Enn Vetemaa - Gəlmə
RUS: Энн Ветемаа - Пришелец

![]() |
Enn Vetemaa |
Şair, yazıçı, dramaturq, ssenarist, bəstəkar və tərcüməçi Enn Vetemaa 1936-cı ildə, Estoniyanın paytaxtı Tallin şəhərində, memar ailəsində dünyaya gəlib. Uşaqlıqdan şeir, musiqi və radiotexnika ilə maraqlanıb. İxtisasca mühəndis-kimyaçı olan Vetemaa, 1959-60-cı illərdə Tallin Kağız Fabrikində çalışıb. Estoniya SSRİ yazıçılar birliyi və bəzi nəşriyyatlarda çalışan yazıçının, 2007-ci ildə riyqikoqa (Estoniyanın ali qanunverici orqanı) Sosial Demokratlar partiyası tərəfindən seçilmək istəyi uğursuzluqla nəticələnib. O, əsasən "kiçik romanlar" bədii istiqaməti üzrə ad qazanıb. Bu gün yazıçının 80 yaşı var.
Ümumiyyətlə estonlar haqqında çox eşitmişik. Onların Sovetlərin imperializminə qarşı şüurlu və şüursuz müqaviməti təqdirəlayiqdir, çünki nə istədiklərini bilən millətdir. Saxta və axmaq milliyətçilik yox, nə istədiyini bilmək hər şeyi üstələyən həqiqətdir. Enn Vetemaa öz "Gəlmə" əsərindən istifadə edərək, həm də Rusiyanın müstəmləkəçilik siyasətini tənqid edir. Yazıçının istifadə etdiyi simvolika və maraqlı təsvirlər birbaşa düşmənin özünü göstərir. Hər şeydən əlavə isə, yazıçı həm də öz ölkəsinin hakimiyyətini tənqid edir, onun əsl mahiyyətini göstərir. Bu cümlə heç yadımdan çıxmır: bir kukla o birisi kuklanı yandırırdı. Bu cümlə çox böyük satirik qüvvəyə sahibdir. Hakimiyyətlərin əslində mahiyyətcə eyni olduqlarını, sistemlərin amalca bir-birindən fərqlənmədiyini və ən əsası tərkib hissələrin də "kukla"lardan ibarət olması gözəl ifadə olunub. Hakimiyyətin əsl mərkəzi cəmiyyət, xalq olmalı, tək-tək fiqurlar, şəxslər olmamalıdır ismarıcı kəskin itiliyi ilə sezilir. Belə əsərləri oxuyanda insan başa düşür ki, heç də hər şeyin sadə və anlaşıqlı olmadığı dünyada yaşayırıq. Yalanlar, saxtakarlıqlar, qeyri-insaniliklər sadəcə şər qüvvələrin övladları kimi gəlib başımızın üstünü kəstirib. Bədii ədəbiyyat onların varlığının qoxusunu hər şeydən yaxşı iyləyir və onun üstünə atılır.

Enn Vetemmanın yaradıcıllıq üslubunu çox bəyəndim. Qısa, konkret və ismarcıyüklü kiçikhəcmli əsərlər oxucunu embrion düşüncələrə deyil, qlobal xarakterli, yetişmiş həqiqətlər ətrafında fikirləşməyə dəvət edir. Bədii təsvirlər və stilistika özünəməxsusdur. Bilinir ki, yazıçı öz ağrılarını insan dilinə çox uğurla tərcümə edə bilir. Yazıçının gördükləri adi insanın görə biləcəklərini qat-qat üstələməlidir. Yazıçı mahiyyəti görən, həqiqəti dərk edən birisidir. Enn Vetemaa da şübhəsiz ki, belə yazıçılardandır.
Comments
Post a Comment