Ryu Murakami - 69

"69" beybi-bumerlərin ətraflarındakı dünyanı dəyişdirməklə əlaqədar qurduqları həyat haqqındadır. Halbuki, əslində dünyan onları dəyişdirməklə məşğul idi. Kitab başdan sonra qədər optimizm və qəribə enerji ilə doludur. 


"69" romanı öz təhrikedici adından fərqli olaraq tamamilə adi ailə-məişətdən bəhs edən əsərdir. Hər şeydən öncə onu qeyd etmək yerinə düşərdi ki, roman xüsusi auditoriya üçün nəzərdə tutulub. İzah edəsi olsam, kim ki Yaponiyanın 60-cı illərinin sonu, 70-ci illərinin əvvəlləri ilə maraqlanırsa, onda "69" onun üçün adı çəkilən mikromühitə nəzər salmağa yaxından kömək edəcək alət rolunu oynayacaq. Yox əgər oxucu öncədən Yaponiyanın müasir tarixi ilə maraqlanmaq fikrində deyilsə, onda romanın dağınıq süjeti ona maraqsız gələcək. 

Bəs yaxşı, niyə məhz 60-cı illərin sonu? İş orasındadır ki, həmin ərəfə Yaponiya tarixində olduqca yaddaqalan olub. Bunun belə olmasına səbəb isə tələbə hərəkatlarıdır. Ümumiyyətlə bütün dünyada müəyyən tendensiya formasına düşən tələbə-gənclər hərəkatları Yaponiyada daha qanlı və sərt olub. İkinci Dünya müharibəsinin yaraları təzə-təzə qabıqa bağlayanda, yaxınlıqda, Vyetnamda müharibə olanda, Yaponiyada hər şey kifayət qədər həssas idi. Xaricdə və ya daxildən qaynaqlanmağından asılı olmadan, gənclər ABŞ hərbi qüvvələrinin ölkədən çıxmasını tələb edirdilər. Çünk ki, artıq gün kimi aydın idi ki, ABŞ bu ölkənin suverenliyinə çox ciddi təhlükə idi və həm də beynəlxalq arenada zəif imicə və tarixi köklərə olan hörmətsizlik kimi qəbul olunurdu. Bir sözlə, həmin dövr çox keşməkeşli, olduqca emosional dövr idi. Əsərin əsas qəhrəmanı Ken Yazakinin vasitəsi ilə biz həmin gərgin dövrü görmək şansı əldə edirik. Onun üsyankar şəxsiyyəti və inqilabi davranışları ilə içində olduğu kiçik cəmiyyətlərin (ailə, orta məktəb, qızlar və s.) arasında yaranan münasibətlərin yazıçının axıcı dili ilə oxumaq, bir növ tarixi ekskursiya xarakteri daşıyır. 

"69"u digər romanlardan fərqləndirən, onu cana yaxın edən ən əsas xüsusiyyət, yazıçının yeniyetməlik ruhunu möhkəm qoruyub saxlamasında və bunu yazının dilinə ustalıqla tərcümə etməsindədir. Bundan əlavə, Rok-n-roll, Yaponiyanın qərbin pop dünyasına qərqoluşunu möhtəşəm dəqiqliklə təsvir etməsi baxımından yazıçı xüsusi təşəkkürə layiqdir. Yuxarıda da qeyd olunduğu kimi hadisələr gənclər hərəkatı ilə əlaqədardır. Onların dünyasını anlamaq isə nə yetkinlər üçün, nə də uşaqlar üçün asan məsələ deyil. Lakin Ryu Murakaminin yazı üslubu bizə elə bir imkan təqdim edir ki, biz hər bir sözün vasitəsi ilə, ötən əsrin 60-cı ilinin sonlarında baş verən gərgin ictimai hadisələri su aydınlığı ilə görə bilək. 

Süjetin mərkəzindəki Ken Yazaki bir obraz kimi çox diqqətəlayiqdir. O, məktəbdə barikadalar qurub öz əlaltıları ilə səsini hökümətə çatdırmaq istəyirdi. Kenin ətrafı özünə radikal deyir. Anarxizm tərəfdarı və dünyanı dəyişdirmək alovu ilə alışıb-yanır. Bir sözlə, tipik yeniyetmə təfəkkürü. Tipik şəxsiyyətin formalaşması mərhələsi. Belə götürəndə, insanlarda baş verən bu proseslər cəmiyyətdən asılı olmadan, öz-özünə də baş verir. Halbuki, Kenin timsalında biz ölkənin ictimai-siyasi reallıqları ilə individual mənlik axtarışının kəsişməsini müşahidə edirik. Belə olan halda haqlı və haqsız tərəfi tapmaq, konkret verdiktə sahiblənmək çətin olur. Ona görə də bizə yaxşı prespektiv gərəklidir. Bu prespektivi "69" adlı roman bizə adi insanları həyatını təsvir etməsi ilə təqdim edir. Sıravi bir yeniyetmənin daxili dünyası, xarici aləmlə qarşılıqlı münasibətləri, ailəsi və dostları ilə ünsiyyəti bizə mənzərəni mezo səviyyədə görməyə imkan verir. Bu axıcı romanın ən əsas xüsusiyyəti, maraqlı nəticələrin isə ən mühüm şərtidir. 

Tərifəlayiq məqamlara rəğmən əsərin çatışmazlıqları da var. Çatışmazlıqlar əsasən süjetlə əlaqədardır. Süjetdəki dağınıqlığı heç bir halda bağışlaya bilmirəm. Düzdür, romanın məcmu axıcılığı yüksəkdir. Bütün elementlər, obrazlar və hadisələr əla inşa edilib, lakin arzuolunan səviyyədə cilalanmayıb. Sanki yazıçı romanın müxtəlif hissələrini müxtəlif dövrlərdə yazıb, bir süjet kapiliyarından digərinə effektiv keçid edə bilməyib. Məsələn, Ken gah film çəkirdi, gah barikada qururdu, gah sevgili axtarırdı, gah da həbs olunurdu. Təbii ki, bunların hamısı müəyyən ardıcıllıqla oxucuya təqdim olunur, amma mütaliə əsnasında görürdün ki, ani olaraq hansısa səhnə kəskin olaraq yoxa çıxdı və əvəzinə dəxlisiz bir başqa epizod peyda oldu. Hər nə qədər bu məqam kifayət qədər subyektiv xarakter daşısa da, məncə, təcrübəli oxucu başa düşər ki, süjetdə lazımsız şaxələnmə yüksəkdir. 

Ötən əsrin ikinci yarısından etibarən dünya ədəbiyyatı yeni məcra ilə axmaq şansı əldə etdi. Artıq klassik holistik yanaşma yox, individual metodologizm dəbə mindi. "69" kimi roman da bir növ, buna nümunədir. Yaponiya ilə maraqlanan hər bir kəs kitabı könül rahatlığı ilə oxuya bilər. 

P.S. Ryu Murakamidən "Mavinin bütün çalarları" adlı əsəri 2014-cü ildə oxumuşdum. Əsər haqqında yadımda qalanlar çox azdır. Əsasən pornoqrafik elementlər, mazoxizm və oxşar digər elementlər yadımdadır. 

Comments

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Janrlar və mən

Kamal Abdulla - Sehrbazlar dərəsi