Viktor Pelevin - P5


RUS: Виктор Пелевин - П5: прощальные песни политических пигмеев пиндостана

Tam adı "Pindostanın siyasi piqmeylərinin vida nəğmələri" kimi olan "P5", Viktor Pelevinin 2008-ci ildə nəşr olunan qısa hekayələr toplusudur. Topluya "Oxuyan kariatidlər zalı", "Xufu timsahının yemlənməsi", "Nekroment", "Fridman fəzası" və "Assasin" adlı əsərlər daxildir. Naşirlərin və mütəxəssislərin fikrincə, hekayələrin hər biri müasir reallıqlar və problemlər haqqındadır. Hər bir ədəbi nümunə, Rusiya cəmiyyətinin son illər məruz qaldığı ictimai dəyişiklikləri ideal əks etdirir. Adında yer alan "siyası" sözü isə tamamilə simvolik olub, birbaşa siyasətlə bir o qədər də əlaqələnmir. Amma bilmək olmur, bəzən bəzi yerləri ikinci dəfə təkrarən oxuyanda, eyni sözlərin və cümlələrin necə də fərqli ideyanı ötürdüyünün şahidi olursan...

Qısaca olaraq hekayələrin hər biri haqqında fikirlərim:

Oxuyan kariatidlər zalı - Bu hekayə olduqca fəlsəfidir. Oliqarxlar və yüksək vəzifəli məmurlar üçün nəzərdə tutulan məxsusi fahişələr və fahişəxana fon kimi istifadə olunaraq, postsovet dövrünün cəmiyyəti tənqid edilir. Bir-birinə diametral mövqedə əks tərəflərdə yerləşdirilmiş iki əsas bədii qütb nöqtəsi - dəvədəlləyi ilə dialoqlar və oliqarx və məmurların qadınları istehlak etməsi maraqlı çalar yaradıb. Hekayə çox orijinaldır. Əsas qəhrəman Lena, dəvədəlləklərindən hazırlanan xüsusi narkotik maddəni istehlak edərək, onların dünyasına düşür və həmin paralel aləmdə həyatın mənasını, yaşadığı absurd dünyadan qaçmağın yollarını müzakirə edir. İş orasındadır ki, hansısa kənar təsirə görə, Lenada dəvədəlləyinin dişisinə xas olan instinkt - cütləşmə sonrası erkəyin başını yemək instinkti - oyanır və hər şey təyinatından kənara çıxır...

Xufu timsahının yemlənməsi - Əsl Pelevin sayağı hekayə kimi qiymətləndirmək olar. Ortada adekvat bədii süjet və ideya yoxdur. Sonda da heç nəyi tam anlamaq olmur. Sehrbaz obrazından müəyyən tənzimləyici kimi istifadə edərək, yazıçı Fransanın köməyi ilə mümkünsüz əhvalatları qısa həcmə sığışdırıb və Rusiya reallıqlarını sürreal formaya salıb. Bircə onu başa düşdüm ki, Pelevin iç-içə olan dünyaları, reallıqla xəyal dünyasını eyni şey kimi təqdim edib. Əla süjet də bunun üçün möhtəşəm uyğunlaşdırılıb. 

Nekroment - Bu hekayəni daha çox hüquq-mühafizə sisteminin timsalında rüşvətxorluğun və oğurluğun tənqdini kimi başa düşdüm. Öz əməkdaşlarını qətlə yetirən Dövlət Yol Polisi generalı, gizlincə məşğul olduğu bu əməli ilə qurbanlarından "uzanan polis" düzəltməsi, bir növ, yazıçının oğrulanan haqların necə maddi təzahürə çevrildiyini ifadə edir. Mahiyyəti etibari ilə mövzu sərhəd tanımır. Hər bir ölkədə oğurluq və quldurluqla məşğul olan dövlət məmurları və ya güc sahibləri var. 

Fridman fəzası - Olduqca maraqlı ideyaya sahib hekayə cəzbetmə qanununa əsaslanan süjet xəttinə malikdir. Yadınızdadırsa, bir ara "The secret" olduqca populyarlaşmışdı. Hamı onun kitabını oxuyurdu, hamı onun filmini izləyirdi. Günümüzdə bu bir qədər fərqli məcra qazansa da, hələ də aktualdır. Bu qanuna əsasən, fikirlər reallaşır, ideyalar bir-birini cəzb edir. Başqa sözlə, gərək insan öz beynində yaxşı şeylər haqqında düşünsün ki, başına da yaxşı şeylər gəlsin. Viktor Pelevin də, Rusiyada varlanan miqrant oliqarxın timsalında, bir növ, bu ideyaya hekayə həsr edib. Pul vasitəsi ilə pul əldə etmək istəyən obrazımızın həyat hekayəsi sonradan elmi şərhlər vasitəsi ilə spekulyativ xarakterli elmi-fantastikaya çevrilir. Bunu nəyinsə tənqidi kimi qiymətləndirmək düzgün olmazdı. Bu məqam daha çox maraqlı və mürəkkəb manipulyasiya və təxəyyül məhsuludur. Hekayə olduqca yaddaqalıcı xarakterə sahibdir. Yenə də yazılmış cümlələrin arxasında dişini ağardan yazıçını görmək olur. O, sanki, deyir: sən canı, niyə belə şeylərə inanırsınız?

Assasin - Toplunun son hekayəsini isə, Pelevin özünü cənnətin sakinləri adlandırdıqları terrorçulara həsr edib. İslamda yer alan mövhumat və xurafatlardan tərkib elementi kimi istifadə edərək, orta əsrlərə qədərki və orta əsrlər dövrünün "Xaşxaşilər" və "Assasinlər" kimi tanıtdırdığı xüsusi tip killerlərə həsr olunan bədii süjet inşa edib. Bu hekayə də toplunun ilk hekayəsi kimi olduqca fəlsəfidir. Cənnətdəki hürilər və Allahın əbədi mükafatı kimi mövzular vasitəsi ilə, indiki dünyada yaşayan bəzi quldurların absurd dəyərləri və fikrirləri tənqid olunub. 

Comments

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Janrlar və mən

Kamal Abdulla - Sehrbazlar dərəsi