Jan-Pol Sartr - Bağlı qapılar arxasında
Jean-Paul Sartre - No Exit
Жан-Поль Сартр - За закрытыми дверями
Eqzistensializmin ən sanballı nümayəndələrindən olan Jan-Pol Sartrın 1944-cü ildə yazdığı "Bağlı qapılar arxasında" tamaşası ölümlərindən sonra əbədi olaraq bir otaqda qapalı qalmağa məhkum edilən üç nəfərdən bəhs edir. İnes, Estell və Qarsen. Onlardan heç biri günahsız deyil. Günahlarını təhlil edərək hər biri digəri üçün şüurda obyekt rolunu oynayır və xüsusi tip cəhənnəm əzabı çəkməyə başlayırlar. 40-cı illərdə ABŞ-da məhşurlaşan əsər qısa müddət ərzində müasir teatr tarixinin fenomeni olaraq da adlandırılmağa başlandı.
![]() |
Jan-Pol Sartr |
Daxil olarkən od-alov, işgəncə alətləri axtarmağa başlayan bu üç şəxs sonradan həqiqi cəhənnəmin başqa cürə olduğunu dərk edirlər. Aydın olur ki, onlar təsadüfdən bir otağa qapadılmayıblar. Onlardan hər biri digərinin işgəncə mənbəyinə çevrilir. Aralarında yaranan münasibətlərin sonunda etiraf etməyə qərar verən otaq sakinləri başa düşürlər ki, əslində xilas da onların özlərindən asılıdır. Əslində onlar cəhənnəmdən qaça bilərlər. Bunun üçün onlar bir-birilərini başa düşməli və mühakimə etməməlidirlər. Yazılanlardan göründüyü kimi Sartr bu ideyalar ətrafında belə tamaşa hazırlamaqla cəmiyyətin fərdin şəxsi həyatını dağıtmaqda malik olduğu gücü göstərməyə çalışır. Oturub düşünsək, şübhəsiz ki, asanlıqla başa düşərik ki, hər bir insan səhv edir, günah sahibi olur. Cəmiyyətlər isə birmənalı şəkildə belə balalarına qarşı amansızdır. Məhz bu səbəbdən Sartr "Bağlı qapılar arxasında" tamaşasının kök ideyasını "Başqa insanlar cəhənnəmdir" olaraq ifadə edib. Buna baxmayaraq Jan-Pol Sartr 1965-ci il nitqində qeyd edir: ""Başqa insanlar cəhənnəmdir" ifadəsi çox zaman səhv anlaşılıb. Əslində isə mənim ifadə etmək istədiyim o olub ki, insanların bir-biri ilə olan münasibətləri cəhənnəmsi münasibətlərlə zəhərlənir. Çünki əgər insanlar arasında olan münasibətlər dəyişdirilirsə və təhrif olunursa, deməli, digər insanlar yalnızca cəhənnəm ola bilər. Niyə? Çünki nə vaxt ki, biz özümüz haqda düşünürük, özümüzü öyrənməyə çalışırıq, biz digər insanların bildiyi məlumatları istifadə edirik. Biz özümüzü digər insaların bizə verdikləri ilə mühakimə edirik. Nə hiss etməyə başlayıramsa, özüm haqda özümə nə demək istəyirimsə, başqasının mühakimələri özünü araya salır. Lakin bu o demək deyil ki, biz digər insanlarla münasibət qurmamalıyıq. Bu məqam bizə digər insanların bizim üçün necə əhəmiyyətli olduğunu üzə çıxardır."

Buna baxmayaraq biz yaxşı bilirik ki, özünüdərkin digər insalarda axtarılıb tapılması məsələsi fəlsəfənin fundamental konseptlərindən biridir. Sartr bu məsələ ilə əlaqədar başqa əsərlərində də müəyyən məlumatlar verir, lakin yuxarıda da qeyd etdiyim ki, insanlar obyektivlikdən uzaq və təhrifə meyilli sosial varlıqlar olduqları səbəbindən, digər insaların düşündükləri öz əhəmiyyətini itirməyə başlayır. Cəhənnəmə düşən Qarsen, İnes və Estell xilasın bir addımlığında boğuşarkən, onu görmür və hətta özlərindən uzaqlaşdırırlar. Bu insan təbiətinin və əmələ gətirdiyi sistemlərin möhtəşəm səhvliliyini göstərən müqəddəs bir həqiqətdir.

Əsərin maraqlı məqamlarından birisi də odur ki, vaxtaşırı olaraq obrazlar öz keçmişlərinə nəzər yetirirlər və onunla hesablaşırlar. Bu prosesin cəhənnəmdə baş verməsi bizə maraqlı ipucu verir: cəhənnəm əslində zamanla sıx əlaqədar ideya ola bilər. Belə ki, edilmiş səhvlər və günahlar keçmiş zamanda qaldıqları səbəbindən, əbədiyyətə qovuşandan sonra bütün zamanların eyni anda mövcudluğuruha məxsusi iztirab və işgəncə təcrübəsi yarada bilər. Biz bu nəticəni məhz obrazların keçmişlərini tez-tez "xatırlaması"ndan əldə edə bilirik. "Dünyada vaxt necə də tez keçir" deyə Estell ah çəkir. Zaman anlayışı ilə insan həyatının assosiyalaşdırılması belə səhnələrlə ideal formalaşdırılıb.

Əsərin həm də qeyri-metafiziki mənası da vardır. Belə ki, "Bağlı qapılar arxasında" İkinci Dünya müharibəsi zamanı Almaniyanın Fransanı işğal etməsinin də motivlərini və nəticələrini əks etdirir. Azadlıq, işğal və bədbəxt tale anlayışları təhlil olunur və müxtəlif alluziyalar vasitəsi ilə maraqlı müqayisələr təsvir olunur.
Əsər haqda həddindən artıq söz demək mümkün olsa da, çalışmaq lazımdır ki, ifrat təhlilin nəticəsində əsərin romantikasını öldürməyəsən.
Comments
Post a Comment