Qustav Meyrink - Qolem


Gustav Meyrink - The Golem
Густав Майринк - Голем

İlk dəfə 1913-1914-cü illərdə nəşr olunan "Qolem" avstriyalı yazıçı-ekspressionist Qustav Meyrinkin ilk əsəridir. İyirminci əsrin əvvəllərində Praqa qettosunda yarı gerçək yarı yuxu dünyasında baş verən mistik hadisələri nəql edən bu möhtəşəm əsər, müəllifə dünya şöhrəti qazandıraraq, ötən əsrin ən çox satılan kitabları arasında özünə fəxri yer qazanıb. Əsərin "Qolem" adlandırılması, yəhudi bir ravvinin kabbala sehri vasitəsi ilə palçıqdan hazırladığı canlı məxluqa həsr olunub. Qolem əsas obraz kimi bizlə qarşı-qarşıya gəlməsə də, ani olaraq biz onu görür və əsl mahiyyəti haqda təxminlər irəli sürürük. Onu da qeyd etmək maraqlı olardı ki, qolem sözü yarımçıq, xam material mənasını verən "qelem"  (ivr. גלם) sözündən əmələ gəldiri iddia olunur.

Sinopsis: Qetto. Qolem. Çoxsayılı yəhudilər. Mistik hadisələr. Köhnə rəvayət. Rəvayət dünyası ilə reallığın kəsişməsi. İnsan həyatının mənası. Həqiqi mən axtarışı. Xeyirlə şərin mübarizəsi. Möhtəşəm eqoların kəşfi. Ruhi dünyadan ismarıclar. Axtarış. 

"Qolem"-i oxuyarkən tez-tez düşünürdüm ki, görəsən həqiqətəndəmi bu əsər iyirminci əsrin başlanğıcında yazılıb? Buna əsas səbəbim onda idi ki, kitabın sahib olduğu klastrafobik müasir triller və paranoya əsaslı hallüsinogen art-haus üslubu həmin dövrdə bir o qədər də lazımi dərəcədə inkişaf etməmiş və eyni zamanda populyarlıq qazanmamışdır. Əlbəttə hələ çox çox öncəki zamanlardan mövcud olan qotik nağıllar, mistizm və əlaqəli janrlar insanların beynində tufan yaradıb qəlbində ehtiras oyadırdısa da, sadalanan üslubların Qustav Meyrink tərəfindən yəhudi mədəniyyəti ilə sintez olunması və az da olsa eqzistensializmlə əlaqələndirilməsi möhtəşəm nəticə verib. Yazı üslubu baxımından yazıçını Frans Kafka və Edqar Alan Po ilə müqayisə etmək olar. Əbəs yerə Borxes 1936-cı ildə bunları yazmayıb: "Praqanın yerli mifologiyası, erotizmi və turizmini keçmiş və gəlcək həyatların peyğəmbərlik dolu yuxularını və hətta reallıqlarını özündə birləşdirən möhtəşəm kitab".

Azərbaycan oxucusu üçün kifayət qədər yad olan bu əsərin əsas süjet xətti olduqca xaotikdir. Baş obraz Atanasius Pernat Praqa qettosunda yaşayan zərgər və restovratordur. Süjet əsasən Pernatın həyatını və macəralarını nəql etsə də, əsas obrazın yaxınlığında olan çoxsayılı digər obrazların da həyatları haqda ətraflı məlumatlar verir. Tez-tez qovuşan və ayrılan qəhrəmanlar, romanın yaşayış arealını müəyyənləşdirir. Əsərin də adını daşıdığı Qolem isə, əsrlərdən bu yana gəlib çıxan yəhudilərin iztirablarını və əziyyətlərini simbolizə edən, qettonun əsl ruhunu və şüurunu əmələ gətirən palçıqdan hazırlanan məxluqdur. Rəvayətə görə bu məxluqu kabbalist bir ravvin özünə kömək məqsədi ilə yaradıb. Ravvin dünyasını dəyişəndən sonra, Qolem qapısız və pəncərəsiz, yalnız dumanlı havada, qədim bir küçənin sonunda yerləşən otaqda yaşamağa davam edib. Əlbəttə Qolem sadəcə yəhudi simvolikası deyil. Kosmopolitizm baxımından Qolem Pernatın özünü təmisl edir. Adından da göründüyü kimi, yarımçıq, xam mənasını verən bu söz Pernatın ruhi vəziyyətini əks etdirən ideal sözdür. Buradan hərəkət edərək biz asanlıqla başa düşə bilirik ki, Qolem və Pernat bərabərliyi əsərin ən əsas mənasını əmələ gətirir. 

Əsərin oxucu prespektivindən yaxşı dərk edilməsi, romanın mənasını başa düşmək baxımından olduqca əhəmiyyətli rol oynayır. Əsər öz-özlüyündə kifayət qədər elliptik təəssürat bağışlayır və yazıçının həmin dövrə araşdırdığı mistik assosasiyaların və əfsanələrin yozumundan ibarətdir. Hekayəni nəql edən şəxs bizə hadisələrin real yoxsa transendent (qeyri-real) dünyada baş verdiyi öyrənməkdə böyük əngəl törədir. Belə ki, böyük xaosun ortasında özünü tapan oxucu, tez-tez suallar burulğanına düşərək, baş verənlərin real yoxsa hallüsinogen mənşəli olduğunu başa düşə bilmir. Əsas obraz olan Atanasius Pernatın uşaqlığını və gəncliyinin əsas hissəsini xatırlaya bilməməsi, mental sınmanın ona təqdim edilən qədim İbbur kitabından etibarən başlaması, olduqca maraqlı məqamlar haqda düşünməyə vadar edir. Maestro Pernatın əqli sağlamlığı onun dostları və qonşuları tərəfindən tez-tez sorğu obyektinə çevrildiyindən, oxucu da hadisələrin obyektivliyindən şübhə duymağa başlayır, lakin hörümçək toruna düşən ölümə məhkum kiçik həşərat və ya böcək kimi, oxucu nəyi isə dəyişməkdən məhrumdur. Belə olduğu halda ən yaxşı çıxış yolu kimi səbrli olub, axının hara apardığını gözləməkdir. 

Yəhudi mistikası sahəsi üzrə tanınmış alim Qerşom Şolem, "Qolem"-i diletant və səthi mənbələrə əsaslanan roman kimi qəbul edir. Hər nə qədər Qolem haqda yüksək düşünməyə başlasaq da, onu başa düşmək yenə də çətin olaraq qalır. Bu istiqamətdə ən asan yol Qolemin özünüdərk və özünüdərkin mümkünsüzlüyünün əksi kimi başa düşməyə cəhd etməkdir. Bundan əlavə mən insan yaradılışı haqda olan əfsanələr və dini rəvayətlərin yəhudiləşdirilməsi məsələsinə də diqqət yetirdim. Belə ki, bu qəribə məxluq bir ravvin tərəfindən yaradılıb. Həmin ravvin Kabbala sehrindən istifadə edərək buna nail olub. Nəzərə alsaq ki, heç bir dinin davamçısı hələ indiyə qədər palçıqdan heç bir məxluq yarada bilməyib, bunu bir yəhudi ravvinin etməsi, yəhudilərin yaradılışa və özlərinə qarşı olan münasibətləri haqda maraqlı məlumatlar ötürür. Bu məlumatlar dini eqoizm və üstünlük müstəvisində dəyərləndirilməlidir ki, bu da yəhudilərə xas olan ən əsas xüsusiyyətlərdən hesab olunur və yenilik deyil. Hər bir halda oxucu istəsə Qolemdə heç bir psixologizm görməyə də bilər. 

Aleksandr Dukinin Qustav Meyrinkin "Qolem" əsəri haqda yazdığı olduqca ətraflı yazıda bildirir ki, Qustav Meyrink iyirminci əsrin "qara romantik"-idir. Qara romantizm nümayəndələri daxili aləmləri araşdırarkən ənənəvi bədii-estetik yöntəmlərdən istifadə etmirlər. Bu üsullar artıq onlar üçün kifayət etmir. Totallıq ehtirası onları mistik və okkultik yanaşmalardan istifadə edərək, insan qəlbini birbaşa, heç bir vasitəçisiz araşdırmaq üçün zəruri imkan yaradır. Məhz belə olduğu təqdirdə romantizm həqiqətən də qaralır. Çünki yaradıcı ilə yaradılan arasında məsafə itir. İnsan ruhu qeyri-reallıqda reallığı ağuşuna alaraq daxilində həll edir.  

Bəs yaxşı bütün bu ecazkar dünyanın yaradıcısı - Qustav Meyrink kimdir? Əsl adı Qustav Meyer olan avstriyalı yazıçı 1868-ci il yanvar ayının 19-u anadan olub. Yazı üslubunda romantizm, kabbalizm, mistizm və okkultizm ünsürlərinə rast gəlinən yazıçının dünya şöhrətli əsəri "Qolem"-dir. Hamburq, Münix, Vyana və Praqa kimi şəhərlərdə yaşayan yazıçı, "Pilot" əsəri ilə avtobioqrafik əsər yazır. 24 yaşında intihara cəhd edən yazıçı, intihara cəhd zamanı yaşadığı evin qapısının aldıtndan olduqca müəmmalı formada "Ölümdən sonrakı həyat" dini kitabını əldə edir. Belə dramatik təsadüfdən təəccüblənən yazıçı intihardan imtina edərək okkultizm və mistizm haqda öyrənməyə başlayır. Teosofiya, Kabbala, xristian sofiologiyası və şərq mistikası ilə dərindən tanış olduqdan sonra onlardan bəhrələnərək öz yaradıcıllığında istifadə etməyə başlayır. Yazıçıya dünya şöhrəti gətirən əsər isə şübhəsiz ki "Qolem" olur. Əsərin özünəməxsus xaosu, möhtəşəm yazıçı dəst-xəttindən xəbər versə də, əsəri o halda yaxşı dərk etmək olar ki, ortada oxucunun şəxsi xaosu ilə romanın xaosu ədəbi müstəvidə birləşsin. Xaos sözü bəlkə də burada olduqca qeyri-müəyyənlik mənbəyi kimi özünü göstərsə də, inandırmaq istərdim ki, "Qolem"in sahib olduğu ən əsas xüsusiyyət məhz onun estetik xaosa malik olması və məhz bu xüsusiyyətin köməkliyi ilə öz oxucusunu axtarıb tapmaq bacarığında yerləşir. Mən şəxsən çox şad olardım ki, əsər azərbaycan dilinə də keyfiyyətlə tərcümə olunsun və ölkəmizin oxucularının ədəbi zövqlərini formalaşdırmaqda öz layiqli yerini tapsın. Çünki ilk səhifələrdən nə isə möhtəşəm bir şeyin yaxınlaşdığını hiss etmək və Meyrinkin heç bir ədəbi dünyaya oxşar olmayan canlı obrazlarını görmək, həmin atmosferin bir hissəsinə çevrilib kəskin döngələrdən dönmək, sadəcə möhtəşəm oldu. 

Romanın müəyyən epizodları Qustav Meyrink yaradıcıllığına olduqca xas olan və ideyanı tam mənası ilə izah edən keyfiyyətə sahibdir. Meyrinkin çatdırmaq istədiyi ideya qəlbin səyahətini ifadə edən və əcdadların "mən"-lərini özündə birləşdirmək haqdadır. Qolem isə "mən"-in antipodudur. Qolem manipulyatorun iradəsinə tabe olan və sadəcə xarici qıcıqlandırıcılara cavab verən mexanizmdir. Bu əfsanəyə Talmudda da rast gəlinir. Bu fikirlərdən sonra biz asanlıqla başa düşə bilərik ki, İbburun Pernata təqdim edilməsindən dərhal sonra Pernat bədən və ruh ayrılmasını (separeto) yaşayır. Bütün macəralar da bundan sonra başlayır. 

Əsərin kabbalistik ab-havasını davam etdirən və Qolemdən sonra ikinci dərəcədə çox vacib olan İbburdur. İbbur "hamiləlik", "döllənmə" mənasını verir. Bu ruhun hermetikliyini aradan qaldırmaq və onun ikililiyini kəşf etmək üçün lazımdır. Pernat Qolem tərəfindən aldığı bu kitab onun üçün mental sınma nöqtəsinə çevrilir və ruhi dəyişiklik erasını başladır. İbbur həyatın bütün maskalarına qalib gəlməyə və bütün simvolikalarını dəlib keçən nəzər nöqtəsi qazanmağa kömək edən romanın kritik ruhi elementidir. Bundan əlavə isə onu demək mütləqdir ki, roman sadəcə kabbalistik təlimlərin üzərində qurulmayıb. Biz eyni zamanda buddizmin özünün mənfi və iztirablara qalib gələn, nirvanada gerçəkləşən pozitiv oyanışı prinsipləri haqda da oxuyuruq. 

Əsərin düşünməyə stimulyasiya etməsi və şüuru dəyişdirməyə qadir olması, bir ədəbi əsər üçün sözün həqiqi mənasında başıucalığıdır. Eyni zamanda unutmamaq lazımdır ki, insan qəlbinin qaranlıq tərəflərinə səyahət kimi qəbul edə biləcəyimiz belə əsərləri obyektiv təhlil etmək onun bütün romantikasını öldürmək deməkdir. Odur ki, analoji romanları mütaliə edərkən çalışmaq lazımdır "Qolem"də olduğu kimi təsvir olunan bütün məkanları və obrazları canlı-canlı yaşayasan, onların dünyasını başa düşəsən və daxili aləmində yaşadasan. Məgər belə əsərlər əbədi deyil? Sonsuz əsərlər öz əbədiyyətini oxucu qəlbində və şüurunda tapır.

Seçilmiş hissələr:

1. Bu dünya ona görə mövcuddur ki, biz onun sonu haqda düşünək, - deyirdi ata, - yalnız o zaman həqiqi həyat başlayır. Mən başa düşmürəm o, "həyat" sözünün timsalında nəyi nəzərdə tuturdu, lakin mən bəzən hiss edirəm ki, hansı vəziyyətdə olacağı böyük sual altında olsa da, elə bir gün gələcək ki, ayılacam.Fikirləşirəm ki, bu oyanışa möcüzələr səbəb olmalıdır.

2. Çox vacib bir şeyi qazanıb özümdə saxladım. Daha dəqiq desək növbəti kəşfi: Bir-birindən nə qədər geniş məsafədə yerləşmələrindən asılı olmayaraq, həyatdakı bütün hadisələr silsiləsi tupikdir. İtirilmiş məmləkətə aparan dar və gizli cığırlar, hansılar ki, bədənimizə həkk olunublar və xarici həyatın bədənimizə həkk etdirdiyi çapıqlardan fərqli olaraq, demək olar ki, hiss olunmurlar. Məhz burada ən son sirlərin açılışı var.

3. "Həmin an öz-özümə dedim: artıq başlayıram, çün ilahi nərdivan öz dəyişikliyini tamamladı". İnsanlar yuxudan ayılanda belə düşünürlər ki, onlar yuxunu dağıdıblar, lakin bilmirlər ki, ayılandan sonra öz hislərinin, ayıldıqları yuxudan daha dərin növbəti yuxunun ağuşuna düşürlər. Sadəcə bir həqiqi oyanış var, hansı ki, bu dəqiqə sən ona yaxınlaşırsan. Əgər sən bu haqda insanlara danışsan, onlar səni xəstə hesab edəcəklər, məgər onlar xəstə deyillərmi?! Onlara bu haqda danışmaq faydasız və qəddardır. Onlar axın kimi qeyb olurlar.

4. Mavi rəngdə işıq saçan insan çevrəsi ana tərəfindən doğulmuş hər bir insanın özü ilə daşıdığı və miras aldığı "mən"-ləri ifadə edir. Ruh nə isə "kənarda" olan bir şey deyil, o hələ gələcəkdə belə olacaq və ayrıldıqdan sonra o ölümsüz adlanacaq. Sizin ruhunuz qarışqa yuvasını əmələ gətirən milyonlarla qarışqa kimi çoxlu sayda "mən"-lərdən ibarətdir; siz özünüzlə birlikdə əcdadlarınızın, nəslinizin başçsının psixiki qalıqlarını daşıyırsınız. Bu bütün canlılarda belədir. Əks təqdirdə necə ola bilərdi ki, milyonlarla ilin təcrübəsi olmadan, süni olaraq yetişdirilən və yumurtadan çıxan cücə özünə uyğun qidanı axtarsın? İnstinklərin mövcudluğu həm bədəndə, həm də ruhda əcdadların mövcudluğunu sübut edir. 

Comments

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Janrlar və mən

Kamal Abdulla - Sehrbazlar dərəsi