Donald Norman - Gündəlik əşyaların dizaynı

Дональд Норман - Дизайн привычных вещей
Donald A. Norman - The Design of Everyday Things

Donald Artur Norman koqnivistika, dizayn və istifadəçi mühəndisliyi sahəsində böyük şəxsiyyət hesab olunan amerikalı alimdir. 1957-ci ildə Massaçuset Texnologiya Universitetini bitirən Donald, elektrotexnika və kompüter elmləri sahəsində bakalavr dərəcəsi alır. Doktor dərəcəsini isə riyazi psixologiya sahəsini öyrəndiyi Pensilvaniya Universitetindən əldə edir. Bir çox Amerika və Avropa universitetlərinin fəxri professoru olan Donald, Britanika Ensiklopediyasının konsultasiya şurasına da daxildir. 2006-cı ildə kompüter və koqnitiv elmlərə verdiyi tövhələrə görə "Benjamin Franklin" mükafatı ilə təltif olunub. 
Narahat əşyalar dizaynın çatışmazlığıdır, istifadəçinin günahı deyil.
Son dövrlər dizayn məsələlərinə fövqəladə həvəs göstərməkdəyəm. Bunun əsas səbəbi özüm üçün müəyyənləşdirdiyim sosial media marketinq sahəsinin dizaynla olan sıx əlaqəsidir. Odur ki, istər qrafik dizayn olsun, istərsə də dizaynın digər növləri olsun, maraqlandıqca insan əvvəllər görmədiyi, bilmədiyi bir dünyanın fərqinə varmağa başlayır. Dizayn sahəsində müəyyən dərketmə bacarıqlarını inkişaf etdirdikcə bu aləmin olduqca maraqlı olduğunu və azadlığı simvozilə etdiyini başa düşürsən. Düşünürəm ki, elə bir dövrə gəlib çatmışıq ki, dizaynla əlaqədar hər bir insan müəyyən bir miqdar məlumata sahib olsa, ətraf-aləmi başa düşməkdə daha rahat və effektiv nəticələr əldə edə biləcək. 
Yaxşı düşünülmüş məhsul özü istifadəçini öyrədir.
Müəllif dizaynın sadəliyi (minimalizm) və mürəkkəbliyi ilə əlaqədar fikirlər söyləyərək bizimlə dialoqa başlayır. Maraqlı nümunələr tamamilə adi həyat təcrübəsindən götürülüb. Kitabın ən əsas üstünlüyü ondan ibarətdir ki, o insan psixologiyasının xüsusiyyətlərini nəzərə alaraq gündəlik istifadə olunan əşyaların dizaynı arasında müəyyən analogiya yaradır. Müəllif əşya-insan münasibətlərinə sistemli yanaşama gətirir. Dizayn problemlərinə olan maraqlı yanaşmalar kitabı daha da oxunaqlı edir. Birmənalı şəkildə "ilkin problem"-in müəyyən olunması və aradan qaldırılması müdafiəsi olunur. Dizayn problemlərinin kökü ilə əlaqədar göstərilən təyyarə nümunəsi (təyyarədə pilotların yol verə biləcəyi səhvləri və qəza riskini azaltmaq üçün edilən idarəetmə pultunun dizayn dəyişikliyi) olduqca maraqlı və yaddaqalan oldu. Bu bir daha istifadəçinin psixologiyası ilə əşyaların dizaynı arasında olan əlaqəni qabardır. Böyük, bahalı brendlərin ən əsas uğuru indiki yüksək rəqabətli mühitdə məhz dizayn məsələlərində üzə çıxır. Məhz dizayn əşyalara ən çox nail olunmaq istənən məhsul xüsusiyyəti - rəqabətqabiliyyətliliyi bəxş edir. 
Pis dizaynı düzəltmək üçün ilkin problemi tapın. 
Yaxud da Toyota təcrübəsi: 5 niyə sualı. Toyotada ilkin problemləri axtarıb tapmaq, hətta gizli qalmış məqamları üzə çıxarmaq üçün daima 5 dəfə niyə sualı verilir. Müvafiq arqumentasiya icra olunur və hətta problemlərin səbəbi və kökü tapıldıqda belə yenə də beş dəfə niyə sualı verilir. Belə nümunələr kitabda zəngindir. İKEA şirkətinin təcrübəsi və məhdudiyyətlərin dizayna yaratdığı şərait haqda yazılanlar diqqətəlayiqdir. 
Yaxşı düşünülmüş məhsul istifadəçi ilə ünsiyyət qurur və müəyyən bir qarşılıqlı əlaqə yaradır. 
Dizayn və texnoloji təkamül bizə 10 il bundan öncə bacara bilmədiklərimizi və ya çətinliklə bacardıqlarımızı daha effektiv icra etmək şansı verir. Eyni zamanda dizayn bizə tamamilə yeni iş imkanlarını təqdim edir. 5 il bundan öncə 1 saata gördüyümüz işi yeni dizayn olunmuş müasir məhsullarla 20 dəqiqəyə və ya daha az müddətə icra edə bilirik. 10, 15, 20 il bundan sonrakı nailiyyətləri düşünmək bir o qədər çətin deyil artıq, lakin məhsul dizayn olunarkən mütləq insana yönəlik olduğu unudulmamalıdır. Çünki tez-tez dizaynerlər, mühəndislər və məhsulun yaradılışında iştirak edən digər ixtisas sahibləri insana yönəliklik prinsipini unudurlar və beləliklə də özlərini böyük uğursuz nəticələrə məhkum edirlər. 
Dizayn insana orientasiya olunmalıdır. 

İnsana orientasiya olunmuş məhsulu necə yaratmaq olar?
  1. Problemin mahiyyətini başa düşmək üçün insanların məhsulla necə münasibət qurduqlarını və hansı problemlərlə qarşılaşdıqlarını müşahidə etməlisiniz.
  2. Problemin həllini təmin edəcək ideyanı tapın. 
  3. Prototip yaradın. Köhnə məhsulun yaratdığı narahatlıqları aradan qaldıran və yenilərini yaratmayan prototip olduqca vacibdir. 
  4. Test etmək. Keçmiş problemlər yenə yaranırmı? Yaxud da yeniləri əmələ gəlirmi?
Belə bir şablon dəfələrlə və dəfələrlə təkrar olunaraq məhsulun insana adaptasiyasın prosesini təşkil edəcəkdir. 
Uğurlu məhsullar səbr tələb edir. Eyni zamanda marketoloqlarla dizaynerlər arasında əməkdaşlıq qaçılmazdır. Norman qanunu: yeni məhsulu inkişaf etdirilməsi həmişə büdcə və iş qrafikindən kənara çıxır. Məhsulun insana yönəlik olması asan bir şey olmasa da, dəqiq planlaşmaya həmişə böyük ehtiyac var. 
Kitabın sonunda müəllif bir daha toxunduğu məqamları xülasə formasına salıb dizaynın insanların arzu və istəklərinə adaptasiyasının vacibliyindən söhbət açır və uğurlu dizaynın bir çox texnoloji və digər risklərin azaldılmasında vacib olduğunu qeyd edir. Kitab geniş oxucu kütləsi üçün yararlıdır və olduqca maraqlıdır. Bir daha təkrar etmək istərdim ki, artıq yaşadığımız cəmiyyətin xüsusiyyətləri dizayn biliklərinə sahib olmağı mütləq edir. Odur ki, dizayn haqda biliklərinizi mütləq dizayn edin!



Comments

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Janrlar və mən

Kamal Abdulla - Sehrbazlar dərəsi