Söhbət - The Conversation - Разговор

Harri Koul qərb sahilində dinləyici cihazlar sahəsi üzrə ən yaxşı mütəxəssisdir. Böyük bir biznesmenin sifarişi ilə şəhərdə gəzişən cütlüyün söhbətini lentə köçürən Harri, yazını dinlədikdən sonra əsas qaydasını pozur. Onun ən əsas qaydası heç vaxt sifarişçinin şəxsi işlərinə müdaxilə etməmək idi. Lakin Harri qaydasını pozur. O, qərara gəlir ki, məsələyə müdaxilə edərək tezliklə baş verəcək qətl hadisəsinin qarşısını ala biləcək. Görünür o, bu qaydanı keçmiş təcrübəsinə əsasən yaradıb. "Mən icazə verməyəcəm ki, bir daha mənə görə kim isə ölsün" deyərkən biz Harrinin keçmişinə və psixoloji vəziyyətinə səyahət etməyə başlayırıq. 

Biz "Söhbət" filmi ilə özünəqapalı və işinin mahir ustası olan Hari Koulun həyatına səyahət etmək imkanı əldə edirik. Koul çirkli işlə məşğul olduğundan onun olduqca məhdud dost çevrəsi var və o, tənhadır. O, müşahidə etdiyi hər bir hadisəyə özünəməxsus tərzdə analitik-paranoid nöqteyi-nəzərdən yanaşır. Harri hansısa prosesi gördükdə beynində çoxlu ssenarilər yaradır və xeyir-zərər kontekstində dəyərləndirmə aparır. Olduqca ehtiyatlı olmalı və yüz ölçüb bir biçməlidir. Ciddi eqoizm aşınmasına məruz qalması ilə daha da içinə qapanıq olan qəhrəmanımızın şəxsi həyatını bilmərrə olaraq gizlətməyə çalışması freydizmi ön plana çıxardır. Altşüura itələnmiş keçmişin reallığı bulanıqlaşdırması isə sona yaxın özünü açıq-aşkar büruzə verir.1 Başqa sözlə, fərqli və maraqlı şəxsiyyətdir. Bu baxımdan "Söhbət" filmi 70-ci illər üçün izləyiciyə yeni bir şey təqdim etməyi bacardı. 

Hər kəsin özünə görə əxlaqi-etik nəticə çıxara biləcəyi ağıllı film çəkmək böyük rejissorluq qabiliyyəti tələb edir. Bu yolda istedadlı aktyorların vacibliyi heç də az deyil. Cin Həkmen (Gene Hackman) və Con Kazalenin (John Cazale) yaratdığı obrazlar düşündürücü və yadda qalandır. Mən filmi izlədikdən sonra dəfələrlə bu obrazların davranışlarını və dialoqlarını xatırladım. Harrison Fordun da kinematoqrafiyaya haralardan başladığını görmək xoş oldu. O, epizodik rolda olsa da, özünəməxsus personajı ilə diqqəti cəlb edir. Bütün texniki və mənəvi yönləri ilə "Söhbət" filmi günü bu gün də aktuallığını itirməmək şərti ilə kinematoqrafiyada ən yaxşı filmlərdən hesab olunur. 

Şübhələrini sonlandırmaq üçün qaldığı oteldə baş verənlər isə filmi tam dərk etməyə imkan verir. Reallıqla xəyal arasında gedib-gələn Harrinin tualet otağında gördüyü qan qorxularının üzə çıxmasıdır. “Ölümdən deyil, cinayətdən qorxuram” deyən Harrinin etdikləri bir növ qarşısına çıxmışdır. O, cinayətin həm iştirakçısıdır, həm də şahidi. Harri Rejissorun baş verənləri tamaşaçını təəccübləndirəcək sonluqla bitirməsi filmin baxımlılığına töhfədir. Telefon danışığında hadisələri ört-basdır etmək istəyənlər tərəfindən artıq izlənildiyi xəbərini alan Harrinin evini alt-üst edib dinləmə cihazı axtarması oyunçunun hədəfə çevrilməsidir. Tərəddüd edərək Məryəm heykəlini yoxlaması isə sadəlövh əqidənin məcburi deformasiyasıdır.2

İstinadlar:

1- ""The Conversation" (1974), F.F.Copolla" yazısı, fotosintez.wordpress.com
2- ""The Conversation" (1974), F.F.Copolla" yazısı, fotosintez.wordpress.com

Comments

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Janrlar və mən

Kamal Abdulla - Sehrbazlar dərəsi