Franz Kafka - Məhkəmə

ENG: Franz Kafka - The Trial 

1914-cü ildə yazılan və 1925-ci ilə, Kafkanın ölümünə qədər nəşr olunmayan "Məhkəmə", Cozef K. adlı bank məmurunun ani olaraq 30-cu yaşının tamamında heç bir səbəb olmadan həbsindən bəhs edən qəribə əsərdir. Cənab K.-nın öz təqsirsizliyini isbatlamaq üçün çıxdığı qəribə yol onu dövlət və bürokratiya aləminə qərq edir, özünün də uzun illərdir içində yaşadığı sistemin absurdluğunu təsvir etməyə başlayır. "Məhkəmə" artıq bir neçə nəsildir ki, bürokratiyanın totalitarizmini bütün çılpaqlığı ilə əks etdirən eqzistensial romandır. 

Kafkanın əsərlərini oxuyandan sonra məndə həmişə qəribə əhval-ruhiyyə yaranır. Sanki orta məsafədə olan nəyəsə baxmaq istəyirsən, amma gözlər fokus ola bilmir. Elə bil uzaqgörmə eynəyini evdə unudub küçəyə çıxmısan. Qəribədir. "Çevrilmə" tamam ayrı, "Atama məktub" isə bir başqa təəssüratlar oyatmışdı. Həmin əsərlərdən sonra mən dəhşətə gəlmişdim. Xüsusilə də, "Çevrilmə" əsərindən sonra, düşünmüşdüm ki, "Aman Allah necə ola bilər ki, yazıçı eqo, istismarçılıq və yadlaşma qurbanı yazıq bir insanın daxili dünyasını bu qədər gözəlliklə təsvir edə bilər?". "Atama məktub" və kitabda yer alan digər qısa hekayələr də məndə birmənalı emosiyalar oyatmamışdı. Hərəsi bir problemi, sosial reallığı və ictimai dissonansı əks etdirirdi. Bir sözlə, Kafka oxumaq müstəsna mütaliə təcrübəsi əldə etməkdir. Haşiyə açıb onu da qeyd edim ki, Kafkanın dəst-xətti, onun yazı üslubu və stili məni də arabir bədii-ədəbi yaradıcıllıqla məşğul olmağa həvəsləndirib. 

Yuxarıda deyilən sözlərə rəğmən, "Məhkəmə" məni müəyyən qədər darıxdırırdı. Yazıçı bürokratiyanın iyrəncliyini, onun antivətəndaş mövqeyini və qeyri-humanistiliyini həm konseptual olaraq, öz əsərinin süjeti və ideyası ilə çatdırır, həm də uzun və darıxdırıcı yazı üslubu ilə texniki yöndən oxucuya xitab edir. Bu nə isə xüsusi yanaşma olub, bədii ədəbiyyatda müəyyən mənada yeni tərz hesab edilə bilər. İnsanın sadəcə əqlinə yox, həm də onun məntiqinə, rasional yönlərinə xitab edən bədii əsər mütləq şəkildə xüsusi hesab edilməlidir. Totalitarizmin üzərinə hazırlıqlı hücum əslində məhz belə bir istedadlı hazırlıq tələb edir. 

Sistemin içində tələyə düşmüş fərdlərin hekayələri bədii ədəbiyyatda kifayət qədər populyardır. Bunun belə olmasının əsas səbəbi də ondan ibarətdir ki, yazıçılar həmişə ağrıdıqlarına görə yaradırlar. Nəyəsə etirazlarını düz üzə deməyə qorxurlar, ya da səslərini heç kim eşitmir. Yaxşı yadımdadır ki, "Çevrilmə" haqqında məlumat toplayanda yazıçının "Atamın qorxusundan bir küncdə kiçilib böcəyə çevrilirdim" fikri də qarşıma çıxmışdı. Şübhəsiz ki, "Məhkəmə" əsəri də eyni qayda ilə yazıçının hansısa real həyat təcrübəsinə əsaslanır. Ola bilsin, o, özü bilavasitə hansısa bürokratik əngəllərdən və ya məhkəmə proseslərindən əziyyət çəkib və bunu öz möhtəşəm yazıçı təxəyyülü ilə digər insanlara çatdırmaq istəyib. Motivlər haqqında konkret söz demək çətindir. Lakin bircə onu dəqiqliklə demək olur ki, Kafka çox xüsusi tərzdə individin sistemlə kəllə-kəlləyə gəlməsini təsvir edib. Bu ilk baxışda sadə və banal mövzu kimi görsənir - ən azından analoji mövzuda təcrübəsi olanlar və ya çox mütaliə edənlər üçün -, amma Kafka bizə soyuq dövlət idarələrinin, məhkəmələrinin, vəkillərinin və onları əhatə edən hər bir xırda peykin təfsilatlı mahiyyətini təqdim edir. 

Niyə görəsə "Məhkəmə" əsəri ağlıma ilk gələndə xüsusilə romanın yazı tərzi haqqında fikir söyləməyə meyl edirəm, nəinki onun özündə daşıdığı problematika haqqında şərh vermək haqqında. Bu da ondan irəli gəlir ki, mütaliə əsnasında darıxdığım yerlər çox olurdu. Ümumiyyətlə, kitabın özünü 1 aya bitirdim. Tez-tez fasilələr verirdim, paralel olaraq yeni kitablara keçid alırdım. Bunun da öz növbəsində səbəbi ikidir: birincisi, yazıçı əsəri bilərəkdən belə uzunçu və darıxdırıcı edib, ikincisi də bürokratiya və totalitarizm haqqında nə isə yazanda onu maraqlı süjetə çevirmək heç də süjetin bütün uzunluğu boyunca reallaşa bilən bir şey olmur. İstər-istəməz çox yerdə həcmartırıcı və doldurucu süni məqamlar, elementlər və hadisələr əlavə etmək məcburiyyətində qalırsan. Rəssam Titorelli ilə olan səhnə buna bariz nümunədir. Əksinə, əsəri maraqlı edən ekstremum nöqtələrini hazırlayıb süfrəyə qoymaq isə süjet ərzində az-az mümkün olur. Bu, bir növ, obyektiv reallıqdır, istəsən də dəyişdirmək olmur. Çətin bir şeydir. Məsələn, Cənab K.-nın həbsolunma haqqında qərarının ona elan edilməsi, dövlət idarəsinin dəhlizindəki haldəyişməsi və rahiblə söhbətləri belə impressiv və ekspressiv səhnələrə nümunədir. Həmin səhnələri mən və mənim kimi başqa orta statistik oxucular yaxşı yadda saxlayacaq, amma dalğalanmanın digər hissələri yoruculuqdan kənara çıxmırlar. Tropik cəngəllikdə cərəyan edən hansısa "yelbeyin" macəraların və ya eşq-məhəbbət klişesi şəxsi dramların və romantikanın süjetini elə etmək mümkündür ki, oxucu daima hansısa uçan xalçanın üstündə yellənsin və ancaq əsər bitəndə yerə ensin. Kafkanın mövzuları isə belə manipulysiya boyun əymir. Oxucu gərək səbrli olsun. Hövsələsizlik edəndə heç nə anlamaq olmur.

Belə əsərlərdən sonra insan dəyişməlidir. Vətəndaş-dövlət münasibətlərinə yeni baxışı mənimsəməli, sistemin əsl iç üzünü görməli və ondan müdafiə olunmamalı, əksinə, onun üzərinə hücum çəkməlidir. Nəyisə dəyişdirmək arzusundan gözəl ikinci bir şey yoxdur. Üstəlik, "Məhkəmə" tipli əsərlər insanlara nəyin yaxşı, nəyin pis olduğunu göstərən təkrarsız əl işidir. Onu istiqamətinə şübhə etməyinə dəyməz. Təəssüflər olsun ki, qurduğumuz süni sistemlərin qurbanına çevrilmiş vəziyyətdəyik. Bu da absurdluğu qaçılmaz edir. 

Kitabı azərbaycan dilində yüklə: keçid

Comments

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Janrlar və mən

Kamal Abdulla - Sehrbazlar dərəsi