdurmağım kifayət etdi ki, başa düşdüklərimə tam əmin olum və şübhələrimi qovum. Düzdür, bundan sonra artıq ciddi-ciddi heç nəyi dəyişə bilmərəm, amma əgər nə vaxtsa özüm gələcəkdə valideyn olsam, belə müəlliflərin kitabından maksimum faydalanmağa çalışacam və eləcə də öz valideynlərimin səhvlərini etməkdən qaçacam. Razılaşaq ki, bu formalaşmış, özünü dərk edən və çox şeyin fərqində olan bir vətəndaşın yetişməsi deməkdir. Kitabın da dəfələrlə təkrarladığı "uşağa hörmət" və "uşağa insan kimi yanaşmaq" kimi ideyalar həddindən artıq vacibdir. Onları görməzlikdən gəlmək gələcəyin ən azından psixoloji xəstə və bir vətəndaş kimi yarım-yapalaq insanı cəmiyyətə təhvil vermək deməkdir, yoldaşlar. 

Yekunlaşdırsaq, insanın uşağına, övladına qarşı göstərdiyi münasibətlər və yanaşmalar onun öz tərbiyəsi, savadı və mədəniyyəti ilə sıx və arasıkəsilməz əlaqədədir. Bunu "Necə öz övladına qarşı düşmən olmamalı" tipli kitabı oxumadan da asanlıqla başa düşmək olur, lakin belə kitablar kömək edir ki, konkret problemlər çərçivəsində düşünək və məsələlərə elmi yanaşaq.  Cəmiyyət həyatında da, eləcə də digər həyat sferalarında da, əsas məsələ hörmətdir. Hörmət etməyi bacaran fərd sevginin də, dostluğun da, xoşbəxtliyin də sirrindən agah olacaq. Bu yolda ona səbr və səmimiyyət kömək olacaq. O cümlədən də, uşaq tərbiyəsi kimi mühüm və müqəddəs işdə sadalananlara etinasız yanaşmaq olmaz. 

Comments

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Janrlar və mən

Kamal Abdulla - Sehrbazlar dərəsi