"Tatyana Tolstaya - Kıs" gündəliyi

Bu gündəliyi yazmaqda əsas məqsədim mütaliə zamanı ortaya çıxan maraqlı fəlsəfi-bədii məqamları bölüşməkdir. Resenziyada bunu etmək bir o qədər də praktiki deyil. Gündəliklə bir çox məsələlərin üzərində detallı dayanmaq mümkündür ki, bu da kitabı oxumayan, lakin onun haqqında məlumat əldə etmək istəyən insanlar üçün müəyyən dəyər təqdim edir. 

09.06.15 - Ümumiyyətlə kitaba başlamağımın əsas səbəbi mənə maraqlı olan iki vacib elementin bu kitabda kəsişməsidir: bunlardan birincisi postatom müharibəsi dövranı və rus cəmiyyətinin buna verəcəyi cavab reaksiyalarıdır. Ümumiyyətlə dünyada rus cəmiyyəti öz qəribə tərzli gündəlik ailə-məişət həyat tərzi ilə (xüsusilə də şəhər ətrafı və kənd və qəsəbələrdə) diqqətimi cəlb edir. Və budur biz atom müharibəsindən sonra yaranan yeni era ilə qarşı-qarşıyayıq. Romanda da deyildiyi kimi insanlar "silah" adlanan oyuncaqları ilə oynayarkən belə bir qəribə era yarandı. Qəribə varlıqlar, qəribə həyat tərzi, qocalmayan insanları və ən əsası da Kıs ilə bu cəmiyyət tipik rus, başqa sözlə, tipik insan cəmiyyətinin xüsusiyyətlərini özündə birləşdirməyə davam edir. 

10.06.15 - Bu gün dünənki gündən fərqli olaraq "Kıs"-da mən xaos görürəm. Dinamik süjet bir yerdən o biri yerə atlayır və hadisələr minimal cümlə sayı ilə çatdırılır ki, bu da oxucunu özünü itirməsinə səbəb ola bilər. Bir az darıxdım, amma davam edəcəm. 

11.06.15 - Artıq üç gündür ki oxuyuram ki, insanlar atomdan sonra siçanlar və siçovullarla qidalanırlar. Başa düşmürəm insanlar pişikləşir?? Əsas qida növü məhz bu canlılardır. Digər canlılar şüualanma nəticəsində müəyyən xüsusiyyətlər qazanmışlar ki, bu da öz növbəsində insan üçün fəsadlı qidaların sayının artmasına səbəb olub. Digər maraqlı qeyd kimi onu yaza bilərəm ki, insanlar şüalanma nəticəsində normadan çox qulağa, buruna, gözə, barmağa və ya başqa artıq orqanlara sahib olublar. Onlar ya belə doğulublar, ya da dəyişiliblər. İnsanların gözəllik və yaraşıq anlayışları və ölçü meyarları da məhz bu anomaliyalara uyğunlaşıb. 

12.06.15 - Fəlsəfi mövzulara rast gəldim. Onlar arasında varlıq haqqında suallar, insan həyatının mənası və cinslər arasındakı hisslərin falsifikasiyası kimi əsas mövzular atomdan sonrakı məxluqların paradiqması ilə dəyərləndirilir. Maraqlıdır. 
Tatyana Tolstaya

14.06.15 - Şəxsiyyətə pərəstiş məsələləri maraqlıdır. Fyodr Kuzmin adlı şəxs lider kimi qəbul olunur. Əsərin əsas obrazının onunla görüşü maraqlı oldu. Fyodr Kuzmin atom bombasından öncəki insanlardandır. Postatom erasını da elə əvvəlki era kimi formalaşdırmaq istəyir. Hərgah ki, ondan artıq insanlıqdan əsər-əlamət qalmayıb, amma yenə də kifayət qədər humanist məxluqdur. Kütləni sevir və onun xeyirinə qərarlar verir. Fyodr Kuzmin əsərdə xoşuma gələn ən əsas obraz oldu. Açığı yadda qalmayan və maraqsız məqamlar çoxdur, amma sona qədər oxumaq istəyirəm. Bu postatom erası çox qəribədir. Bir məsələ haqqında da deyim. Fyodr Kuzmin "Şopenhauer" də yazır hərdən. Mən belə başa düşdüm ki, "Şopenhauer" postatom erasında janr adıdır. İnsanlar Fyodr Kuzminin "Şopenhauer"-lərini oxusalar da başa düşmürlər. Heç kim başa düşmür, amma Kuzminin xətrinə oxuyurlar. 

15.06.15 - Ümumiyyətlə "Kıs" insanları daima qorxuda saxlayan məxluqdur, hansı ki meşədə yaşayır və insanları onlara toxunan baxışları ilə müşahidə edir. Baş obraz da Kısdan qorxur. Baş obrazın Kısa olan münasibəti bizim postapokaliptik cəmiyyətin qorxuları və inancları haqqında məlumat əldə etməyimizə köməkçi olur. Nəzərə alsaq ki, atom partlayışından sonra kitablar radiasiya mənbəyi olmuşdur və onlar gizlədilmişdir, qadağan olunmuşdur, cəmiyyət özünə yeni qorxular, başqa sözlə yeni din yaratmağa başlamışdır. Burada biz dinin falsifikasiyası ilə üzləşirik. Belə ki, Feyerbaxın da yazdığı kimi dinin gücü insanın daima kömək axtarmasında və qorxularındadır. Bu baxımdam yazıçı Kıs obrazından məharətlə istifadə etmişdir. 

16.06.15 - Aha, Benedikt, baş obraz, öz cinsi ehtiyaclarını ödəmək üsullarından danışır. Bu üsul çox sadədir. Sadəcə fahişə yanına gedən Benedikt öz romantik fantaziyalarını da onunla bölüşür hərdən. Xarici görünüşün heç bir əhəmiyyət daşımadığını deyən Benedikt, bu fikirlərlə cinsi ehtiyacını ödəmək üçün özünü necə əsaslandırdığını və dəyərləri haqqında fikir söyləməyə kömək edir. Eyni zamanda bu fahişənin partlayışdan sonra dəyişikliyə uğramış fizionomiyası diqqət cəlb edir. Hətta belə bir mutant cəmiyyətdə də, insan tarixi ənənələrini formalaşdıran xarakterik xüsusiyyətlərindən əl çəkmir. Fahişəlik kimi tarixi qədim olan məsələ postapokaliptik cəmiyyətdə də əhəmiyyətini itirmir və partnyor cəlb etməyə cinsi və psixoloji enerjisi olmayan Benedikt kimi insanların ümid yerinə çevrilir. 

17.06.15 - Benedikt (əsərin baş obrazı) bədənində olan quyruğu, başqa sözlə, partlayışın fəsadını yaxın dostuna, Nikita İvaniçə elan edir. Dostu bunu atavizm adlanrır və ondan can qurtarmalı olduğunu bildirir. Daha da maraqlısı isə odur ki, bu Benediktin normal vətəndaşdan (qolubçikdən) fərqləndirən xüsusiyyətləri bu quyruqla ifadə olunur və əgər ondan can qurtarsa hər şeyin yaxşı olacağı deyilir. Belə bir xüsusi məğzi olmasa da, bu məqam beynimdə ilişib qalıb. Digər əhəmiyyətli məsələ isə Benediktin evlənmək niyyətinə düşməsi oldu. Benedikt elçi gedir və qəribə faktlarla qarşılaşır. Belə ki, potensial qaynatası və qaynanası çox qəribədirlər. Onlarda partlayışın fiziki fəsadları daha çoxdur. Həm də buradan belə bir nəticə çıxır: partlayış nəticəsində insanda nə qədər çox fəsad yaranırsa, onun sosial statusu bir o qədər yüksək olur. Partlayışa qədər insanlar sosial statusu bilikləri, savadları, dünya görüşləri və pulları ilə əldə edirdilərsə, postapokaliptik cəmiyyətdə bu belə deyil. Hətta ümummilli lider olan Fyodr Kuzminin insan olduğuna böyük şübhələrim var. Mənə elə gəlir ki, o daha çox hansısa başqa canlının fəsad sayəsində əqli şüur qazanmış nəticəsidir. Benedikt isə kifayət qədər normal insandır. Bu baxımdan adi dövlət kontorunda klerk kimi çalışır. Bu əsas hadisələr ətrafında bu cəmiyyətin yas, evlilik və evlilikdən sonrakı həyat haqqında formalaşdırdığı dəyərləri və adət-ənənələri təsvir olunub. 

18.06.15 - Güzgü yoxdur. İnsanlar bu yeni erada güzgü deyilən əşyadan istifadə etmirlər. Tarixi əşya kimi haqqında məlumatları var. Özlərinə baxmaq istəsələr suyun səthinə baxırlar. Burada yazıçının demək istədikləri var. Belə ki insanlar güzgüdən ona görə istifadə edirlər ki, xarici görünüşlərinə düzəlişlər etsinlər. Bu cəmiyyətdə isə insanlar xarici görünüşlərində düzəlişlər etməyə ehtiyac duymurlar. Başqa sözlə yenilənmə və təkmilləşmə yoxdur. Daha da qəribə orasıdır ki, insanların paradiqmaları o dərəcədə dəyişilib ki, bu onlar üçün tamamilə normal gəlir. Buna baxmayaraq, Benedikt ədəbiyyata və incəsənətə olan marağı onun bir şəxsiyyət kimi fərqliliyindən xəbər verir. Bu məsələ yazıçıların ən sevimli fəndidir. Homogen cəmiyyətə fərqli fərd bəxş edərək ədəbiyyatın əsas funksiyası olan insanı tərbiyələndirmək və onda yeni düşüncə üfüqləri yaratmağı gerçəkləşdirməyə çalışırlar. Benedikt o qədər irəli gedir ki, hətta ümummilli lideri ifşa etməyə müvəffəq olur. Artıq daha böyük planlar qurmağa başlayır. Özünə oxşar insanları taparaq xüsusi cəbhə yaratmaq qərarın verir. Cəmiyyətlərinin şanlı tarixə, elmə və ədəbiyyata sahib olduğu dəfələrlə vurğulanır. O, artıq sadəcə izləyici olmaq istəmir, müdaxilə etmək və yaxşılaşdırmaq işartıları onun aydınlanmağına olan işarətlərdir. Hər halda onun bütün fikirləri cari cəmiyyətin total və sosial-siyasi nəzarəti altında gerçəkləşir. Onun daxilində sadəcə mənəvi-dini qorxuları yox, həm də bilavasitə fiziki işgəncələrə çevrilə biləcək siyasi qorxuları da görürük. Əlbəttə onun müəyyən arxayınlıqları formalaşsa da, bu hələ hər şey demək deyil. İkili standartlar bu cəmiyyətdə də əhəmiyyətini itirməmişdir. 

19.06.15 - Məsələnin mahiyyəti ora gətirib çıxarır ki, Benedikt qaynatası ilə birlikdə inqilab etmək qərarına gəlir. Əlbəttə tarixin bizə sübut etdiyi kimi bu inqilab sadəcə tiran əvəzetməsindən başqa bir şey deyil. Benediktin qaynatası Kudiyar Kudiyareviç hakimiyyəti ələ keçirərək yeni ictimai-siyasi nizam-intizam yaratmaq istəyir. Benedikt isə nə hakimiyyət adamıdır, nə də vəzifə. Benedikt bir kənarda ədəbiyyat və incəsənətdən zövq alaraq sakit həyat yaşamaq istəyən birisidir. Corc Oruell demiş "inqilab balalarını yedi". Xətrini çox istədiyim fırıldaqçı Fyodr Kuzminin öldürülməsi məni məyus etdi. Bu obrazı çox sevirdim. Daha sonra edama həvəs salan Kudiyar, ali mərtəbədə olan intellektuallar deyə biləcəyimiz qrup tərəfindən şəhərin məhvi hesabına məğlub edilir. Həmin insanlara intellektual demək də olmaz əslində. Onlar nə isə fərqli insanlardırlar. Böyük ehtimal biz xeyirlə şərin mübarizəsinin xeyirin hesabına qələb ilə qarşılaşırıq. 

Kitab maraqlı oldu. Hər kəsə görə olmayan kitab, yuxarıda da qeyd etdiyim kimi xaotik xüsusiyyəti ilə  məni yorurdu. Söhbətin nədən getdiyini bəzən itirirdim. Ani süjet sıçramaları diqqəti yayındırır. Bütün bunlarla yanaşı, Rusiyada məşhur olan bu əsəri oxumağıma sevindim. 

Comments

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Janrlar və mən

Kamal Abdulla - Sehrbazlar dərəsi