Erik-Emmanuel Şmitt - Bağdadlı Uliss
Éric-Emmanuel Schmitt - Ulysse From Bagdad
Эрик-Эмманюэль Шмитт - Улисс из Багдада

Adının mənası və sosial statusu haqda məlumatları oxucu ilə bölüşəndən sonra qəhrəmanımız avtobioqrafiyasını da bizimlə bölüşür. Qəddar diktator Səddam Hüseynə qatı nifrət bəsləyən Saad, rejim tərəfindən qadağan edilmiş dünya klassik bədii ədəbiyyatına böyük həvəs göstərir və universitetdə təhsil ala-ala onu öldürməyi özünə məqsəd edən qeyri-qanuni siyasi müxalifətə üzv olur. 1990-cı il Bəhreyn-İraq müharibəsinin İraqda törətdiyi faciələr bizi bir daha müharibənin və diktaturanın xalqları necə əzdiyini və məhv etdiyini sübut edir. 11 sentyabr hadisəsindən sonra ölkədə ABŞ istilasını gözləyən insanların qorxularını oxumaq və birmənalı münasibətlərə şahidlik etmək romanın maraqlı hissələrindən hesab edilə bilər. Buna baxmayaraq ABŞ istilası vətəndaş müharibəsinə və çoxsayılı terror hadisələrinə səbəb olur. Dini icmaların qatı düşmənçilik etməyə başlaması və hakimiyyəti ələ keçirməyə cəhd etmsəi, gənci təhsildən, sevgidən və sivil cəmiyyət həyatından uzaqlaşdırır.
![]() |
Erik-Emmanuel Şmitt |
Romanın üçüncü ən mühüm hissəsi kimi Saadın Misirə gəlişini hesab etmək olar. Misirin Afrikanın acınacaqlı həyatdan qaçan zənci insanlara və dağılan ərəb ölkələrinə müvəqqəti vətənlik etməsi olduqca maraqlı oldu. Repressiayalar, diktatura, iqtisadi-siyasi və mədəni tənəzzül haqda oxumaq yenilik olmasa da, roman obrazlarının qatdığı canlılıq maraqlı oldu.
Romanın ən çox xoşuma gələn tərəfi o oldu ki, roman bəzi həqiqətləri yaxşı işıqlandırır. Saad rəsmi qaçqın kimi avropaya miqrasiya etmək istəyərkən başa düşür ki, o, avropalılar üçün həmişəlik ərəb kimi qalacaq və heç vaxt özününkü olmayacaq. Bu çətin vəziyyətdə olan şərqə olan tipik qərb münasibəti və əbədi həqiqətdir. Əvvəllər nədənsə elə düşünürdüm ki, qərb və şərq ayırımı əhəmiyyətsiz bir şeydir və bütün insanlar sadəcə insandırlar, fərqli deyillər. Halbuki, bu gün başa düşürəm ki, biz hətta eyni millət və cəmiyyət daxilində belə necə də fərqliyik. Mövzu baxımından bütün "özgə-doğma", "qaçqın-yerli", "miqrant-yerli" kimi bölgülər romanın süjet xəttində, mental səviyyəsində, obrazların fəlsəfi söhbətlərində olduqca canlılıqla işıqlandırılıb. Müəyyən müddətdən sonra Saad yaxşı başa düşür ki, dünyada yaranmış bütün bölgülərin kökündə bəşər tarixini qana boyamış müharibələr dayanır. Onun müharibəsiz cəmiyyət arzularını oxuduqca insanın nəyisə dəyişdirməyə olan həvəsi daha da artır.

Bütün bu yazılanlar çərçivəsində təcrübəli oxucu dərhal başa düşür ki, o tmamilə tipik qitələrarası inteqrasiyaya çalışan fərdin faciəsini oxuyur. Öncədən də qeyd etdiyim ki, cəmiyyətlərimizin fərqliliyi və diffuziyaya qarşı göstərdiyi dirəniş, ikili standartlar və sosial eqoizm bütün potensialları öldürən və prespektivi daraldan xarakterə malikdir. Təqdirəlayiqdir ki, Xalid Hüseyni romanlarından fərqli olaraq "Bağdadlı Uliss" qərb cəmiyyətini birmənalı xilaskar və qəhrəman kimi göstərməyən olduqca geniş ideya perimetrinə sahibdir. Hər iki tərəf obyektiv şəkildə təsvir olunur. Əsas fokus mərkəzi sadə bir ərəb gəncdir. Süjet xəttinin bədiilikdən çox ekşn janrına meyillənməsi mənə "Şantaram" romanını xatırlatsa da, şübhəsiz ki, fərqlər çoxdur.
Bəlkə də bizlər hər gün bütün o "şərq-qərb", "mən-sən", "doğma-özgə" kimi anlayışlar haqda düşünürük, nəyisə başa düşürük, nəyisə qəbul etmirik. Əslində isə bu bölgüləri yaşamaq tamam başqa hisdir. Təki, bəşəriyyəti hər daima hədələyən qəddar müharibələr olmasın. Sakitləşsək, bu anlayışlar öz-özünə yox olub gedəcək.
Müharibəsiz həyat arzusuyla.
Comments
Post a Comment