İvan Yefremov - Dumanlı Andromeda - 2-ci hissə
İvan Yefremov - Dumanlı Andromeda - 1-ci hissə
Həyatın xarakterik xüsusiyyətləri
Bu dünyanın insanları fiziki cəhətdən çox yaraşıqlı, güclü və sağlamdırlar. Bu gözəlliyi bir növ yunan gözəllik və təbiilik kultuna dönüş kimi dəyərləndirə bilərik. İrqi fərqlər az da olsa var, amma praktiki əhəmiyyət daşımır, insanlar bir-biri ilə kifayət qədər qarışıb irqi fərqləri aradan qaldıra biliblər. Gələcəyin insanları əcdadlarını hərtərəfli öyrənərək bir çox tibbi biliklər əldə edir və irqi təhlillər aparırlar. İnsanların adları bəyənilən səsləndirmələrə uyğun olaraq seçilir. Məsələn, Dar Veter izah edir ki, onun adı rus mənşəlidir: Dar- vergi, Veter - külək mənasını verir.
Yer sakinlərinin orta ömür göstəricisi 170 il hesab olunur. Sonuncu araşdırmalar sayəsində isə aydın olur ki, bunu 300 ilə qədər artırmaq mümkündür, lakin hələ praktiki mərhələyə qədər gəlmək mümkün olmayıb. Kosmik səyyahlar isə əsasən 100 il yaşayırlar. tibb hələ bu problemə həll yolu tapa bilməsə də, konkret səbəbi də bilinmir. Buna baxmayaraq 100 illik ömür nə isə faciəvi bir fenomen kimi qəbul edilmir. Bu məqamı daha çox daha maraqlı, məsuliyyətli və dolğun həyat yaşağama görə verilən qurban kimi qəbul edirlər.
İnsanlar dostyana, səmimi, müstəqil və məsuliyyətlidirlər. Ünsiyyət prosesi kifayət qədər sadələşib, savad və mədəniyyəti nümayiş etdirən pafoslu söz oyunları və birləşmələri, mənasız çoxbilmişlilik kimi anlayışlar və oyunlar istifadədən çıxıb. Ünsiyyət prosesinin əsas məqsədi informasiyanın ötürülməsidir. İstənilən məsələ ilə əlaqədar birbaşa və konkret danışmaq tələb olunur. Bu o demək deyil ki, insan daha az emosional olub. Əksinə, insan hisslərini əcdadlarından daha yaxşı və səmimi ifadə edə bilir. Məsələn, sevgi münasibətlərində seçilmiş insanlara niyyətin (simpatiyanın) açıq şəkildə bildirilməsi tamamilə normal bir şey kimi qəbul olunur. EVK erasında insanlar arasında nitqsiz ünsiyyətin inkişaf edəcəyi güman edilir.
Planetin ümumi dili var. Struktur baxımından sadə, mütəmmadi, arxaizmlərdən təmizlənmiş dildir. Yazı dilində sadəliyi ilə seçilən "xətti əlifba" istifdadə olunur. Elektronikanın inkişafına baxmayaraq ənənəvi kitab anlayışı və əl yazısı özünü qoruyub saxlayır. Romanın qəhrəmanlarının fikrincə hər şeyin elektronlaşdırılması heç də səmərəli ideya deyil. Dünyada böyük şəhərlər yoxdur. İnsanlar əsasən böyük olmayan, həyat üçün daha əlverişli zonalarda - subtropiklərdə, böyük olmayan yaşayış məskənlərində yaşayırlar. Yaşayış yerinə uzaq yerlərdə işləyənlər isə iş yerinə yaxın bölgələrdə məskunlaşırlar. Köçlər ya işlə, ya da insanın şəxsi istəyi ilə əlaqədar olaraq reallaşdırılır. Bütün yaşayış məskənləri ümumidir və daimi yaşayış üçün insanlar standart şəraitli mənzillər əldə edirlər.
Yerin incəsənəti - musiqi, rəqslər və rəssamlıqlıdır. Musiqi xüsusi diqqət cəlb edir. Belə ki, əsasən elektron musiqi alətləri istifadə olunsa da, musiqini eyni zamanda rənglər də müşayət edir. Periodik olaraq ən yaxşı musiqiçilərin və rəqqasların iştirak edərək yarışdıqları bayramlar təşkil olunur.
Problematika
Bir çox digər əsərlərdən fərqli olaraq "Dumanlı Andromeda" əsərində öyrənən, hiss edən insanlardan ibarət cəmiyyət təsvir olunub. Yazıçı bunu kommunizm adlanan cəmiyyətin vasitəsiylə ifadə edib. Hal-hazırki reallıqları nəzərə alıb kommunizmə güclü rəqib göstərmək çox çətindir. Çox güman ki, yazıçı da insan təbiətinə ən uyğun sistemi kommunizmdə görüb və onu futuristik formaya salıb. Yazıçı özü də bu haqda qeyd edir ki, sosial-ictimai məsələlər, problemlər və elmi-texniki inkişaf və nəaliyyətlər haqqında müxtəlif yüksəkixtisaslı mütəxəssislərin fikrini mütəmmadi olaraq öyrənməyə çalışmış və həll yolları ilə əlaqdar təkliflər toplamışdır. Məsələn, Zirda adlı ölü planet diqqəti cəlb edir. Bu planet atomdan ehtiyyatsız istifadə nəticəsində bütün canlı aləmin sadəcə məhvinin simvoludur. Nəzərə alsaq ki, roman 1956-cı ildə, müxtəlif böyük super güclərin nüvə enerjisindən istifadədə eyforiya yaşadığı illərdə yazılıb, yazıçının müəyyən məqsədyönlü problematik mesajlar ötürdüyünü başa düşmək bir o qədər də çətin olmaz. 21-ci əsrin ikinci onilliyini yaşasaq da, hələ indi müxtəlif alimlər nüvə enerjisinin uzunmüddətli prespektivinin planetimiz üçün necə də təhlükli və öldürücü, məhvedici olduğu barəsində danışmağa, həyəcan təbili çalmağa başlayıblar. Romanda daha sonra Veda Konqun mühazirəsində biz görürük ki, insanlar keçmişdə atom enerjisinin bu təhlükəsindən xəbər tutmuş və daha təhlükəsiz enerji mənbələri tapmaq üçün səylərini birləşdirmişlər. Radioaktiv maddələri isə sadəcə qütblər üzərində olan süni günəşlər üçün yanacaq rolunu oynayır və böyük miqdarda digər resurslar planetdən uzaqlaşdırılmışdır. Yaxud da, digər əsas məsələ müasir insanın sağlamlığına mənfi təsir göstərən mobil telefonların elektromaqnit şüalanmasıdır. Çox maraqlıdır ki, romanda buna da rast gəlmək olar. Belə ki, qeyd olunur ki, fərdi informasiya vasitələrinin şüalanmalarından qorunmaq məqsədilə insanlar ondan imtina edirlər və informasiya ötürüşü süni peyklər vasitəsi ilə müəyyən məntəqələrdə reallaşdırılır.
1970-ci illərdə isə sürətlənən istehsal və istehlak stress və depressiya kimi anlayışların əhəmiyyətini artırdı. Yefremovun dünyasında isə insanların maksimum effektiv işləməsi üçün bu iki amilin yaranmamağına çalışılır. Müxtəlif yuxu proseduraları və fiziki məşqlər buna xidmət edir. Yefremova görə depressiya şəxsiyyətin bir hissəsi deyil, sadəcə müalicə oluna bilən xəstəlik əlamətidir. Onunla mübarizə aparmaq olar, sadəcə düzgün müalicə yöntəmi seçilməlidir.
Roman haqqında Yefremovun şəxsi fikirləri
Romanın ilkin adı "Böyük Həlqə" adlanırdı. Yazıçı özü qeyd edir ki, əsərin üzərində çalışarkən başa düşür ki, digər qalaktikaların dəqiq və dolğun izahını özü bilavasitə dərk etmədən verə bilməz. Odur ki, "Dumanlı Andromeda" adını daha məqsədəuyğun görür.
Oxucu rezonansı
SSRİ vaxtında fantastika janrının görkəmli nümayəndəsi Arkadiy Struqatskiy əsərin ona fövqəl dərəcədə təsir edtdiyini demişdir. Onun dediyinə görə sovet fantastikası üçün inqilab sayıla biləcək belə ruhi yüksəliş hələ olmamışdır.
Bir oxucu kimi mən də Arkadiy Struqatskiyin sözləri ilə tamamilə razıyam. Bir çox digər kosmik-elmi-utopik fantastikadan fərqli olaraq "Dumanlı Andromeda"da ruhi bünövrə var. Oxuyucu bunu mütləq hiss edir. Hər bir söz, hər bir cümlə bunu sübut edir. Heç də hər əsərdə bu belə deyil.
Əsərin ədəbiyyata, kinematoqrafiyaya və musiqiyə təsiri
- Belə bir əsaslandırılmamış fakt var ki, Corc Lukas "Ulduz müharibələri" üçün yaratdığı Dart Veyder obrazını romanın dar Veter adlı obrazı əsasında adlandırmışdır. Müharibənin soyuqluğu nəticəsində müsbət obraz şərin təzahürünə çevrildi.
- Struqatskiy Qardaşları "Dumanlı Andromeda" əsərinin təsiri ilə "İyirmi ikicni əsrdə günorta" adlı əsəri yazıblar.
- Kir Buliçyov "Dumanlı Andromeda"nın obrazlarından olan Mven Masın adından öz hekayələrindən birində ikinci dərəcəli obraz kimi istifadə etmişdir.
- Almanıyanın Leypsiq şəhərində ukraynalı Vitali Zavoyski tərəfindən əsası qoyulan "Erq Noor" adına musiqi layihəsi mövcud olub. Erq Noor romanın baş qəhrəmanlarından birisidir. Musiqi əsasən "atmospheric doom metal" janrındadır.

Comments
Post a Comment