Le Jouet - Oyuncaq - Игрушка
Oyuncaq filmi. Yəqin ki, bu o filmlərdəndir ki, proqramda və ya anonslarda görəndə yenə də baxmaq istəyirsən. Fransa öz filmləri ilə o qədər də məşhur olmasa da mən Pyer Rişardın iştirak etdiyi filmləri Hollywood filmlərindən üstün tuturam. 1976 ci ildə çəkilən amma vaxt keçdikcə dəyəri daha da artan filmlərdəndir. 19 yaşım var və demək olar ki hər yaşımda bu filmə baxmışam. Təxmini 20 dəfə deyək. Hər dəfə də müxtəlif mənalar verib mənə. Uşaq vaxtı baxarkən sadəcə əyləncə, 10 – 18 yaşlarında da müxtəlif suallar kimi. Azərbaycan TV kanallarında da məşhur filmidir. Çoxunuz yəqin ki, baxmısınız bu filmə. Çingiz Abdullayevin belə bir çox gözəl fikri var: Əgər həyatda bədbəxtlər varsa, eyni zamanda xoşbəxtlər də var. Əgər qullar varsa, quldarlar də var. Əgər zəiflər varsa güclülər də olmalıdır. Hər şeyi insanın iradəsi, onun məqsədə çatma istəyi və xarakteri müəyyənləşdirir. Xarakter isə şəxsiyyətin əsasıdır. Xaraktersiz həyatda heç bir şey əldə etmək olmaz. (Qanın üç rəngi romanı). Bu fikir bu filmdə 100 % öz əksini tapır.
Bu filmdə olan epizodlar mənə görə o qədər dərin mənalı və ibrətamizdir ki, onları mən özümdə qoruyub saxlayıram. Filmdə gözəl və uyğun musiqi müşayəti ilə belə epizodlar çoxdur. Ümumiyyətlə mən bu filmin hər bir saniyəsində məna axtarırarm. Bəzi səhnələr haqqında düşünməyi heç vaxt kəsmirəm. Tez – tez fikrimi, yanaşma tərzimi dəyişirəm. Nadir hallarda uşaqların rolları ifa etməsi xoşuma gəlir. Erik Rambalkoşe rolunu oynayan və filmdə prezident Rambalkoşenin oğlu olan, real həyatda isə adı Fabris Qreko olan uşağın (artıq yekə kişidir) rol ifası çox xoşuma gəlir. Pyer Rişard isə usta sənətkardır və tərifə ehtiyacı yoxdur.
Bir tərəfdə böyük şəhərdə yaşayan,problem burulğanında üzən, rifaha can atan adi insanlar, işçilər,digər tərəfdə isə yüksək səviyyəli həyat tərzi keçirdən və həmin adi insanların həyatları oynamaq səlahiyyətinə sahip insanlar var. Adi insanların həyatları ilə oynamaq. Maraqlı cümlədir. Kimsə mənim bu cümləmlə razılaşa da bilər razılaşmaya da. Niyə bu cümləni işlətdiyimi də sizə deyim. Əlləri nəm (tərli) olduğuna görə işdən çıxarılan insanın aqibəti bunu mənə deyir. İşdən çıxarılma və işsiz qalma təhlükəsiylə canlı insanı balaca uşağın evinə göndərmək üçün o insana təsir edən insanın narahatlığı bunu mənə deyir. Yəni adətən biz uşaq olanda oyuncaqla oynayırıq amma elə insanlarda var ki, onlar sonradan oyuncaqla oynamağa başlayır. Taleyin gərdişi – dövranına bax. İnsanın simasında acı təbəssüm yaradır. İnsanın bütün göstəriciləri onun genində yerləşir. Müasir həyatımızın da xüsusiyyətləri bu filmdə yerləşir deyə bilərik. Oyuncaq filmi müasir həyatımızın genidir.

Comments
Post a Comment