Yelena Ber - Yaxşı əda və biznes-etiket
Елена Бер - Хорошие манеры и деловой этикет. Иллюстрированное руководство
Etiket darıxdırıcı rituallar və mərasimlər toplusu deyil. Etiket ünsiyyətdir. Siz ən müxtəlif insanlarla, ən müxtəlif yerlərdə - restoranda, ofisdə, liftdə, ictimai nəqliyyatda ümsiyyətdə olursunuz. Sizi digərlərindən fərqləndirən və özünəmxsus edən cəhət məhz sizin davranışlarınız olur. Uğurlu iş və ya şəxsi əlaqələr, faydalı insanlarla tanış olmaq, bir sözlə, uzunmüddətli əlaqələr yaradaraq insanlarla ünsiyyətdən zövq almaq məhz sizin etiket qaydalarından istifadə etməyinizdən asılıdır.
Yelena Ber kimdir? Yelena Ber imicmeyker və psixoloqdur. Olduqca maraqlı təhsil yolu var: Milan Moda Akademiyasında, ABŞ-da "Beauty for all seasons" moda məktəbində və Latviyada "Bogomolov İmage School" kimi yerlərdə təhsil almışdır və imic xidmətləri bazarında artıq 15 ildən çoxdur ki, işləyir. Yelena imicin formalaşdırılması, etiket, işgüzar protokollar, hüquqi və fiziki şəxslərə konsultasiya xidmətləri də verir.
Mövzu baxımından oxşar kitablar çox olsa da, bu kitabı məni almağa sövq edən ən əsas cəhət "şəkilli istifadə qaydaları" oldu. Çünki düşündüm ki, çatdırdığı informasiyalar baxımından kitab əgər sxem və şəkillərlə zəngindirsə, deməli informasiya düzgün formada çatdırılacaq. Müəyyən qədər fikrimin təsdiqini tapdım. Belə ki, kitab bir çox məsələyə aydınlıq gətirir. Məsələn, açıq və qapalı məkanlarda kolleqalar və müdriyyətlə görüşmək qaydaları, tanışlıq qaydaları, geyim etiketi, xarici ölkələrə səyahət zamanı fikir verilməli olan məqamlar və s.


Biznesin əsas qanununu unutmayın: əlaqələr, əlaqələr və yenə də əlaqələr. Odur ki, kiçik və orta biznesin böyüməsində yaxşı əlaqələr ən əsas nüansdır. Əlaqələrin əldə edilməsi isə vaxt və yaxşı ünsiyyət bacarıqları tələb edir. Yaxşı ünsiyyət bacarıqları isə yaxşı davranış qaydaları - biznes-etiketdən başqa bir şey deyil. Yaxşı etiket bacarıqları dəyərli resursdur və sosial pillələrdə qalxmaqda ən sadiq dostdur.
Kitabın +ları:
- Qısa, konkret və dəqiq yazılmış kitabdır;
- Kitabdakı etiket qaydaları müasirdir və istənilən cəmiyyətdə tətbiq edilə bilər;
- Kitabda bol miqdarda sxemlərin və şəkillərin olması etiket qaydalarını maksimal dərəcədə anlayışlı edir;
- İqor Mannın kitabda vaxtaşırı qarşıma çıxan maraqlı məsləhətlərini çox bəyəndim.
Kitabın -ları:
- Kitab "Kansler" adlı kişilər üçün geyim istehsalçısı olan Almaniya şirkətinin köməkliyi ilə nəşr edilib. Kitabdakı bir çox illüstrasiyalar Kansler şirkətinin "product placement" strategiyasının tərkib hissəsi idi. Bu da ənənəvi kitab anlayışını məhv edir. Çünki jurnallar və qəzetlərdən fərqli olaraq kitablarda reklamların olmağı artıq kommersiyalaşmayan bir şeyin olmadığını göstərir;
- Bəzi mövzular çox səthi işıqlandırılıb.
Nəticə: Əgər dinamik iş həyatının tərkib hissəsisinizsə, bilin ki, uğur qazanmağın ən əsas yolu sizin şəxsi bacarıqlarınızın keyfiyyət dərəcəsindən asılıdır. Ən əsas kapital sizin özünüzsünüz. Çalışın ki, bu kapital inflayasiyaya məruz qalmasın. Mütəmmadi olaraq inkişaf qaçılmazdır. Yelena Berin kitabı kimi iş-etikası, davranış qaydaları və inkişaf psixologiyasına aid digər maraqlı və dəyərli nümunələr də tapmaq mümkündür. Odur ki, hərəkətsiz qalmağın bir mənası yoxdur.
Comments
Post a Comment