İsa Muğanna - Şəppəli

Kitabda Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri olan İsa Muğannanın iki maraqlı əsəri - "Şəppəli" və "Quru budaq" hekayələri təqdim edilib. "Şəppəli"də sovet dövrünün tipik xarakterlərindən biri hesabdar Şəppəlinin və rüşvət üstündə qovulan doxtur Məmmənin başına gələnlər nəql edilir. Molla Gülənlə Komsomol Tahir arasındakı ədavətdən başlayan konflikt isə "Quruyan budaq"ın əsas mövzusudur. Hər iki hekayə sovet dövrünün qəribə romantikasını ifşa edən xüsusiyyətə malik olub, zamanda səyahət təəssüratı bağışlayır. 

"Şəppəli" hekayəsi sovet sisteminin öz-özünü zəhərləməsindən bəhs edən səmimi kiçik bir hekayədir. Hekayənin əsas ağırlığı əsl adı Mədəd olan Şəppəlinin üzərində olsa da, mənası sistemin çürüklüyünü göstərməsindədir. Şəppə sözünün mənası isə iflic deməkdir. Əsas obrazın Şəppəli olaraq adlandırılmasının əsas səbəbi də bir neçə dəfə iflic olmasından qaynaqlanır. 
Mənim gözüm çox şey görüb, - dedi. - Bu stolun üstündə haqq-hesab çəkdikcə ağlayanlar, gülənlə görmüşəm. "Elə yazma, belə yaz" - deyib ayağıma yıxılanlar görmüşəm. Rayondan gəlib ilbəil "katibin, prokurorun, enkevedenin paylarını ver!" - deyə-deyə hər il balans vaxtı bizi çarmıxa çəkiblər, ikimiz də zar-zar ağlamışıq bu kabinetdə...Belə rəzillik görə-görə, kasıb qanı içən rəzillər düşməni olmuşam!...()
Nədənsə son zamanlar cəmiyyətimizi əmələ gətirən sistemlər haqda çox düşünürdüm. Bu baxımdan "Şəppəli" hekayəsi lap yerinə düşdü və əhval-ruhiyyəmi tamamladı. Mən bir daha əmin oldum ki, bizim kimi cəmiyyətlərdə sadə insanların tərəfindən duran, onun həyatını asanlaşdıran, heç olmasa maddi tərəfdən olmasa da, mənəvi tərəfdən güvən və güc verən sistemlər əvvəllər olmayıb və gələcək zaman prespektivində də görsənmir. Hekayə rüşvət aldığına görə işdən qovulan Məmmə adlı həkimdən və onun rüşvət almağına heç cürə inana bilməyən Şəppəlidən bəhs edən, vaxt-zamanın bütün pəncərələrini taybatay açıb sovet dövrünə olan ötəri baxışdır. Biz bir daha gördük ki, rüşvət alan da, rüşvət almayan da ləyaqətli həyat yaşaya bilmir. Biz bundan sadəcə məhrumuq. Düşünürəm ki, cəmiyyətlər o vaxt məhvə məhkum olurlar ki, onların dəyərləri illüziya xarakteri daşısın. Çox təəccüblənirəm ki, necə olur ki, belə cəmiyyətlər hələ də varlığını sürdürməkdə davam edir. Nəzəri olaraq onlar çoxdan gurumbultu ilə uçub dağılmalı idilər. 
Çox nahaq. Sürdüyüm maşını... bax o televizoru... soyuducunu... bu evdə nə görürsən, bax bu nadir kitablaracan hamısını rüşvətnən almışam. Dolanmaq olmur, dayı, Vallah, billah, a kişi! Kapital dünyasına lənət deyir hökümətimiz, amma əslində, dünyanın ən nəhəng kapitalistidi Sovet höküməti. Quluq biz! Bütün qulluqçular, hamımız quluq, dayı. Hər ayın axrında cədvələ qol çəkib qul pulu almırsanmı sən özün?! Məni niyə qınayırsan?! İçərim dəyişib, dayı. Çox dəyişib!..
Şəppə sözünün mənasını yazıçı "iflic" kimi təqdim edib. Məhz iflic anlayışı hekayənin bütün tərbiyəvi mahiyyətini əmələ gətirir. Hekayədən çıxan ən əsas məna da ondan ibarətdir ki, ruhi iflic yaşamaq, fiziki iflic yaşamaqdan daha təhlükəli ola bilər. Bir ömür ifliclə mübarizə aparan Mədəd kişi, bütün mənliyini həsr elədiyi həkim Məmməyə olan inamının məyusluqla sonlanması nəticəsində elə o dəqiqə o dünyaya yola düşdü. İsa Muğanna sistemin çürüklüyünü və onun ailələrin və fərdlərin məhvinə necə səbəb olduğunu böyük ustalıqla və ən qısa yoldan təsvir edib. "Şəppəli"
sadəcə cəmiyyətin güzgüsü rolunu oynayan hekayə deyil, səmimi və vicdanlı bir insanın dramıdır. 

"Quruyan budaq" hekayəsi kin-küdürətin insan talelərini acgöz və azğın heyvan kimi ağuşuna alması və qəddarcasına məhv etməsi, keçmişin, indinin və gələcəyin bölünməzliyi və insan ruhunun əbədiliyi haqdadır. Qapqaynar bir gənc qanının şərlə olan mənasız mübarizəsi ailələrin və bir millətin faciəsi timsalında ideal təsvir olunub. 
Bilirsən, dissertantam, arxivlərdə bağlı qapılar dalında elə sənədlər saxlanılır ki, oxusan, avtomat götürərsən, qabağına çıxan erməninin hamısını güllələyərsən. Əmma inan mənə ermənidə günah yoxdu. Xaricdən doldurublar onları bizim içərimizə. Kirvə-filan eləyiblər, qohumlaşdırıb yaxşı-yaxşı yerləşdiriblər. Sonra da elə düşmənlik salıblar ki, hətta bax belə ayaqqabı müsibətləri olub...
İnanılmaz həqiqətlər ortaya çıxmağa gecikəndə tələskənlik öz işini görümş olur. Əsl müdriklik, əsl mübarizə səbr və aydınlanmadan keçir. Yeganə həqiqət hər bir insannın daxilində olan xeyirlə şərin mübarizəsindən savayı bir şey deyil. "Quruyan budaq" insanın qanını donduran gerçəkliklər haqda əla bir kiçik hekayədir. 
Ruqiyyə elə qızlardandır ki, üz-üzə gələndə, baxan kimi deyirsən:"Necə gözəldir!" Və bu vaxt əgər murdar süd əmməyibsənsə, ürəyində pərəstişdən başqa savayı heç bir kənar hiss olmur. Pərəstiş və hər bir safürəkli gənc üçün təbii, təmiz, yüksək arzu.
"İdeal" romanı ilə mən İsa Muğanna üslubunu yaxşı başa düşməmiş, yarıda saxlamışdım. Bu iki hekayədə isə yazıçının insan emosiyalarını necə məharətlə təsvir etdiyini, insanın ruhi sarsıntılarını necə ustalıqla təsvir etdiyini görəndə başa düşdüm ki, vaxtilə mən İsa Muğanna tərzinə hazır olmamışam. Yazıçı bizim milli kimliyimizi əks etdirən hislərimizi o qədər gözəl təsvir edir ki, bəzən doğmalıq hissindən ürəyim riqqətə gəlirdi. İndi isə tamam başqa təəssüratlar və ümidlərlə onun digər hekayər toplusunu əlimə alıram. 

Comments

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Janrlar və mən

Kamal Abdulla - Sehrbazlar dərəsi