Onlayn təhsil: yeni imkanlar, yeni prespektivlər

ABŞ tərəfindən bütün dünyaya təklif olunan MOOC, yaxud da sadəcə onlayn kursları əhatə edən təhsil proqramı ilə 2015-ci ilin yay aylarında tanış oldum. İlk vaxtlar olduqca qeyri-müəyyən bir təhsil vasitəsi kimi başa düşdüyüm onlayn kurslar, bu gün artıq həyatımın ayrılmaz hissəsinə çevrilib. Onlayn kurslar vasitəsi ilə mən son 8 ayda özümü yenidən kəşf edərək, yeni maraq dairələrini kəşf etmişəm. Hətta bu gün mən belə düşünürəm ki, bundan sonra özümdə onlayn təhsilsiz yeni bacarıqlar inkişaf etdirə bilmərəm. Bu baxımdan son 8 ayda qazandığım onlayn təhsil təcrübəsini qısaca olaraq sizinlə də paylaşıram. Təəssüflər olsun ki, vaxt azlığı səbəbi ilə bir çox şeyə qısaca toxunmalı olacam. Daha ətraflı məlumatı axtarış sistemlərindən istifadə edərək müxtəlif xarici dillərdə rahatlıqla əldə etmək mümkündür. 

2015-ci ilin iyul ayında Coursera.org platforması ilə tanış oldum. Bəzi dostlarım bu platformadan istifadə edərək bir neçə onlayn kursda iştirak edib sertifikat əldə etmişdilər. Bir neçə dost-tanış tərəfindən bu platformanın istifadə olunması məndə də istər-istəməz maraq yaratdı. Bir müddət cəsarət edib hansısa kursa müraciət etmədim. Sonradan platformanın mahiyyətini başa düşdükdə çox şey sadələşdi. Beləliklə, Coursera.org müxtəlif universitetlər ilə istənilən ölkədən, cəmiyyətdən olan internet istifadəçilərini bir araya gətirən platformadır. Mənim ilk onlayn kursum "Marketing in a digital world" adlı kurs oldu. Kurs University of İllinois at Urbana-Champaign tərəfindən tədris olunurdu. Kursu tamamladıqdan sonra başa düşdüm ki, cari kurs ümumi "Digital marketing" adlı onlayn ixtisaslaşma kursunun ilk kursudur. Tam səmimi olaraq onu deyim ki, ixtisaslaşmanın ilk kursundan etibarən mənim marketinq elminə olan yanaşmam dəyişdi. Bir növ mən marketinqi yenidən kəşf etdim. Uğursuz mühasib təcrübəsindən sonra kurs mənim üçün ikinci nəfəs effektini yaratdı. Kurslara inamla davam etdim. Kurslar ödənişli olsa da, 6 hissəli ixtisaslaşma kursunun 5-ni pulsuz, başqa sözlə, Financial aid alaraq uğurla tamamladım. 6-cı, son hissə üçün isə 2015-ci ilin əvvəllərində 79 dollar ödəniş etdim. 6-cı hissə "Capstone Project" adlanırdı. Bu layihə sayəsində 6 həftə boyunca tamamilə real şirkətlərin tamamilə real keysləri ilə məşğul olduq. Öyrəndiklərimizi yenidən kəşf etdik. Gələcək işlər üçün fundamental yanaşma çərçivələri formalaşdırdıq.

Coursera haqda ətraflı yazmaqda əsas səbəb odur ki, bu ixtisaslaşma mənim ilk onlayn təhsil təcrübəm oldu. Hal-hazırda 2 belə ixtisaslaşmada iştirak edirəm və olduqca məmnunam. Xüsusi ilə də Financial aid imkanı bizə bir xeyli qənaət imkanı bəxş edir. Zamanla udemy.com, edx.org, Lynda.com və digər onlayn platformaları kəşf etdim. Onlar haqda bu yazımda ətraflı məlumat vermək istəmirəm. 

Müvafiq dil bacarıqlarınız varsa, böyük ehtimal razılaşarsınız ki, evdən kənara çıxmadan, rahat kofe dükanında, yaxud da özünüzü rahat hiss etdiyiniz hər hansısa məkanda ABŞ-ın, Avropanın və ya Yaponiyanın öndəgedən universitetlərinin mentorluğu altında təşkil olunan tədris kurslarında iştirak etmək kifayət qədər komfortludur. Artıq yaşadığımız cəmiyyət çox dinamikdir. Hər şeyə ən qısa zamanda, ən effektiv yolla nail olmaq istəyirik. Məhz bu məqam elektron ticarəti stimullaşdırır. Onlayn təhsil də müəyyən mənada elektron ticarətin bir hissəsi kimi təhsil bazarını dəyişdirərək, yeni pedaqoji imkanları sınaqdan keçirir. 

6 ilə tamamlanacaq yerli ali təhsil təcrübəmə əsaslanıb onu deyə bilərəm ki, Azərbaycanın hal-hazırda gənclərinə təqdim etdiyi ali təhsilin keyfiyyəti olduqca aşağı səviyyədədir. Hətta onlayn kurslardan belə daha çox şey öyrənmək mümkündür, nəinki fiziki universitetlərimizin fiziki müəllimləri və dərs vəsaitlərindən. Bu olduqca acınacaqlı vəziyyətdir. Ümid edirəm ki, ölkəmizdə elm yaxın 5-10 ildə inkişaf edəcək. Əks təqdirdə cari vəziyyət heç də ürəkaçan nəticələrə gətirib çıxarmayacaq. 

Onlayn təhsil və təlim platformalarından istifadə etmək haqda hələ də düşünürsünüzsə, məncə, cəsarətli olun. İngilis dili və yaxud da digər dil biliklərinizin imkanını dəyərləndirmək əvəzinə sadəcə bu prosesə başlasanız gerisi rahatlıqla gələcək. Xüsusilə də mənə son zamanla tez-tez verilən suallardan biri də odur ki, "Bəs görəsən onlayn sertifikatlar işəgötürənlər tərəfindən nə dərəcədə qiymətləndirilir?" sualıdır. Sualın cavabı olduqca individual yanaşma tələb edir. Dünyada da, ölkəmizdə də onlayn sertifikasiya hələ tam olaraq öz imicini yaratmadığından, hələ yeni pedaqoji metod olduğundan, işəgötürənlər onlayn kurslara və təlimlərə bir o qədər də güvənlə və tam dolğun təsəvvürlə yanaşmırlar. Zamanla onlar arasında maariflənmənin artması bu problemi həll edəcəkdir. Məsələn, onlar başa düşdükdə ki, ixtisaslaşma kursu minimum 6-8 ay vaxt, enerji və pul tələb edir, işəgötürənlər həmin insanın özünüinkişafa böyük diqqət yetirdiyini və iş yerində də yüksək motivasiya və effektvliklə işləyəcəyini başa düşəcəklər. 

İnternet bizə bütün sərhədləri aradan qaldırmağa yardımçı olmaqda davam edir. Xüsusi ilə də bu məsələ təhsil sahəsində özünü doğruldur. Dünyanın öndəgedən universitetləri, təhsil qurumlarını və təşkilatlarını izləmək artıq bir qədər də asanlaşdı. Zamanla bu proses daha da interaktivləşəcək və daha da populyarlıq qazanacaq. 

Comments

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Janrlar və mən

Kamal Abdulla - Sehrbazlar dərəsi