İvan Rak - Qədim Misirin əfsanə, mif və nağılları

RUS: Иван Рак - В царстве пламенного Ра. Легенды, мифы и сказки Древнего Египта 

"Qədim Misirin əfsanə, mif və nağılları" kitabı müəllif tərəfindən Misirin günümüzə qədər gəlib çıxmış mədəni irsinin toplanıb sistemləşdirilməsindən və bədii formaya salınmasından ibarət möhtəşəm topludur. Kitab vasitəsi ilə qədim sivilizasiyaların səsini bir daha eşitmək və yaratdıqları al-əlvan mənəvi aləmi bir daha görmək şansı əldə edirik.

İvan Rakın Misir mifologiyasına öz bədii şərhlərini əlavə edərək oxuculara təqdim etməsi, bizlərə də öz növbəsində fərqli üslubda yazılmış kitabla tanış olmaq imkanını təqdim edir. Bu məqam xüsusi olaraq vurğulanmalıdır, çünki müasir insanlar üçün qədim dövrlərin əfsanə, mif və ya nağıl olmasından asılı olmayaraq istənilən mətnləri və materialları anlamaq bacarıqları məhduddur. Qədim sivilizasiyaların özlərinə, yaşadıqları coğrafi məkana və göy cisimlərinə olan yanaşmaları çox fərqli olub. Onlar necə düşünüblər, bunun haqqında necə danışıblar, bax bütün bu məqamlar qədim cəmiyyətlərin mif, əfsanə və nağıllarında öz əksini tapır. Aradan keçən min illər bir-birimizi başa düşmək üçün süni maneələr yaratsa da, müasir insanlar və inkişaf edən elmimiz bizə bu məsələdə də yaxından yardım edir. Bir növ "Qədim Misirin əfsanə, mif və nağılları" kitabı da buna nümunədir. Müəllif addımbaşı orijinallara istinad edərək fironlar, qədim Misir allahları, heyvanlar, həyat və ölüm haqqında səhnələri dolğun və ideal əlaqələndirilmiş formadan təqdim edir. Oxuyarkən, sanki yaxşı yazılmış roman və ya bədii əsər oxuyursanmış kimi təəssüratlardan qaçmaq mümkün deyil. 


Misirin bəşəriyyətin beşiyi olduğunu deməyə lüzum görmürəm. Bu baxımdan bu kitabın və ümumən qədim Misir mifologiyasının metaforalarla zənginliyini, informasiya tutumluluğunu və milli, mədəni irsini necə özündə ehtiva etdiyini başa düşmək üçün bircə işarə yetərlidir. İntellektual insanlar adətən bunları yaxşı bilib, qədim sivilizasiyaların əfsanə və mifologiyalarına girişirlər. Təsadüfi deyil ki, Ziqmund Freyd Edip kompleksini yunan mifologiyasından götürüb. Müvafiq analogiyanın anlayan kimi hissələr də öz növbəsində birləşir və bütün mənzərə ortaya çıxır. Odur ki, əhəmiyyət və zərurət baxımından əlavə şərhə ehtiyac yoxdur.


Comments

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Janrlar və mən

Kamal Abdulla - Sehrbazlar dərəsi