Rezonansda terror/ Terror in Resonance

Tokyo silsilə terror hadisələri ilə silkələnir. Terrorçular "Sfinks 1" və "Sfinks 2" adlı obrazlardır. Onlar sosial şəbəkəyə yerləşdirdikləri öz tapmacaları ilə tanınmağa başlayıblar. Sfinksləri izlərinə düşən Sibadzaki adlı polisdən yaxşı başa düşən yoxdur. 

Vizual baxımdan olduqca yüksəkkeyfiyyətli olan "Rezonansda terror" animesi sabit təhrikedici qüvvəsi və obrazların səthi çevrilmə prosesi ilə məndə orta dərəcəli təəssüratlar oyatdı. Animenin ən xarakterik xüsusiyyəti kimi onun qəhrəmanlara deyil, antiqəhrəmanlara malik olmasını və izləyiciyə qarşı olduqca hörmətcilliyini göstərmək olar. Bu nə deməkdir? Bu o deməkdir ki, "Rezonansda terror" qeyri-real və səfeh elementlərdən arındırılmış struktura malikdir. Hər şey kifayət qədər konkret və dəqiqdir. Real Yaponiya, tamamilə normal ictimai həyat çərçivəsində təsvir olunan Tokyo, lakin öz keçmişi ilə hesablaşmaq üçün bu ölkəni hədələyən iki nəfər, nizam-intizamın kürkünə birə salmaq üçün kifayət edir. Özü də, əgər bu iki nəfər yaxın keçmişdə çox ciddi cinayət hadisəsinə yol verib, sudan quru çıxmağa müvəffəq olmuşdularsa, vəziyyət daha da ciddiləşir.  

Biz animenin sonuna qədər bu iki əsas antiqəhrəmanın nə istədiyini, niyə belə etdiyini başa düşmürük. Onlar terrorçudurlar, amma öz məqsədlərini çox xüsusi formada və tərzdə icra edirlər. Başqa sözlə, onlar heç də adi terrorçu təəssüratı bağışlamırlar. Hər şey çox qəribədir. Buna baxmayaraq, "Rezonansda terror" animesini digər animelərlə qohum edən xarakterik xüsusiyyətlər də əskik deyil. Məsələn, bu animedə də obrazlararası kəskin kontrast mövcuddur. Rejissor bu üsuldan istifadə edərək izləyicini müəyyən gərginlik və aktivlik səviyyəsində saxlamaq istəyir. Nayn təmkinli, ələkeçməz, sirli, Tvelv, sərbəst, rahat, riskə gedən, Liza Misima isə zəif və əzgindir. Fayv kimi obraz da münaqişə və intriqa yaradır. Bir-biri ilə üzləşməyə can atmayan iki cəbhə olmasa, süjet natamam olar, elə deyilmi?. Ona görə də, "Rezonansda terror" animesində təkcə fərqli özəlliklər yox, həm də digər animelərlə kəsişən xüsusiyyətlər də kifayət qədər var. 

Məni narazı saxlayan ən əsas məsələ o oldu ki, anime normal sonlanmadı. Boşluqların lazımi dərəcədə doldurulmaması yekun qərar verməkdə çətinlik törədir. Nə qədər gözlədimsə də ki, suallarıma cavab tapım, olmadı. Özü də bəzi səhnələr absurd idi, heç bir əlavə dəyər yaratmırdı və məntiqi ardıcıllığı tamamlamırdı. Süjetin özü  belə çox aşağı meyl bucağı ilə irəliləyirdi. Ümumilikdə pis anime təcrübəsi olmasa da, son zamanlar izlədiyim və çox bəyəndiyim "Tokyolu qhul", "Parazit""Qara laqun" kimi animelərlə müqayisədə yaman sönük qaldı. 

Comments

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Janrlar və mən

Kamal Abdulla - Sehrbazlar dərəsi