Pencək - The Jacket - Пиджак

İran körfəzi müharibəsi veteranı olan Cek Starks, başından aldığı güllə yarasından sonra müalicə olunaraq vətəni - ABŞ-ın Vermont ştatına geri dönür. Geri dönəndən sonra aldığı yara özünü tez-tez ötəri amneziya formasında biruzə verir. Onu polis əməkdaşının qətlində günahkar bildikdən sonra psixoloji ekspertizaya göndərirlər. Xəstəxanada həkim Bekker, Cekin bədəninə təcrübə xarakterli qadağan olunmuş narkotik maddə tərkibli dərman preparatları yeridir. Ona xüsusi pencək geyindirərək zirzəmidə gizlədirlər. Narkotik maddələrin təsiri altında düşüncələri gələcəyə proeksiyalanan Cek, Ceki adlı bir qızla taleyindən qaçmağa çalışır. 

Cek Londonun 1913-cü ildə yazdığı "Ulduz səyyahı" ilə demək olar ki eyni süjet xəttinə malik olan "Pencək" filmi bizi zaman-məkan kontinuumu haqda fəlsəfi düşüncələrə dalmağa vadar edir. Çox güman ki, rejissor Con Meybari (John Maybury) və prodüserlər Stiven Soderberq və Corc Kluni (Steven Soderbergh and George Clooney), filmin əsas qəhrəmanını yazıçının şərəfinə Cek adlandırıblar. "Pencək" filmində olduğu kimi "Ulduz səyyahı"nda da həbsxanada məhbus olan bir nəfərin müxtəlif dövrlərə və eralara səyahət imkanlarından söhbət gedir. 

Yaralanandan sonra da normal insan olaraq qalan Cek, necəsə ruhi xəstələr üçün xəstəxanaya düşür. Onu kriminal hadisədə günahlandıran federal hökümət onun psixoloji statusu haqda məlumat almaq istəyir. Bu məqam həkim Bekker üçün özbaşınalıq mənbəyinə çevrilir. Qadağan olunmuş preparatlar Cek üçün işgəncə və imkanlar silsiləsinə çevrilir. Məhz bu məqamda biz sistemlərin fərdlərlə necə oynadığının bir daha şahidi oluruq. Bu qəddar davranışlar Ceki bir insan kimi məhv etməyə başlayır. Ona qarşı edilən bu haqsızlıqla yanaşı tale ona qeyri-adi hədiyyə də bəxş edir. Belə ki, sanki, ona bəzi şeyləri dəyişmək üçün şans verilir və o, keçmişə və gələcəyə səyahət edib sözünü deməyə müvəffəq olur. 

Filmin başlanğıcında izləyicini qarşılayan səhnələr filmi izləmək qərarının verilməsi baxımından vacib olsa da, sonda başa düşürük ki, filmi izləməmək necə də böyük axmaqlıq olardı. "Pencək"-in bütün qaranlıq səhnələri və ağır aurasına baxmayaraq, əsas obrazın yaxınlarına və özünə kömək etmək üçün əlindən gələni etdiyini görmək maraqlı empatiyaya səbəb olur.  Çoxlarının cavab axtardığı "Görəsən tale insanı, yoxsa insan taleni seçir?" sualının cavabını bu filmdə tapmaq mümkündür - əslində insan həyatında belə bir bölgü yoxdur. Həyatımız necə formalaşırsa formalaşsın, həqiqi mənliyimizə səyahət edərək biz yenə də bəzi şeyləri dəyişdirə bilərik. Keçmiş, gələcək, indi, bütün bu anlayışlar bir-birindən xəbərsiz çay kimi bizim içimizdə şırhaşırla axır. Məhz bu məqamda bizə filmdən çıxan ən əsas nəticəni başa düşürük: ölümə qalib gəlmək mümkün deyil, lakin sən yaxşılıq etmək üçün şans əldə etmisənsə, ondan istifadə etmək mümkündür. 

Bəlkə də Edrian Broudi bu filmdə "Pianoçu" filmində olduğunu kimi o möhtəşəm entuziazmla çıxış etmir, biz onun göslərində həmin işartını görmürük, buna baxmayaraq süjetin bütün ağırlığının, əzabının və məsuliyyətinin öhdəsindən yüksək səviyyədə gəlib. Çünki o, sifətindəki emosional ifadələr vasitəsi ilə mükəmmək kommunikasiya yaradan aktyordur və bu rolu başqa aktyorun ifasında təsəvvür etmək çətindir. Bu olduqca vacib məsələdir. Aktyorun rola olan münasibəti məhz burdan bilinir. Onu da qeyd etmək yerinə düşərdi ki, Edrian Broudi filmin çəkilişləri ərzində obraza daha yaxşı girmək üçün filmin çəkiliş heyətindən özü şəxsən xahiş edirdi ki, onu qapalı məkanda saxlasınlar. Ümumiyyətlə mən filmin aktyorlarına qarşı çox böyük simpatiya bəslədim, çünki onlar həqiqətən çox əla iş ortaya qoyublar. Keyra Naytli (Keira Knightley) özünü itirmiş qız və Cekin ötəri sevgilisi və köməkçisi kimi, Kris Kristeferson (Kris Kristofferson) qəddar və amansız həkim-cəllad rolunda, Cennifer Ceyson Leyx (Jennifer Jason Leigh) neytral haqq-ədalət tərəfdarı olan həkim-kolleqa rolunda çox möhtəşəm və yüksəksəviyyəli rol ifa ediblər. Digər ikinci və üçüncü dərəcəli aktyor və aktrisalar mənzərəni ideal tamamlayıblar. Maraqlı xırdalıqlar və parlaq anlar var. Əla aktyor və aktrisa heyəti və əla süjet, bir filmi sadəcə baxılan etmir, eyni zamanda ona izləyici beyninin bir küncündə əbədi yer qazanır. 









Comments

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Janrlar və mən

Kamal Abdulla - Sehrbazlar dərəsi