American History X

İlk öncə daxilimizdəki xeyir və şər döyüşünün nəticəsi müəyyənləşir. Daha sonra digər nəticələr iki qütbə sıx-sıx kümələnir və daha böyük müharibə başlayır. Sonra qalib və məğlub arasındakı fərqlənmə formalaşanda yenə də növbəti döyüşün şeypuru çalınır. Bundan qaçış yoxdur. Uzun zaman öncə bir dənə təməl səhvdən digər səhvlər yaranıb və bu belə də davam edəcək. Kimin qələbəsi yox, mübarizənin mahiyyəti yaşadığımız zaman və məkan kəsişməmizi mənalı edir. - İbrahim Niftiyev 

Yerli skinhed qruplaşmasının təkrarsız lideri Derek qaradərililəri mütləq şər kimi qəbul edərək onlara müharibə elan edib. Derek öz yeniyetməlik travmasını - atasının qaradərili tərəfindən öldürülməsini, möhtəşəm nifrətə çevirərək ideologiya halına salıb. O, özünün doğruluğuna tam əmindir. Qardaşı Denni də onun yolunu izəlyir. Lakin bir gün Derek başa düşür ki, bu xeyir və şər arasında olan mübarizə deyil, bu şərin öz gücünü artırdığı arxa meydançadır. Beləliklə də faciələrin əb qəddarı olan irqçilik və onun əbədi iztirabları. 

Mahiyyəti etibari ilə film heçliyə gətirib çıxaran qəzəb haqdadır. Qəzəb, nifrət və onun yaratdığı spontan enerji insan şüurunun aclığını doyurmaqda acizdir. Mahiyyəti etibari ilə film cavan ağılların boş ideallar və məqsədlərlə necə idarə olunduğu haqdadır. Halbuki, bəşər tarixindəki insanların insanlarla olan mübarizələrinin hamısı bütünlüklə axmaq eqo və saxta dəyərlər uğrunda olmuşdur. İstər müasir dövrümüz olsun, istər keçmişimiz, istərsə də gələcəyimiz, əgər biz güzgüdə özümüzə baxanda gözlərimizdə dünənki nifrətin, qəzəbin yerində məyusluq və dilxorluq görürüksə, deməli, biz xeyir və şərin mübarizəsində şərin xeyrinə məğlub olmuşuq. Filmin baş obrazı Derekin həbs cəzasını bitirdikdən sonra evdə güzgüyə baxarkən gördükləri məhz budur: məğlubiyyət, saxta dəyərlər, aldanma və şərin qələbəsi. Tamamilə haqlılar, bütünlüklə haqsızlar və günahkarlar yoxdur. Bəzən biz dostumuzu düşmən kimi, düşmənimizi dost kimi qəbul edə bilirik. 

"Amerika tarixi iks" Amerika tarixinin bilinən və bilinməyən tərəfinin eyni anda olan nümayişidir. İrqçilik və dəri rəngi problemləri mürəkkəb və bəşər tarixində ən qəddar məsələlərdəndir. Qəddarlıq və fanatizm bizi əhatə edən ən real və hiyləgər düşməndir və film bunu öz ağ-qara kadrları ilə ideal nümayiş etdirib. Olduqca dəyərli və izlənməli filmlər sırasına daxil etdiyim filmi bütün film həvəskarlarına məsləhət görürəm. 

Comments

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Janrlar və mən

Kamal Abdulla - Sehrbazlar dərəsi