Robert Lyuis Stivenson - Dəfinələr adası

ENG: Robert Louis Stevenson - Treasure Island
RUS: Роберт Льюис Стивенсон - Остров сокровищ

Nəsillərdir birmənalı olaraq macəra janrı deyiləndə oxunan "Dəfinələr adası", xeyir və şərin mübarizəsinin arasında ilişib qalan Cim adlı oğlan uşağının kapitan Silverlə olan mübnasibətlərinin nəticəsində dostluq, sədaqət, cəsarət və şərəf haqqında öyrəndiklərinin, onu necə yetkinləşdirdiyindən bəhs edən möhtəşəm əsərdir. Piratların dünyası dəniz suyu kimi şordur, içdikcə içmək istəyirsən...

"Dəfinələr adası"nı mən çox erkən yaşlarımda oxumuşdum. Üzərindən uzun müddət keçib və ondan nələri xatırladığımı yadıma salmağa çalışanda məyusluqla qarşılaşdım. Qərara gəldim ki, bir daha oxuyum. Əsər yaxşı ilham mənbəyi və xəyalpərəstliyə olan möhtəşəm çağırışdır. Ən əsası, kitabın mütaliəsi əsnasında yaxşı anlayırdım ki, kinorejissorlar belə macəra əsərlərini cizgi film və ya film süjetinə uyğunlaşdıranda, çoxlu infantil elementlərdən istifadə edərək elə edirlər ki, uşaq auditoriyasına anlaşıqlı olsun. Nəticədə əsər öz ciddiliyini 50-60% itirir. "Dəfinələr adası"na həsr olunan çoxlu sayda cizgi filmi, animasiya və bədii filmlər var. Vaxtilə televizorda həm yerli, həm də xarici telekanallarda qarşıma tez-tez çıxırdı. Beynimdə ilişib qalmış təəssüratlarımla, kitabın təcrübəsini müqayisə edəndə ortaya çıxan ən əsas fərq, əsərin ədəbi ciddiliyi ilə əlaqədar oldu. Çünki süjetdəki münaqişələr, macəralar və hadisələr heç də cizgi filmlərindəki kimi infantil formada deyil. Yeri gələndə, "Dəfinələr adası" yetkin insanlar üçün çox yaxşı siyasət dərsliyi ola bilər. Oradakı mükalimələr, cərəyan edən hadisələr çoxluğu və reallıqların tarixi və təbii kökləri var. Hər bir cümlə yaxın keçmişin ictimai-mədəni dəyərləri haqqında informasiya ötürür. 

Stivensonun bir yazıçı kimi ustalığı sadəcə onda deyil ki, o, pirat həyatının romantikasını, dəfinə adasının mistikasını, qara rəngli göz örtüklərini "X"li xəzinə xəritələrini, çiyində oturan tutuquşunu bədii-estetik təsvir edib. Xeyr. O, piratların necə də qəddar və təhlükli ola biləcəyini, 14 yaşlı uşağın şəraitin tələbi ilə bir gecədə necə kişiləşdiyini möhtəşəmcəsinə yazıb. Bütün parlaq obrazlar hüdudsuz yazıçı təxəyyülünün nəticəsidir. Bir o qədər parlaq oxucu fantaziyaları ilə kəsişəndə, "Dəfinələr ada"sına olan axtarışlar da başlanğıc götürür. 

Hərbi xidmət dövründən maraqlı xatirə. 2013-cü ilin Oktyabr-Noyabr ayları...

Hərbi xidmət dövründə tez-tez müəyyən hərbi sənədlərlə işləri mənə tapşırardılar. Hərbi hissədən kənardan gələnlərin sayı da az olmazdı. Maraqlı bir xatirə var ki, o məni həmin ərəfədə harada olduğumu unutdurmuşdu. 

Deməli, hüquq-məhkəmə sistemindən gələn qonağımızın yaşı olduqca az idi, amma rütbəsi yüksək idi. Eynəkli və rus dilli birisi idi. Bilinirdi ki, intellektual və dünya görüşü olan yoldaşdır. Rəsmi işlərimizin bir hissəsini görəndən sonra, tavana yaxın yerdə asılan televizorda göstərilən filmə (ya da cizgi filmə) gözümüz sataşdı. Səssiz kadrların təqdimata ehtiyacı yox idi (televizorun səsi alınmışdı). Mən də divara söykənib yaranmış sükutdan öz mənafeyimə istifadə edirdim. Bu yoldaş da, sanki nostaljik hislər yaşadı. Mənə sual verdi ki, bəs bu film hansı əsərdəndir? Yazıçının adı dərhal yadıma düşmədi, amma "Dəfinələr adası"nı o dəqiqə dedim. Hətta rusca da təkrar etdim. Cənabın gözləri parladı. Başa düşdü ki, bəs mən də oxumağı sevən birisiyəm. Aramızda "müsbət kimya" yarandı. Ordan-burdan söhbət etdik. Ali təhsilli olduğumu qeyd etdim, planlarım haqqında məlumat verdim. Deyim ki, bu şəxs kifayət qədər məşğul və yetərli qədər də hörmət sahibi adam idi. Bilinirdi ki, iş həyatı ilə şəxsi həyatı arasında məsafəni çox düzgün formada təmin edir. Özünə inanı yüksək səviyyədə, bir qədər də ədəbaz idi. "Dəfinələr adası" haqqıdna əslində çox danışmadıq. Əsas məsələ ondan ibarət oldu ki, bu əsər bizə mülki həyatımızın, uşaqlığımızın və ya yeniyetməliyimizin maraqlı və xəyalpərəst dövrlərini xatırlatdı. Rütbəcə, vəzifəcə və eləcə də bir çox digər statusca bir-birindən fərqli iki insan, hansısa abstrakt dünyada eyniləşdi, görüşdü və müsbət emosiyaları oyatedı. Maraqlı oldu. Sonrada işimizə davam etdik. Günün sonunda da o, dövlət avtomobilinə oturub çıxıb getdi. 

Hərbi xidmət elə yerdir ki, insan orada yaman darıxır. Təbii ki, bu heç də hamıya şamil olunmur, amma ən azından öz adıma bunun belə olduğunu deyə bilərəm. Bir-birindən çox fərqli oğlan və kişilərin olduğu mühitdə həmdəm tapmaq çətin məsələ idi. Yuxarıda təsvir etdiyim qısa zaman aralığı məni uşaqlıq dövrünün macəra mütaliəsi, mülki həyatda olan maraqlarım və sistalaşmış xəyallarıma qovuşdurmuşdu. Yoldaşın çöhrəsini çoxdan unutmuşam. Bircə eynək taxdığını xatırlayıram. Həmin söhbətimiz də mənə okeanın ortasında dəfinə adası tapdığım təəssüratını bəxş etmişdi. Bax beləcə, "Dəfinələr adası" haqqında söhbət düşəndə, bu xatirə gəlib gözümün önündə dayanır. "Dəfinələr adası" mənim üçün sadəcə maraqlı bir macəra əsəri yox, həm də oksigen balonu kimi yardımına görə xatirimdə belə maraqlı formada qalıb. 

Comments

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Janrlar və mən

Kamal Abdulla - Sehrbazlar dərəsi