Aleksandr Belyayev - Atlantidalı sonuncu insan

Александр Беляев - Последний человек из Атлантиды

Annotasiya: Atlantida. O çox varlıdır. Güclüdür. Müqəddəsdir. Hökmdarlar qüdrətlərini nümayiş etdirən qonaqlıqlar hazırlayırlar. Qullar inqilaba hazırlaşır, kahinlər isə ulduzların niyə həmişəki yerində olmadıqlarını başa düşə bilmirlər. Qədim və güclü sivilizasiyanın aqibətini təbiət özü qərarlaşdıracaq. 

Tarixçə: Aleksandr Belyayevin ilk əsərlərindən olan "Atlantidalı sonuncu insan", 1925-ci ildə "Ümumdünya izçi" jurnalının beş və səkkizinci saylarında nəşr olunmuşdur. 1927-ci ildə yazıçı əsəri "Ölü gəmilər adası" romanı ilə birlikdə kitab formasında nəşr etdirir. Lakin bundan sonra bir xeyli müddət ərzində "Atlantidalı son insan" əsəri xatırlanmır. 1957-ci ildə ilsə isə "Bilik - gücdür" jurnalı ixtisarlı formada əsəri öz səhifələrindən yenidən işıqlandıraraq unudulmağa qoymur.

Aleksandr Belyayev məhv olmuş sivilizasiya olan Atlantida haqqında roman yazmağa fransız qəzeti olan "Fiqaro"-dakı "Parisdə Atlantidanın öyrənilməsi və tədqiqatı ilə əlaqədar cəmiyyət yaradılmışdır." elanından sonra qərar verir. İyirminci əsrin birinci rübündə bir çox işbaz-avantüristlər tərəfindən Atlantida tarixinə yaranan maraq doğrultusunda oxşar cəmiyyətlər yaradırdılar. Bu baxımdan qəzet materialı "Atlantidalı sonuncu insan" əsərinə giriş rolunu oynadı (Cənab Sollinin qeydləri). Romanın əsas hissəsinin ərsəyə gəlməsində isə Roje Devinyanın "Atlantida, itmiş materik" əsərinin böyük rolu vardır. Müəyyən mənada yazıçı itmiş materik haqqında olan elmi-analitik əsəri bədiiləşdirmişdir. 


Özünəməxsusluq: Tarix qeyri-dəqiq elm hesab olunur. Hətta bəzilərinə görə tarix elm belə deyil. Adətən cari siyasi rejimlərin diktəsi altında müxtəlif tarixi hadisə və proseslərin yenidən və yenidən yazılışı ilə məşğul olan tarix elminə insanların inamı da azalmışdır. Tarix artıq daha çox kütlənin maraqlarına xidmət edən populyar intellektual məhsul formasını alır. Son tendensiyalarla yanaşı, tarixən hər zaman məşhur olan bəzi mövzular olmuşdur ki, zaman onlara qalib gələ bilməmişdir. Belə mövzulardan birisi də, ada, yaxud da materik olduğu hələ də bilinməyən, müxtəlif cəmiyyətlərin üzərində öz qüdrətini uzun müddət qoruyub saxlamış sirli Atlantidadır. 

Başda Platon olmaqla, bir çox filosoflar bu məhv olmuş sivilizasiya haqqında fikirlər söyləmişlər. Xüsusilə qədim yunan sivilizasiyasında şifahi formada nəsildən nəsilə keçən bəzi biliklər - əfsanələr olmuşdur ki, olduqca maraqlı və sual doğurucudurlar. Aleksandr Belyayev "Atlantidalı sonuncu insan" əsəri ilə olduqca maraqlı və hər zaman qaranlıq qalmış qədim Atlantida sivilizasiyasına bədii səyahət təşkil edir. Bu sivilizasiyanın inkişaf etmiş qanunlarını, elmini, memarlığını və düşüncə tərzlərini görmək, razılaşarsınız ki, çox gözəldir. Xüsusiylə bu cümlələrdə əks olunan qullar inqilabı, Atlantidalıların inkişaf etmiş şüura malik olduqlarını göstərir: "Biz daşı daş üzərində qoymayacağıq! Daha sonra biz azad əməyin bəxş edəcəyi xoşbəxtliyin hökmran olacağı, hökmdarın, qulun olmadığı azad və xoşbəxt Atlantida yaradacağıq." Bu cümlələrlə Aleksandr Belyayaev yaratdığı romantizmə əlavə olaraq həm də Sovet Hökümətinin bünövrəsində dayanan utopik kommunistik cəmiyyətin fəlsəfi çalarlarını da qatmışdır.  

Yazıçı öz əsəri ilə göstərir ki, öz siyasi hökmdarlığını dünyanın ucsuz-bucaqsız istiqamətinə yaymağı bacaran imperiyalar təbiətin dağıdıcı qüvvəsi və qüdrəti qarşısında acizdirlər. İllərlə toplanan var-dövlətlər çox qısa müddət ərzində darmadağın ola bilər. Bunlarla yanaşı bir çox atlant gəmilər vasitəsiylə xilas olmağı bacarır və Afrika və Cənubi Amerikaya öz biliklərini və mədəniyyətlərini aparmağa müvəffəq ola biliblər. Bu materikin məhvi, yaxud da, cənnətin itirilməsi, ümumdünya təbii fəlakət bir çox miflərin, əfsanələrin və nağılların kökündədir. 

Nəticə: Yazıçının yaradıcıllığı üçün qeyri ordinar olan "Atlantidalı sonuncu insan" Atlantidanın son günlərindən bəhs edən gözəl tarixi-bədii səyahət formatlı romandır. Romantika, tarix və fəlsəfəni belə gözəl və kreasionist tərzdə birləşdirmək Aleksandr Belyayevi mənim üçün daha da möhtəşəm yazıçı statusuna qaldırdı. Onun hər bir əsəri mənim üçün xüsusidir. 

Comments

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Janrlar və mən

Kamal Abdulla - Sehrbazlar dərəsi