Aleksandr Belyayev - Dünyanın hökmdarı

Александр Беляев - Властелин мира

Gənc alim Ştirner canlıların beynini və düşüncənin uzağa ötürülməsini araşdırır. Elmi araşdırmaları ilə əlaqədar Ştirner nəhəng bankir Karl Qotlibə müraciət edir. Onun təcrübələri Qotlibin üzərində böyük təəssüratlar yaradır və zaman keçdikcə canlıların üzərindəki çoxsayılı təcrübələr nəticəsini verir. Zamanla Ştirner sadəcə sadə katib olmaqdan daha artığını tələb etməyə başlayır və Karl Qotlibə qarşı münasibətləri dəyişir. Onda çox qorxulu məqsədlər yaranır - dünyanın hakimi olmaq, sevgini və hər kəsi idarə etmək, dünyaya öz qanunlarını diktə etmək. Hakimiyyət isə mütləq şəkildə onu əldə edənlərin şəxsiyyətini dəyişdirir. 

Əsər yazıçının ön sözü ilə ilk dəfə 1926-cı ildə "Qudok" (Гудок) qəzetində çap olunmuşdur. 1929-cu ildə isə "Qırmızı qəzet" (Красный газета) nəşriyyatında isə əsərin ilk kitab foması işıq üzü görür. Daha sonra əsər dəfələrlə yenidən nəşr olunur. Maraqlı bir məqam var ki, əsərin kitab variantı ilə qəzet variantı arasında ciddi fərqlər olmuşdur. Belə ki, qəzetdə çap olunanda bütün dünyada Ümumdünya Sovet Sosialist Respublikalarının qurulmasından bəhs olunsa da, kitab variantında buna rast gəlmək olmur. 

Alim Ştirner düşüncələrin müəyyən məsafəyə ötürülmə mexanizmini kəşf edərək, sözün həqiqi mənasında, dünyanın
hökmdarına çevrilir, lakin pul və hakimiyyət həmişə insan varlığının həqiqi notivlərini bütün çılpaqlığı ilə ortaya qoyan sınaq olmuşlar. İnsanlar da öz növbəsində adətən bu sınaqdan nadir hallarda üzüağ çıxa bilmişlər. 

Yazıçı bu əsəri ilə olduqca bol miqdarda informasiya ötürür. Belə ki, insanları və digər canlıları sadəcə düşüncə gücü ilə idarə etməyin necə də təhlükəli olduğu izah edilir - sevginin, heyvanların, dövlət orqanlarının, bir sözlə, bütün canlıların və müəssisələrin davranışlarını və hisslərini idarə etmək. Bu çox təhlükəli bir kəşfdir və hansı fəsadlara səbəb olacağı çox yaxşı tərzdə romanda təsvir olunub. 

Belyayevin özünəməxsus patriotizmi var. O, bütün əsərlərində əsərlərin təqdim etdiyi imkanlar çərçivəsində sosialistik cəmiyyətdə yaşayan insanın fikirləri və davranışları ilə kapitalistik cəmiyyətin fərdinin düşüncələri və davranışları arasındakı fərqləri göstərməyə çalışıb. Buna yumşaq kommunizm təbliğatı adını da vermək olar. Ştirner individual hökmdarlıq fəlsəfəsinə əsaslanaraq ilk öncə alman cəmiyyətini, daha sonra Avropanı fəth etməyə çalışırdı. SSRİ-də, Moskva şəhərində yaşayan sovet alimi Kaçinski isə ümumi cəmiyyətin mənafelərini düşünən, idealları olan və daxilində müəyyən etik kodeksə sahib olan inkişaf etmiş personajdır. Nəticədə Marks fəlsəfəsinə uyğun olaraq kapitalizm öz-özünü ifşa edir. Sosializm qələbə çalır və kommunizm yolunda inamla işlər davam edir. Bütün bu qarşılıqlı müqayisələrin və təsirlərin nəticəsində isə, insanın hakimiyyətdən şəxsi məqsədləri üçün istifadəsinin necə də ən böyük əxlaqsızlıq olduğunu başa düşürsən. 

İnsan şəxsiyyəti əslində reflekslər məcmusudur. Sadiqlik, məsuliyyət, vicdan, sevgi və digər bütün hisslərin hamısı, Pavlovun itlərindəki kimi zəng səsi eşidnədə ağızlarından axan su kimi reflektiv nəticədir. Kənar təsirlər vasitəsiylə isə onu (şəxsiyyəti və ya insan şəxsiyyətini) idarə etmək mümkündür. Müasir elm bunu artıq uzun müddətdir ki, sübut edib. Çox təəccüblüdür ki, Aleksandr Belyayevin "Dünyanın hakimi" əsərində izah etdiyi iş mexanizmi bu gün reallaşıb. Artıq böyük bizneslər və xüsusi layihələr insanların iradələrinə təsir göstərərək, onları müəyyən maraqlara xidmət etməyə vadar edə bilirlər. Bəlkə də nə vaxtsa Belyayevin əsəri saf fantastika formatında idi. Bu gün isə insanlar real olaraq hansısa biznes və ya qurumların təsirlərinə real texnologiyaların köməkliyi ilə məruz qalırlar. Stiven Kinqin "Mobil telefon" əsərində təsvir olunan hadisələr də olduqca oxşardır. Bu insanlar cəmiyyətlərin məruz qalacaqları təhlükəni yaxşı başa düşüblər. Aleksandr Belyayev isə müasir yazıçılardan fərqli olaraq əsl peyğəmbərliyə imza atıb. Ötən əsrin 20-ci illərində belə unikal fəlsəfi nəticəli əsər yazmaq möhtəşəm bir şeydir. 

Bizimlə olan münasibətlərə baxanda bir çox nəticə çıxarmaq olur. İlk öncə bizə "kimlərsə" sosialistik və kommunistik cəmiyyətin mümkünsüz olduğunu və şərin əməli olduğunu aşıladılar. Bizə dedilər ki, siz artıq "individ" adlanırsız, başqa sözlə, fərd. Yəni hərə özünə. Digərlərini düşünməyin. Yalnız öz maraqlarınızı təmin edin və nə olursa olsun eqoistik prinsiplərdən əl çəkməyin. Bu məqsəd doğrultusunda milyonlar xərcləndi. İndi isə bizim fərdiliyimizi də əlimizdən almaq istəyirlər. Bunun üçün sırf texnologiya və elmin nəaliyyətlərini bizim bioloji varlığımızın strukturuna təsir göstrəməklə buna nail olmaq istəyirlər. Bu böyük faciədir və dəhşətli nəticələri olacaq. Təsəvvür edin ki, "Dünyanın hakimi" əsərində olduğu kimi siz müəyyən davranışları icra edirsiniz, amma başqa birisinin iradəsinə tabe olaraq. Müasir dövrdə bunu ustalıqla fərdin azadlığı və seçimlər ilə ört-basdır edirlər. Dünyanın hansısa guşəsində, hansısa alim, hansısa gizli laboratoriyada real təcrübələr apararaq insanların iradəsini, onların ən əsas silahını, ən əsas varlıq mənalarını əlindən almaq üçün çalışır. O, bəlkə də bunu pis niyyətlə etmir. Səmimi qəlbdən inandığı elmi inkişaf etdirmək istəkləri onu yeni atarışlara sövq edir. Onun savadı bu elmi nəaliyyətləri qaçılmaz edir, amma yenə də bu nailiyyətlər pis əllərə keçəçək və dağıdıcı təsir göstərəcək. 

Belyayevin bir alimə, elm adamına olan münasibəti də romanda aşkardır. Belyayaeva görə istənilən elm adamının daxilində heç bir zaman mütləq şər ola bilməz. Başqa sözlə, əsərin baş qəhrəmanı Ştirner, əslində mənfi obraz, ya da iblisin materiallaşmış forması deyil. O, da insandır və sadəcə müəyyən prinsipləri həyatının əsas mənasına çevirdi və ona qurban oldu. O, müəyyən sınaqlardan sadəcə keçə bilmədi. 

Corc Oruell, Oldos Haksli, Yevgeniy Zamyatin və onlara bənzər digər antiutopiya müəllifləri gələcəyin dünyasında rejimlərin totalitarizmi bərqərar etmək istəklərini yazarkən bunun bu dərəcədə tez baş verəcəyini ehtimal etməmişdilər. Aleksandr Belyayev antiutopiya yazmasa da, günümüzdə işləyən mexanizmi izah etmişdir. Bu mexanizmi təsəvvürə gətirmək və onun fəsadlarını göstərmək olduqca çətindir. Ən əsası isə Belyayevin əsəri fantastikadan reallığa çevrilən ilk əsərlərdəndir. "Dünyanın hökmdarı" bizə mental terroru izah edir. Bu elə terrordur ki, sizi istənilən yerdə, istənilən zamanda cənginə keçirdib oyuncağa çevirə bilər. 

SSRİ utopik cəmiyyət kimi təsvir olunmuş və sonradan pis əllərdə olan texnologiyanın cəmiyyətin xeyri naminə necə istifadə olnuduğu göstərilir. Çünki onun üzvləri olduqca təmiz, rəhbərləri isə üzvlərindən də təmizdirlər. Əlbəttə ki, bu romanın yeganə mənfi xüsusiyyəti kimi qəbul etmək olar. Nəzər alsaq ki, romandakı hadisələrin başvermə zamanı aydınlaşdırılmayıb, romanı müəyyə qədər gələcək zamanda baş verdiyini irəli sürmək olar və SSRİ-nin çox ciddi mənəvi-ruhi nailiyyətlər əldə etdiyini qəbul etmək. Lakin bu məqam bir o qədər də vaciblik daşımır. 

Növbəti dəfə Aleksandr Belyayev insanın zəifliklərini bizə göstərdi. İnsanın iradəsi hər şeyin əsasında dayanır. Onu insandan almağın müxtəlif yolları olsa da, elm daha rahat yollar təqdim edir, lakin bu elmin pis əllərdə olduğunu göstərir. İradəyə xidmət isə elmin yaxşı əllərdə olduğunun göstəricisidir. İnsanlar nəyisə kəşf etmədən öncə özlərinin şərin, yoxsa xeyrin tərəfində olduqlarını axtarıb tapmalıdırlar. 

Comments

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Janrlar və mən

Kamal Abdulla - Sehrbazlar dərəsi