Xalid Hüseyni - Və dağlardan səda gəldi

Халед Хоссейни - И эхо летит по горам 
Khaled Hosseini - And the Mountains Echoed

Təqdimat - 1952-ci ilin Əfqanıstanı. Abdulla və bacısı Pəri ataları və ögey anaları ilə birlikdə kiçik Şadbag kəndində yaşayır. Ataları Sabur ailəsini yoxsulluq və sərt qışdan çıxarmaq üçün daim iş axtarışındır. Elə adı kimi gözəl olan Pəri Abdullanın hər kəsidir. Bacısına qardaşdan çox valideyn olan Abdulla onun uğrunda hətta qurban getməyə hazırdır. O, Pərinin sevdiyi lələyi əldə etmək üçün yeganə ayaqqabılarından da keçməyə razı olur. Hər gecə balaca çarpayıda qol-boyun, ayaqları bir-birinə dolaşmış halda yatırlar. Bir gün bacı-qardaş ataları ilə birlikdə səhralıqdan keçərək Kabilə səfər edir. Pəri və Abdulla onları bir-birindən ayrı salacaq taledən xəbərsizdir. Bəzən insan əlini xilas etmək üçün bir barmağından keçməli olur… 

Təəssüratlar - "Çərpələng uçuran" əsərini oxuduqdan sonra əfqan uşaqlarının, daha sonra əfqan kişilərinin (atalar və oğulların) insani və mənəvi borcları haqqında realistik həyat dramı oxuduğumu başa düşmüşdüm. "Min möhtəşəm günəş" əsərində isə müasir Əfqanıstanda qadınların (analar və qızlar) üzləşdikləri çətinliklər və faciələri gördüm. "Və dağlardan səda gəldi" romanında isə uşaq dünyasının necə böyüdüyünü və böyüyərək necə itirdiklərini müşahidə etdim. Gördüyümüz kimi 21-ci əsrin ən tanınmış əfqan yazıçısı olan Xalid Hüseyni bizlərə hər bir kitabı ilə yeni baxış bucağı, yeni həyat hekayələri təqdim edir. 

Kitabın ilk səhifələrində oxunan qəribə pritça əsərə giriş üçün olduqca yerinə düşüb. Daha sonra biz böyük və qocaman ağacın budaqlarını gəzməyə başlayırıq. Biz dağları görürük. Biz səs - əks-səda eşidirik. Şərq mistizmi səsin yarandığı andan etibarən əbədi olaraq yaşadığını deyir. İnsanların təqvimi ilə ölçdükdə biz hansısa səsin əks-səda kimi yenidən özümüzə qayıdışını heç zaman dəqiqlikdə təxmin edə bilmərik. Bu əks-səda ən müxtəlif formalarda özünü biruzə verə bilir. Qəribə xronologiya və qəribə təzahürlər...

Əfqanıstan və onun övladlarının ağrıları haqqında yazmaq çətindir. Daha da çətin olan dünyanın müxtəlif qitələrinə səpələnmiş əfqanlar və onların keçmişi haqqında yazmaqdır. Bu baxımdan Xalid Hüseyni özünəməxsus ədəbi kontrast yaratmış olub. Əfqanıstanın bir ölkə kimi əsərdə çıxışı azdır. Əsas əfqanların xarici ölkələrdə onların cəmiyyətləri ilə olan münasibətləri və keçmişləri ilə hesablaşmalarıdır. 

Məyusluq - Məyusluq başlığı altında yazıçının üçüncü kitabının üzərimdə yaratdığı xoş olmayan hisslər haqqında yazmaq istərdim.
Çünki "Və dağlardan səda gəldi" əsəri biznes dünyasının nüfuzunun bədii ədəbiyyat və yazıçılıq üzərində qazanılan növbəti uğuru kimi də qiymətləndirmək olar. Bu proses iyirminci əsrin əvvəllərindən başlayıb. Uğurlu əsərləri olan yazıçılar adətən bir və ya iki çox məşhur əsər yaratdıqdan sonra nəşriyyatların çoxsayılı təkidi və bəzən də təzyiqi sayəsində könülsüz olaraq yenə də kitab yazmaq qərarını verirlər. Bunu adətən nüfuzlu nəşriyyatlar edir. Nəşriyyatlar bu üsulla gəlirlərini artırmaq və gündəmdə qalmağı planlaşdırırlar. Yazıçıya müəyyən vaxt tanınır və deyilir ki, bu vaxt ərzində kitab hazır olmalıdır. Son dövrlərdə bu proses kifayət qədər geniş yayılıb. Təcrübə isə göstərir ki, yazıçıların 1, 2 nadir hallarda 3 şah əsərləri ola bilir. Digər əsərləri olsa belə, həmin əsərlər şah əsərlərin hesabına satıla bilir. "Və dağlardan səda gəldi" romanının bu formatlı olduğunu desəm, bilmirəm mənimlə nə qədər insan razılaşacaq, yaxud da mən çox qəddarcasına çıxış edəcəyəm, yoxsa yox. Buna baxmayaraq, romanın əla giriş hissəsinə rəğmən, davamı olduqca paralel həyat dramları, pərakəndə əhvalatlardan ibarətdir ki, adətən yazıçılar əsərlərinin həcmini böyütmək üçün paralellik prinsipindən istifadə edirlər. Çünki düzxətli bərabərsürətli süjetin ömrü uzun olmur. Nəticədə kitabın həcmi az ola bilər ki, bu da nəşriyyatın ürəyincə olmaya bilər. Sübut olunub ki, insanlar qalın həcmli kitablara həvəslə və ürəklə pul xərcləyirlər. İnsanlarda qalın kitab daha çox dəyər əldə etdiklərinin illüziyasını yaradır. Bu illüziya yaxşı oxucularda deyil, adətən kitab mütaliəsinin istehlak cəmiyyətinin elementi kimi qəbul etmiş insanlarda belə olur. "Və dağlardan səda gəldi" romanını müəyyən qədər bu yazılanlar çərçivəsində dəyərləndirmək mümkündür. "Çərpələn uçuran" "Min möhtəşəm günəş" əsərlərindən fərqli olaraq "Və dağlardan səda gəldi" əsəri insanla güclü mənəvi əlaqə yaratmır. Bu proses sadəcə müəyyən hissələrdə baş verir. Xalid Hüseyni populyar mədəniyyətə xüsusi şərqsayağı dramatizm qatan yazıçıdır, lakin "Və dağlardan səda gəldi"-də bunu tam mənasıyla hiss edə bilmədim. İstər çox qısa müddət ərzində oxuyun, istərsə də uzun müddətə, isytənilən halda paralelik və çoxlu zaman səyahətləri oxucunu yora bilər. Başqa sözlə, açıq-aşkar bədii dəyərin yaradılışı prosesi ilə deyil, sadəcə uzunçuluqla rastlaşdım. Romanın sonlarında isə romantik triller adlandıra biləcəyim fenomenlə də rastlaşdım ki, sözün düzü yazıçının niyyətini tam başa düşməkdə çətinlik çəkdim. 

Ən əsası romanı çaya bənzətsək, necə ki çay çoxlu kiçik qollara ayrılıb öz gücünü və sürətini itirir, eləcə də roman bir neçə hekayəyə ayrılıb öz axıcılığını itirir, parçalanır, zəifləyir. Mənim mütaliə macəram kitabın qollarında zəiflədi. Kifayət qədər səbirli olmaq lazımdır ki kitabın ikinci yarısını müəyyən templə oxumağa müvəffəq olasan. 

Hər bir halda Xalid Hüseyni yenilik etməyi bacarır və bu baxımdan əsərləri diqqətəlayiqdir. 

Xalid Hüseyni - Min Möhtəşəm Günəş

Comments

  1. Əsəri oxumağa başlayanda fikirləşirdim ki, Pəri ilə Abolanın təsirli həyat hekayəsində itəcəm, çünki elə gözəl başladı ki. Tədricən özümü fərqli, hərəsi bir romana mövzu ola biləcək hekayələrdə tapdım, əsas obrazlar kölgəyə çevrildi.
    Qeyd etdiyiniz məqamdan sonra (biznesin təsiri) məndə belə bir təəssürat yarandı. Əsər yazıçının təxəyyülündə formalaşmaqda olan müxtəlif romanların tələsik bir araya yığılmış formasıdı.
    Bütün bu neqativliklər, mənim də Xalid Hüseynidən gözləntilərimi qarşılamasa da, qəti şəkildə "pis romandı" deyə bilmirəm, çünki təsirləndiyim, öyrəndiyim çox hissələr olmuşdu.

    ReplyDelete
    Replies
    1. Əlbəttə, mən də "pis romandı" deyə bilmərəm, amma öncəki əsərlərindən fərqli olaraq bu əsər həqiqətən məni nəinki sadəcə məyus etdi, müəyyən mənada da yordu. Məni narahat edən ən əsas cəhət axıcılığın olmaması idi. Qeyd etdiyiniz kimi kitabın ilk hissəsi və Nila Vəhdəti ilə Etiyev Bustule arasında olan müsahibələr çox axıcı oldu və çox şey öyrəndim, lakin digər paralel hekayələr "filler" xarakterlidir.

      Delete

Post a Comment

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Janrlar və mən

Kamal Abdulla - Sehrbazlar dərəsi