Gəzinti/ The Walk

Həyat özü bəyəm nazik bir kəndirin üzərində gəzinti deyilmi? Bir səhv və cəmiyyət səni qoxuşmuş məhbəsə qapayır. Bir səhv və sən isti ocaqdan kənar düşürsən. Bir səhv və sənin adını hamı tanıyır. Sanki, cəmiyyət səni böyüdür və çox nazik bir ipin üstündə yeriməyə məcbur edir. Əslində cəmiyyət elə ipin özüdür. Sizdən tələb olunan yeganə şey balansı qorumaq və kəndirlə yola getməkdir. Bu metafora kənardan hər nə qədər mübaliğəli görünsə də mahiyyətin ideyasını çox yaxşı çatdırır.
Filmdə xüsusilə xoşuma gələn məqam kəndirbazlar haqqında bir fakta əsaslanan və "Papa Rudi" adlı obraz tərəfindən Filippeyə deyilən nəsihət oldu: O adamlar tez-tez yıxılarlar ki, demək olar ki, təiynat nöqtəsinə çatmış sayılsınlar. Onlar düşünürlər ki, yolu tamamlayıblar, amma əslində hələ də kəndirin üstündədirlər. Əgər üç addm qalmış özünü məqsədinə çatmış kimi hiss etsən, sən tələf olacaqsan. Bu pulsuz məsləhət idi.
Həyatı yaşamaqla filmdə təsvir olunan kəndirbazlıq arasında analogiya quranda çox maraqlı nəticələrə gəldim:
- Kəndirbazlıqda psixologiya çox vacibdir. Diqqəti itirsən, balansı da itirəcəksən;
- Arzulamağı bacar ki, məqsədlərinlə dünyaya səs sala biləsən;
- Düzgün insanlarla işlə ki, yalnız irəli gedəsən, geri yox;
- Qorxuları kəndirdən aşağıda saxla, yuxarıda sadəcə özün ol;
- Yalnız arzular sənin özünü özünə tanıtdırar, şübhələr isə səni başqalarına tanıtdıracaq;
- Qeyri-müəyyənlik bizim seçimlərimizə qədərki mərhələdə olan anlayışdır. Qəti olmaq kifayət edər ki, bütün buludlar yoxa çıxsın və əvəzinə sadəcə sənin üçün nəzərdə tutulmuş gözəl mənzərə peydə olsun.
Bütün bu nəticələrə şəxsən siz özünüz də filmin gözəl assistentliyi ilə əldə edə bilərsiniz. Ümumiyyətlə, yaxşı filmin və ya romanın ən əsas xüsusiyyəti ondan ibarətdir ki, o öz süjeti ilə izləyicilərdə də obrazların hiss və həyəcanlarını alışdıra bilir. Əgər bunu bacarmırsa, heç bir psixoloji körpü qurulmursa, izləyici sadəcə izləyici statusunda qalır ki, bu da ancaq insanın rasionallığına müraciət edən, xronometrajın irəliləməsi ilə də onun mental enerjisini azaldan bir şey olur. Razılaşaq ki, bu kifayət qədər pis təcrübə sayıla bilər. "Gəzinti"də isə izləyici bir an belə olsun dinamikadan kənarda qalmır. Buna sadəcə süjet icazə vermir. Bir maraqlı epizod digəri ilə əvəzlənir, konkretlik abstraktizmlə, rasionallıq isə xırda məişət absurdluqları ilə əlaqələndirilir. Adətən hər yerdə əsas obraz nə isə istəyir. Təbiidir ki, müəlliflər onun qarşısına çoxlu maneələr düzəcəklər, lakin məsələnin "üzüm"ü ondan ibarətdir ki, obraz sadəcə istədiyini istəməsin, həm də onun istədiyini biz də arzulayaq. Bax Filippe Petit obrazı Cozef Qordon Levittin (Joseph Gordon-Levitt) ifasında buna nail olmağı bacarır.

Nəticə: Özünü müasir insan hesab edən film həvəskarları, məncə filmi izləsələr peşman olmazlar. Ən əsası darıxdırıcılıq, sönüklük və ya digər mənfi izləyici təcrübəsi yaradacaq məqamlar filmə yaddır. Arzularımızın şəxsiyyətimizi, kimliyimizi necə formalaşdırdığını, ətrafımızdakı insanların necə arzularımıza isindiyini, iradənin hər şeyə qalib gəldiyini, təslim olmamağın həyatda əsas şərt olduğunu və maddi və mənəvi dəstəyin vacibliyi çox gözəl əks olunub.
Comments
Post a Comment