Tuesday, 25 July 2017

Dankirk/ Dunkirk

Britaniya imperiyasının və Fransanın ittifaq qüvvələri Dankirk adlı sahildə düşmən alman ordusu tərəfindən mühasirəyə alınıblar. 1940-cı ildə İkinci Dünya Müharibəsinin 26 may - 4 iyun tarixləri arasındakı ən qəddar və ümidsiz mühasirələrindən olan Dankirk mühasirəsi, tələyə düşmüş bütün bəşəriyyəti simvolizə edir...

Dankirki niyə görə və kimlər izləməli?
Ümumiyyətlə müharibə neçə-neçə filmlər və kitablar üçün zəngin mənbə rolunu oynayan bəşəri reallıqdır. Biz hər dövrdə, hər ölkədə və cəmiyyətdə bu məyusedici prosesə həsr edilmiş müxtəlif bədii və sənədli yaradıcılıq işləri ilə rastlaşırıq. Həm də nəzərə almaq lazımdır ki, müharibələrin aparıcı və icraedici əsas qüvvəsi kişilərdir. Bilmirəm niyə, məhz sonuncu yazdığım cümlə mənim fikrimdə qadınları müharibə filmlərinin əsas auditoriyasından bir qədər uzaqlaşdırır. Təbii ki, bu o demək deyil ki, qadınlar belə filmləri izləməli deyillər və ya qadınlar müharibələrin iştirakçısı olmurlar, amma gəlin əyri oturub düz danışaq ki, qadınlar qorunan və müdafiə olunan cins olduğuna görə, ən kritik anda kişilərə sığınmaq və ya daldalanmaq kimi seçimləri olur. Kişilərdə - əsgərlərdə isə belə real xilaskar yoxdur. Uzaqbaşı dindarlar üçün tanrı anlayışı, militaristlər və ideologiya sahibləri üçün də müəyyən ideyalar vəziyyəti mülayimləşdirə bilər. Lakin yenə də müharibə meydanında hər bir kişi təkdir və onun qorxmağı eyib deyil. 

Bundan əlavə, cəmiyyətdə hərbi xidmət görmüş və görməmiş vətəndaşlar çiyin-çiyinə yaşayırlar və kinoteatrlara da birlikdə gedirlər. Cəbhə xəttində düşmənlə qısa məsafədə xidmət etmək, düşmənin varlığını kilometrlərlə uzaqlardan hiss edən keçmiş əsgərlər filmdəki qorxu və dəhşət ideyasını tam və dolğun anlamaq üçün  görünməz biletə malikdirlər. Düşünmək olar ki, film izləmək üçün belə hazırlıqlı olmağa dəyərmi? Yaxud da, "Dankirk" hərbi sistem tərəfindən repetitorluq edilmiş izləyicilərə daha çox şey təqdim edə bilər? Mən bu suallara müsbət cavab verərdim. Bəli. Həqiqətən də hərbi xidmətdə olmuş, müharibə anlayışı ilə necəsə əlaqəyə sahiblənmiş və ona öz təcrübəsində rast gəlmiş insanla, təcrübəsiz insanın qazanacaqları fərqli olacaq. Yenə də bu məqamın üzərində lazım olduğundan çox dayanmaq istəməzdim, hər bir halda "filmdi də" ifadəsi bütün filmlərdə özünə yuva qura bilir. Sadəcə olaraq bu məqamları qeyd etməkdə məqsədim o oldu ki, Nolanın müharibə janrına gətirdi innovasiya haqqında məlumat vermək üçün kiçik keçid xarakterli ötürücü hissə yaradım. 

İnnovasiya
Kristofer Nolanı Kristofer Nolan edən məhz innovasiyadır. İnnovasiya isə keçmişin üzərindən xətt çəkmək, onu görməməzlikdən gəlmək, ənənələri inkar etmək və öz düşündüyünü qorxusuz olaraq icra etməkdir. Necə ki, rejissor Betmen adlı super qəhrəmanı ölülər dünyasından dartıb bizim dünyamıza gətirdi, onu diriltdi. Sizi əmin edirəm ki, Nolan məhz belə rejissordur və onun dahiliyi də bunda gizlidir. O, həmişə çoxlu fraqmentlər və sonda həmin fraqmentlərin unifikasiyasına üstünlük verir. Adətən gəlinən nəticələr heç də gözləntilərin arealı ilə üst-üstə düşmür. Müasir rasional izləyici üçün bu üslub məqbuldur, çünki müasir izləyici mental qıdıqlara qarşı açıqdır. Nolan kütlənin hansı növ vizual və süjet innovasiyalarına qarşı ac olduğunu yaxşı başa düşür. Ona görə də bu bilgidən istifadə edir. "Dankirk" də istisna deyil. 

Hər şeydən öncə bu filmdə izləyicilərin beyinlərini kirşanlayan obraz dramlarının olmaması diqqəti çəkir. Müharibəni obrazların dünyasına qədər kiçildən bir çox filmlər izləmişik, amma "Dankirk" bizə müharibənin dəhşətini bir konsepsiya kimi ötürmək istəyir, bu səbəbdən də obraz və sentimentallıqdan uzaqdır. Hər şey emosional dərketmənin üzərinə yüklənib. 

Yaxud da digər innovasiya kimi onun düşmənə qarşı olan münasibətini göstərmək olar. Əsgərlərin düşməndən deyil, ölümdən və müharibənin özündən qorxması filmə reallıqla identikləşən simmetrik hiperrealizm effekti verib. Biz filmin böyük hissəsində faşist almaniyasının silah-sursatından başqa heç bir əsgərini və ya zabitini görmürük. Biz ölümdən qorxan, nəyin bahasına olursa olsun xilas olmağa çalışan bir qrupu müşahidə edirik. Əslində bu məqam müharibə janrına yaman dissonansyaradıcı xarakter qazandırır. Adətən müharibələrə həsr olunan filmlər elə çəkilir ki, orada insanlara qələbənin dəbdəbəliliyi və ya məğlubiyyətin haqsızlığını aşılayırlar. "Dankirk"in sahib olduğu innovativlikdən də biri budur ki, qeyd olunan məqamlar yoxdur. Məsələn, "Şindlerin siyahısı"ndakı kimi baş qəhrəman, kuliminasiya nöqtəsi, ya da fəlsəfi-psixoloji nitqlərə rast gəlmək olmaz. 

Mən bütün bu yenilikləri "Dankirk"in müsbətləri siyahısı ilə eyniləşdirirəm. Məhz onlara görə filmi dəyərləndirmək üçün müəyyən kriteriya əldə edirəm. Lakin Nolanın indiyə qədər izlədiyim filmlərini bəyəndiyimə görə, bu fakt məni bu filmə qarşı mühafizəkar reaksiya verməyə məcbur edir. Bu hal sadəcə subyektiv səbəblərlə deyil, dəst-xətt və istiqamət kimi önəmli məsələlərlə əlaqələnir. Məndən soruşanda ki, bəs yaxşı, 10 ballıq şkala ilə filmə neçə verərsən? Mən də cavab olaraq 6 söyləyib, "Bu dəfə alınmadı" deyərəm.

Niyə bu dəfə alınmadı?
SokoL[off] TV öz Youtube kanalında bu film ilə əlaqədar hazırladığı şərhdə çox yaxşı ifadə istifadə edir: "Nolan indiyə qədər hər şeyi özü hazır təqdim edirdi. Sanki yeməyi özü çeynəyib izləyicinin ağzına qoyurdu." Bu tamamilə yerli-yerində deyilmiş fikirdir. Dankirk filmində mən bu boşluğu hiss etdim. Çünki rejissorun strategiyası dəyişib. Ya da tənbəllik edib və material vasitələrə güvənib. Yaxşı vizual effektlər, döyüş təyyarələri, parlaq səhnələr izləyiciyə izahedici olmasa da, gözlər üçün yeni təcrübə xarakteri daşıyır. Bütün görüntü və səs effektləri və montajı, sözün həqiqi mənasında, qəlbləri oxşayır. Di gəl ki, şəxsən mən Nolanın bu filmi ilə digərlərini müqayisə etməyə bilmirəm. Bu birinci səbəbdir ki, filmi yüksək deyil, aşağı qiymətləndirim. İkinci səbəb kimi süjetsizliyi göstərmək olar. Əslində mikrosüjetlər kifayət qədər var və onlar ümumi məcmu süjeti əmələ gətirir, amma ümumi süjet ayrıca film strukturunun elementimi kimi aşkarda deyil, bulanıqdır. Belə olan halda izləyici nə baş verdiyini başa düşmür. Bu problemi filmin atmosferinə tamamilə qərq olmaqla aradan qaldırmaq olar. Təcrübə isə bunun hamıda alınmadığını göstərir. Əks təqdirdə "Nolan öz karyerasının ən pis filmini çəkib" tipli şərhlərlə qarşılaşmazdıq. Yenə də əlavə etmək istərdim ki, Nolan Dankirkdə mühasirəyə düşmüş əsgərlərin 1 həftəsini, onları xilas etməyə gələn mülki şəxslərin 1 gününü və hərbiçilərin 1 saatını təsvir etdiyinə görə, ayır-ayrılıqda hərəsinin nə istədiyini görmək olur. Təcrübəli izləyicilər hətta bütün bu iç-içə keçmiş vaxt-zaman qatlarını vahidləşdirə də bilərlər, amma ifrat fraqmentlilik filmə qarşı birmənalı münasibət göstərməyə qarşı böyük manəedir. Üçüncü səbəb kimi, nəticəsizliyi göstərmək olar. Bu Nolan üslubuna tamamilə yad bir şeydir. Yuxarıda da qeyd etdiyim kimi, adətən Nolan elə filmlərə müəlliflik edib ki, həmin filmlərdə varılan nöqtələr hansısa unikal və gözlənilməz nəticəni ifadə edib. Burada isə söhbət sadəcə öncədən də müəyyən olan prosesə köklənib. Dördüncü səbəb kimi janrın özünü göstərmək olar. Nolan ya elmi-fantastik, ya da superqəhrəman janrı ilə daha doğmadır. Müharibə janrına girişmək və ona "Nolan paradiqması" bəxş etmək heç də yaxşı ideya olmadı. Janra bəxş olunan yeniliklər var, amma bir izləyici kimi mən onları doyunca yaşaya bilmədim. Beşinci səbəb, Kilian Mörfinin aktyor potensialından yararsızca istifadə. Kilian Mörfi kimi aktyoru kiçik qayıq göyərtəsində büzüşüb əsən bir əsgər kimi görmək mənə bu aktyorun fanatı kimi heç də xoş olmadı. Mənə görə bu məqam rejissorun bu dəfəki "qəhrəmansızlıq" sindromunun spazmatik təzahürü idi. 

Xülaseyi-kəlam, əgər Kristofer Nolan "Dankirk"dən sonrakı filmlərini də bu tərzdə və üslubda çəksə, demək bu yeni eranın, neoNolan erasının başlanğıcı olacaq. Bu da öz növbəsində, nə vaxtsa "Prestij", "Betmen triologiyası" (bu triologiyaya görə mən rejissoru Betmeni dirildən adam da adlandırıram) və "İnterstellar" kimi dahiyanə filmlər çəkərək dünyaya səs salan rejissorun diri-diri qəbrə girməsi ilə müqayisə oluna bilər. Ümid edək ki, gələcəkdə rejissorda məyusedici deyil, qanedici və uzun müddət yaddaşlardan silinməyən elmi-fantastik filmlər görə biləcəyik. 












1 comment:

  1. Maraqlı yazı alınıb. Mənim də yazım var oxuya bilərsən :)
    http://www.kinozade.com/2017/07/dunkirk-haqqinda-film-analizi-ve.html

    ReplyDelete