Cessika Heqi - Necə maraqlı olmaq olar? 10 sadə addım

ENG: Jessica Hagy - How to Be Interesting: An Instruction Manual
RUS: Джессика Хэги - Как быть интересным: 10 простых шагов

Belə tip kitabların oxcunun həmin andakı əhval-ruhiyyəsi ilə səsləşməyi çox vacib amildir. Məsələn, mən "Necə maraqlı olmaq olar? 10 sadə addım" kitabını 5 ballıq şkala üzrə 3 ilə qiymətləndirdim. Deməzdim ki, bu qiymət çox aşağıdır. Kitabdan normal təəssürat aldığımı və onu adekvat hesab etdiyimi bildirir. Məsələn, absurda düşdüyüm və ya pessimizm püskürdüyüm ərəfədə kitabı oxusa idim, kitab haqqında heç kimdən çəkinmədən ağzıma gələni deyərdim. Lakin bu dəfə neytral əhvalda gerçəkləşən mütaliə mənə imkan verdi ki, müəllifin maraqlı ideyaları ilə tanış olum və razılaşdığım fikirlərini yadda saxlayım. Bu baxımdan kitab mənim üçün faydalı qiraət oldu.

Xanım Heqi özü elə belə adam deyil. Forbesdə həftəlik "Necə maraqlı olmalı" başlığı ilə müxtəlif bloqerlik fəaliyyətləri ilə məşğul olurdu. Paylaşımları olduqca böyük maraqla qarşılanır və dərhal da da sosial mediada meşə yanğını kimi yayılırdı. Bu kitabı ilə də, bir növ, öz ideyalarını daha da dərindən araşdırıb və universal formaya salaraq geniş oxucu kütləsi ilə paylaşıb. Kitabın mahiyyəti kifayət qədər sadədir: insanlara elə məsləhətlər verməyə çalışır ki, müxtəlif insanlar yad kəslərlə daha tez qaynayıb-qarışsınlar, onlara təsir etsinlər və öz unikallıqlarının fərqinə varsınlar. Təbii ki, narazılıqlarım da var. 

Narazılıqlarım əsas onun klişe hissələri ilə əlaqədardır. Yəni "Real həyatın içində olun", "Maraqlı insanlarla tanış olun", "Sadə olun" və ya "Titullar haqqında unudun" tipli cümlə-məsləhətlər Marsdan gələn yadplanetlilərin insan cəmiyyətinə uyğunşalması və sosiallaşmağı üçün dəyərli yöngöstərici fikirlər ola bilər, amma ali təhsil, hərbi xidmət, iş həyatı və səyahətlər görmüş bir gənc üçün bunlar söz yığınıdır. Müasir insan üçün belə yazıların əhəmiyyəti yoxdur. Başa düşmək olar ki, janrın, yəni şəxsi inkişaf kitablarının əsas xüsusiyyəti odur ki, o insanlara qısa, hazır və konkret məsləhətlər bildirsin. Çünki insanlar hər şeyi "bişmiş" əldə etmək istəyirlər. Şəxsi inkişaf kitabları çox nadir hallarda insanları düşündürür və ya düşünməyə çağırış edir. Əksinə, hazır loxmalarla boğazı tıxayır. 

Narazılıqlarım olsa da, kitabın qane edən məqamları da var. Həmin məqamlar əsasən motivasiyaverici xüsusiyyətlərlə ilə əlaqədardır. Məsələn, "Hələ sağsınızsa, deməli nələrisə dəyişdirə bilərsiniz" və "Dünyada normal insanlar yoxdur" tipli cümlələr simamda tez-tez təbəssüm oyadırdı və "çox problemli" hesab etdiyim şeylərə daha sadə yanaşmağıma stimul verirdi. Müəllif nəinki bu cümlələrlə həqiqəti deyir, həm də oxucunun sosiallaşmaq yönündə cəsarətləndirir (əgər buna ehtiyac duyursunuzsa).

Maraqlı insan olmağı öyrənmək mümkündür və lazımdır. Əgər fərd sosial mühitin fəal iştirakçısı olmaq istəyirsə, onda qələbəliyin qaydalarına hörmət etməlidir. Həqiqətən də insanlara təsir etmək və onları təəccübləndirməyi bacarmaq kifayət qədər böyük işdir. Bu sizi maraqlı insan edə bilər. Buna ehtiyacınız varsa, "Necə maraqlı olmaq olar? 10 sadə addım" müəyyən səviyyədə faydalı ola bilər. Qələbəliyin normalarını dəyişdirənlər isə həqiqi liderlərdir. Maraqlı insan olmaqla, lider olmaq ayrı-ayrı şeylərdir. Belə bir fərqə toxunulsaydı və üstəlik də insanların şəxsiyyət tipləri ilə müəyyən əlaqələr yaradılsa idi, kitabı daha yüksək qiymətləndirmək olardı, amma müəllifin bu haqda məlumat verməsi və müəyyən təhlillər irəli sürməyi üçün tutumu az olub. 

Sonda, yadda saxlayın ki, ən əsas şey səmimi olmaqdır. Həm özümüzə qarşı, həm də ətrafımızdakı insanlara qarşı səmimi olsaq, həyatın nəbzini tutsaq və daxili aləmimizdə olanları xaricə çıxarmağa qorxmasaq, avtomatik olaraq elə maraqlı insan olmuş olacağıq. Düstürlarla və ya şablonlarla bunu icra etmək hamı üçün effektiv olmaya bilər. Özünə görə hamı maraqlı insandır. Hər bir halda, həqiqətən də maraqlı insan olmağa çalışmaq lazımdır. 

Comments

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Janrlar və mən

Kamal Abdulla - Sehrbazlar dərəsi