Tatyana Tolstaya - Kıs


 Татьяна Толстая - Кысь

"Kıs" Tatyana Tolstayanın etnosentrik və postapokaliptik antiutopiyasıdır. Romanda atom müharibəsindən sonra Rusiya ilə nələrin baş verəcəyi haqqında təsvirlər yer alıb. Roman ironiya və istehzalarla zəngindir. Əsərin postsovet cəmiyyətinin məhvinin metaforasını simvolizə etdiyinə şübhə yoxdur. Belə ki, əsərdə münasibətlərin və şüurun arxaizasiyası, dövlətin inhisarı, şəxsiyyətə pərəstiş kultu, xüsusi xidmət orqanlarının hakimiyyəti və s. kimi məsələlərə rast gəlinir. 


Əsərin dili olduqca qarışıq və kobud sözlərlə zəngindir. Yazıçının özü bu məsələ ilə əlaqədar qeyd edir: "Şükür allaha, bu məqam çox az adamı narahat edir. Kobud sözlərin yazılı mətndə yer alması kimi diskussiyalar artıq bitib". Romanın qəhrəmanları karikatur dialektdə, qəribə sözlər və ifadələrlə, eyni zamanda rus dilinin müxtəlif dialektlərinə xas sözlərdən istifadə edərək bir-biriləri ilə ünsiyyət qururlar. Müəllif tərəfindən yaradılmış neologizmlərə də kifayət qədər çox rast gəlinir. Əsər 1986-cı ildən 2000-ci ilədək olan müddətdə yazılmışdır. 2001-ci ildə "Триумф" və 2011-ci ildə "Студенческий букер десятилетия" mükafatlarına layiq görülmüşdür.

Yazıçı tərəfindən istifadə olunan yazı üslubu, sözlər və ümumi struktur bizə haqq qazandırır ki, "Kıs"-ın linqvistik fantastika olduğunu deyək. Qərb ədəbiyyatının futuristikasından fərqli olaraq Rusiya ədəbiyyat öz yaradıcıllığı və yeni fəlsəfi yanaşmaları ilə bu məsələyə bir o qədər də hazırlıqlı deyil. Bu baxımdan Tatyana Tolstaya "Kıs" əsəri ilə dilin yardımıyla yenilik yaratmağa çalışmışdır. Onu da qeyd etmək faydalı olardı ki, "Kıs" bir çox rus ədəbi tənqidçiləri tərəfindən "yad dildə" yazılan əsər kimi qəbul olunur. Hətta təcrübəli oxucular belə bu əsər haqqında konkret fikir söyləməkdə çətinlik çəkirlər. Hər halda, satira və antiutopiyanın qarışığı olan "Kıs" 90-cı illərin ilk vaxtlarının maraqlı allüziyasıdır. 

Romanın oxucuya qatdıqları olduqca subyektiv müstəvidə qalsa da, romanı sınaq kimi oxumağa dəydi. İlk öncə o qəribə sözlər və hadisələr bir xeyli təəccübə səbəb olsa da, bir müddətdən sonra onları normal qəbul etmək olur. Tatyana Tolstaya, sanki, dərininə deyil, eninə qazıntı işləri ilə məşğul olur. Qazır və qazır. Dərinliklərdə isə bu özünəməxsus slavyan antiutopiyası yatır. Antiutopiyanın əsas mahiyyətində isə yazıçı tərəfindən rus xalqının seçilmiş olduğuna olan irrasional inamıdır. 

"Tatyana Tolstaya - Kıs" romanına yazdığım gündəliyi oxumaq üçün: keçid

Digər antiutopik əsərlər haqqında resenziyalarla tanış olmaq üçün: antiutopiya 

Comments

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Janrlar və mən

Kamal Abdulla - Sehrbazlar dərəsi