Ex Machina - Из машины

Ex Machina sadə süjet xətli, lakin olduqca maraqlı fəlsəfi suala - insanı insan edən nədir? - malik elmi-fantastik filmdir. Ridli Skotun "Blade runner" və Stiven Spilberqin "Aİ" əsərlərindən fərqli olaraq "Ex Machine" bizə sadəcə vizual nümunə vermir. Ümumiyyətlə artıq sadəcə xüsusi effektlərlə işləməyin dəbi deyil. Hər zaman elə bir izləyici kütləsi vardır ki, onlar sadəcə gözlərini işlədirlər. Eyni zamanda elə bir kütlə də vardır ki, onlar üçün sadəcə vizual görünüş kifayət etmir. "Ex Machine" məhz ikinci növ izləyici kütləsi üçün nəzərdə tutulmuşdur. Bir məqamı da xüsusiylə vurğulamaq lazımdır ki, filmi izləyərkən məşhur ABŞ-lı elmi-fantastika yazıçısı Ayzek Azimovu xatırlamamaq mümkün deyil. Çünki məhz Azimov robotlara şəxsiyyət qazandıraraq onların gələcəkdə insan cəmiyyətində sahiblənəcəyi statusları fəlsəfi-əxlaqi yöndən ailə-məişət üslubunda işıqlandıran ən yaxşı yazıçı olmuşdur.
Çox incə bir məqam vardır ki, bu məqam filmə özünəməxsusluq qatır. Bu məqam yaradıcı və yaradılan arasında olan münasibətlərdir. Bunun insanda hansı formalarda baş verdiyini müxtəlif fəlsəfi və bədii ədəbiyyat nümunələrindən görə bilirik. Bəs süni intellektə malik olan hər hansısa robot bu məsələdə özünü necə göstərəcək? Çox maraqlıdır ki, süni belə olsa özünüdərkin olmağı azadlıq istəyini yaradır. Özünüdərk şəxsiyyət yaradır və şəxsiyyət razı ola bilmir ki, kimsə və ya nə isə onu hər an öldürmək haqqına sahib olsun. Ava bu məsələylə əlaqədar öz fikirlərini bildirir. İzləyici də öz növbəsində mövcud olan və olmuş bütün haqq-hüquq məsələləri ilə əlaqədar düşünür. Bu baxımdan "Ex machina" əxlaqi-etik məqamlara toxunduğuna görə sadəcə elmi-fantastika janrında yaxşı qrafik effektlərlə çəkilmiş film statusundan kənara çıxır. Bu film artıq müəyyən müasir problemlərə, fəlsəfi suallara, əxlaqi-etik məqamlara cavab axtarır.

Bütün bu mövzuları güclü məqsədəuyğunluq və xüsusi sərtliklə cavablandıran "Ex machina" son dövrlərin diqqətəlayiq filmləri sırasındadır.
Comments
Post a Comment