Albalının tamı - Ta'm e guilass

Filmin təqdimatı elə süjeti kimi sadədir: Orta yaşı İranlı bir yoldaş - Cənab Bədii, onu intihar etdikdən sonra albalı ağacının dibinə dəfn edəcək bir nəfər axtarır. Sürdüyü avtomobilin şüşələrindən insanları sifətlərini oxuyaraq onlara pul müqabilində çətin olmayan "iş" təklif edir. Qarşılaşdığı kürd əsgər, əfqan seminarist və bəzi digərləri ona bu məsələdə köməklik etməkdən imtina edirlər. Sonra azərbaycan türkü olan bir nəfər ona bu yolda kömək etməyə razılıq verir. Abbas Kiarostaminin "Albalının dadı" filmi, sadə, lakin ifrat dərəcədə realistik filmdir. 

Bir şeyi dəqiq demək olar ki, biz bir-birimizi başa düşməyəcək dərəcədə uzaq məsafədəyik. Bu məqamla tam razıyam ki, biz başqalarının ağrısını dərk edə bilərik, başa düşə bilərik, təsəvvür edə bilərik, amma o ağrının yaratdığı hisləri hiss edə bilmərik. Çünki hislər ancaq sahibinə aid olan kainatla müqəddəs əlaqədir. Ona görə də biz bütün bunları nəzərə alıb bir-birimizə hörmət etməli, öz şəxsi inanclarımızı zor gücüylə başqalarına yeritməməliyik. 

Film boyunca Cənab Bədii bütün təkidlərə baxmayaraq onu intihara sürükləyən motivlər haqda heç bir psixoloji informasiyanı heç kimlə bölüşmür. Dolayısıyla izləyici də bu haqda heç bir məlumat əldə edə bilmir. Ona görə də yeganə çıxış yolu kimi təsvirlərin köməyindən istifadə etmək və obrazın timsalında özümüzü tapmaq metodu bizə filmi dərk etməkdə yaxından köməklik edir: avtomobilin yola çıxdığı andan etibarən biz ucsuz-bucaqsız və tozlu geniş ərazilər görürük. Bu ərazi qəm və kədərdən, boşluqdan başqa heç bir hissi oyatmır. Sanki, biz rəngarəng, odlu-alovlu, sevgi dolu həyatın tam əksini görürük. Öz növbəsində belə fon intihar üçün idealdır. Əgər əsas obraz danışmırsa, biz gərək onu əhatələyən aləmə nəzər yetirib oradan nə isə öyrənməyə cəhd edək. Fon mənzərəsi baş obrazın daxili dünyasını təsvir edən ideal metaforadır. 

Təsadüfi deyil ki, Cənab Bədiinin niyyəti əsgəri və din təhsili alan gənc seminaristi çəkindirir. Böyük ehtimal rejissor bu yöntəmlə dövlətin və dinin düşünən, ağrıyan, üşüyən fərdin həyatında olan rolunun boşluğuna diqqət çəkmək istəyib. Gəncliyində intihara cəhd edən yaşlı taksidermist isə köməklik etməyə razılıq verəndə, əsas obrazda qorxu müşahidə edirik. Xoşbəxt bir cütlüyü görən cənab Bədii, bəlkə də həyatı boyu ruhunun ikinci yarısını tapmadığına görə özünü daha çox bədbəxt hiss etdi və fikrindən daşınıb nələrisə dəyişmək qərarını verə bilərdi. İntiharöncəsi həyatın müxtəlif hərəkətlərini izləyən cənab Bədiidə, çox böyük boşluq hissi ilə qorxu və həyəcanın qarışdığını aşkarca görə bilərik. 

Digər tərəfdən Cənab Bədii hörmətə layiqdir. Çünki kim nə deyirsə desin, o, qərarında qəti oldu, tərəddütd girdabında boğulmadı. Doğrudur, Kiarostami bizə aydın sonluq təqdim etməsə də, ümid etməyə yer qoyur: Cənab Bədii qazdığı qəbrə girib sakitcə ölümünü gözləyərkən başlayan yağış, bəlkə də onun qurumuş ruhunu isladacaq və səhər günəş çıxanda bu dünyaya yenidən bağlanacaq. Bütün bu ideyaların fonunda oturub dərindən düşünürsən: həyat enerjisinin hələ bol olduğu dövrdə ölməyi istəmək necə də böyük bədbəxtlikdir. Deməli, insan necə də yalnız və kədərli olmalıdır ki, özü könüllü ölümü istəsin. Belə olduqca insan ölümü təyinatından kənar məqsədlər üçün istismar etmək istəyir, əslində biz möhtəşəm insan eqosu ilə qaşılaşırıq. Problemlər, mənəvi ağrılar və digər səbəblərdən biz həytın ən böyük müəmmasına əl uzadıb, onu özümüzün mənafeyi doğrultusunda istismar etmək istəyirik. Ona görə də anı yaşamaq və kainatla əlaqəmizi itirməmək lazımdır. Əks təqdirdə Cənab Bədii kimi qupquru ruha və daş kimi torpağa sahiblik etmiş olarıq. 

Comments

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Janrlar və mən

Kamal Abdulla - Sehrbazlar dərəsi