Tural Şahtaxtinski - On beş insan

Bu dəfə şəxsi tanışlığım olan, potensialına inandığım gənc yazar Tural Şahtaxtinskinin "On beş insan" adlı hekayələr toplusu haqqında fikirlərimi yazmağa çalışdım. Müəllifin kitabda toplanan hekayələri müxtəlif ictimai-sosial problemləri əks etdirən müasir üslublu ailə-məişət zəmnində olan bədii əsərlərdən ibarətdir. Buna baxmayaraq, təbii ki, gənc yazarlarda görmək istədiklərimin bir çoxuna rast gəlməkdə hələ də gözləmə mövqeyindəyəm. İndiki halda "On beş insan" bizə ölkəmizin gənc yazarlar cəmiyyətinin hazırki vəziyyətindən və gələcək prespektivindən kifayət qədər məlumat verir. Tanış olduğum digər kitablar kimi, bu dəfə də çatışmazlıqlar qənaətbəxşliyi üstələdi.

İş qısa hekayələr toplusu haqqında söz deməyə gəlib çıxanda həmişə çətinlik çəkirəm. Bilmirəm hekayələri qruplaşdırım tənqid edim, hərəsinə ayrı-ayrı fikir bildirim, yoxsa hamısında rast gəlinən yazarın ümumi dəst-xəttinə şərh verim. Hər bir halda ayrı-ayrı hekayələrin hamısına fikir bildirmək bir qədər əziyyətli olsa da, mənaca bir-birindən seçilmələri və motiv fərqlilikləri məni hər dəfə belə toplularla iş zamanı onları ayrı-ayrı qiymətləndirməyə vadar edir. Xülaseyi-kəlam, bu dəfə də Tural Şahtaxtinskinin "On beş insan" hekayələr toplusuna Xan Abdullanın "Məsihin qanı" və Əli Novruzovun "7 hekayə"si kimi fraqmentasiyalı tənqidimi yazmaq qərarına gəldim. Kitabda olan hər bir hekayənin başlığı göstərilməklə aşağıdakı təəssüratlarımı və yaşadığım təcrübəni verbal dilə tərcümə etdim.

Gecəyarısı oğurluq - Bu hekayə kitabın ilk hekayəsidir və növbəti hekayələrdə görəcəyimiz kimi vahid bir tendensiyanın, çox güman ki, yazarın dəst-xəttini formalaşdıran "kobud kəsilmiş materiya" təəssüratını bağışlayır. Başqa sözlə, bu hekayə başda olmaqla, digər hekayələrdə biz obrazlar, hadisələr, məkanlar haqqında abstrakt, qeyri-səlis və xaotik məlumatlar alırıq. "Gecəyarısı oğurluq" hekayəsi mənə görə milli maskulin əclaflıq nümunəsi olan kişilərlə, vicdanlı normal insani dəyərləri özündə daşıyan bir başqa kişinin müqayisəsini çox yaxşı təsvir edən hekayədir.

Gənc xanımın sürətlə qocalması - Bu hekayə məndə kifayət qədər narazılıqlara səbəb oldu. İdeyaların, səhnələrin arasında o qədər böyük məsafə var ki, üstəgəl süjetin məntiqsizlikdən əziyyət çəkməsi əməlli-başlı bərbad mütaliə təcrübəsi yaşadır. Lazım olan məlumatlar oxucuya ani olaraq "tullanır". Hekayənin ümumilikdə robotsayağı yazı üslubu var. Fikrimi bədii və obrazlı ifadə edəsi olsam belə edərdim: söz və cümlə plitələri bir-biri ilə birləşdirici maddə ilə əlaqələndirilməyib, səthi isə hamarlanmayıb. Məsələnin digər tərəfi isə hekayənin birbaşa özündə ehtiva etdiyi ideya ilə əlaqədardır. Hekayə mənə bayağılıq nöqtəsinin öz pikini o anda yaşatdı ki, protaqonistin psevdo allahlıq etməsi, bu zaman banal hislər hiss etməsi və sonda da hər şeyin absurd bir ideya ilə yekunlaşdırılmasını başa düşdüm. Digər hekayələrdən fərqli olaraq, bu hekayədə tutunmaq üçün müsbət bir məqam tapa bilmədim.

Dörd iyrənc yalan - Hekayəni cəmiyyətimizin problemli məsələsi olan rüşvət, vəzifəyə qarşı məsuliyyətsiz yanaşma və sosial ümidsizlik çərçivəsində müəyyən ideyanın ötürülüşü kimi başa düşmək olar. "Dörd iyrənc yalan" hekayəsi vasitəsi ilə mən yazarla müəyyən dialoq qurmağa müvəffəq oldum. Ağrılarını hiss edib onu başa düşdüm. Anladım ki, nəyi demək istəyir. Hər nə qədər söyləmək istədiyi artıq qabar bağlamış yara olsa da, razıyam ki, qaşıyıb ordan qan çıxarmağa dəyər. Cari hekayə məni bir qədər qane etdi. Bir qədər də dialoqlara daha artıq yer verilsə idi, interaktivliklə daha artıq bədii canlılığa nail olmaq mümkün olardı.

Fahişənin kitabı - Turalın hekayələrində qlobal problem ondan ibarətdir ki, səhnələr arasında "sürüşkən" keçidlər azdır və hər şey çox tez baş verir. Bu hekayədən çox az şey başa düşdüm.

O adamlar - Bu hekayə müəyyən sosial problemləri işıqlandırmağa çalışır, lakin deməzdim ki, uğurludur. Oxucuya heç bir xüsusi şey təklif edilmir. "Axı bütün bunların mənası nədir?", "Məqsəd nədir?" kimi suallar məni bir xeyli yordu.

Məni bağışla - Hekayə zaman baxımından qeyri-müəyyən ərazi və onun əsasında formalaşan qeyri-müəyyən zamana olan ani baxışı təsvir edir. Heç bir xüsusi süjet spesifikasiyasına rast gəlmədim. Təsvir olunan həyat hekayəsi bir fərdin uşaqlıq dövrü ərzində aldığı psixoloji travmalar əsasında dəyişmiş özünüdərki və şəxsiyyətini ifadə edir. Bir növ müəllif cinsi zorakılıq, istismar və ya əlaqədar digər mövzulara epik nəzər salmaq istəyib. Müəyyən fəlsəfi və bədii hissəciklərə rast gəlsək də, hekayə qeyri-adi, ortalamadan yüksək və ya yaxşı bədii təcrübə yaşatmaqda vasitəçilik edə bilmir. Buna baxmayaraq, qeyd olunanlara cəhd baxımından hekayəni uğurlu hesab etmək olar.

Ölüm - Süjetsizlik və fraqmentləşmişlik hekayələrin əsas problemidir. Bu hekayədə daha da yaxşı başa düşdüm ki, yazar zor gücünə müxtəlif müstəqil ideyaları bir-birinə bağlamağa çalışıb. 

Bağça, Orxan üçün son gecə, Nina, Qorxunc sual adlı hekayələr isə qalsın başqa vaxta.

Tural Şahtaxtinskini digər oxuduğum müasir yazarlarla müqayisəsini əks etdirən qrafiki də diqqətinizə çatdırıram. Əlbəttə ki, qrafik təsvir mənim şəxsi təəssüratlarıma əsaslanır və heç bir ciddi hesablama metodologiyasını əks etdirmir, amma şəxsi müqayisəli mövqeyimi əks etdirmək üçün yaxşı vasitədir. 

Ümumiyyətlə bədii ədəbiyyata qarşı tələbkaram. Fərqi yoxdur ki, kim yazsın. "Qumarbaz" Dostoyevskinin qələmindən çıxıb deyə onu bəyənməli deyildim. Bədii parçanı dəyərləndirəndə həmin an əlində nə varsa və beynində nə yaranırsa ona da əsaslanmalısan. "On beş insan" tipik Azərbaycan müasir yazarlarının buraxdığı səhvləri təkrarlayır. Nədənsə, gənclər arasında sırf onlara maraqlı olacaq, xaosun ortasını və abstraktizmi əks etdirən şeylər yazmağa yaman həvəs var. Düzgün başlanğıc, kuliminisiya və sonluq çox mühümdür, lakin adı çəkilən konseptlər qırmızı kitaba daxil edilib. Ümumilikdə Turalın prespektivi var. Ciddi məktəb keçsə və ən əsası müasir yaradıcı yazıçılıq prinsiplərindən agah olsa, süjet və dolğun obrazyaratma texnikalarına yiyələnsə, gələcək illər ərzində ölkənin kifayət qədər bacarıqlı yazarları sırasına qoşula bilər. Bu məqamda Eqzüperidən sitat gətirmək istərdim: Mükəmməlliyə əlavə bir şeyin artırılmasının mümkün olmadığı anda deyil, nəyinsə götürülməsi mümkün olmadığı anda nail olmaq olar. 

Kitabı hədiyyə etdiyinə görə müəllifə təşəkkürümü bildirirəm və gələcək işlərində uğurlar arzulayıram. 

Comments

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Janrlar və mən

Kamal Abdulla - Sehrbazlar dərəsi