Kölgələr ölkəsində

Gördüyüm hadisə məni müxtəlif dünyaların kəsişməsinə dartıb apardı. Sanki, yer yarıldı, buludlu səma buxarlandı. Həmin anda mən nəyin reallıq, nəyin illüziya olduğunu başa düşə bilmədim. Tamamilə sıravi sistem adamı üçün gördüklərim kifayət qədər ağırçəkili idi. Belə qərara gəldim ki, təəssüratlarımı yazı vasitəsiylə bölüşüm.

Adi orta-məktəb müəllimiyəm. Hər gün işə gedərək yaşadığım ərazinin sakinlərinin uşaqlarına riyaziyyat fənnindən dərs deyirəm. Günlərim tamamilə bir-birinə oxşar keçir. Nadir hallarda uşaqlardan ibarət bu kiçik ekstrakt cəmiyyətdə nə isə maraqlı və ya yaddaqalan hadisələr baş verir. Odur ki, gündəlik həyatım artıq uzun zamandır monotonluğun tərkib hissəsinə çevrilərək onu zənginləşdirib. Lakin bu gün şahidi olduğum hadisə mənə beynimə endirilən zərbə kimi təsir göstərdi. Hadisə haqqında danışmazdan öncə onu deyim ki, deməzdim ki, ətrafımdakı insanlar mənimlə sıx və isti ünsiyyət qurmağa can atır. Bunun üçün onların obyektiv səbəbləri var. İnsanların əksəriyyəti anadangəlmə allergik xəstəliklərdən əziyyət çəkirlər ki, bu da onlara ünsiyyət qurarkən müəyyən kriteriyalara əsaslanmalı olduqlarını məcbur edir. Kimlərinsə düzgün fikrə, vicdanlı və obyektiv yanaşmaya, kimlərinsə də zəhmətkeşlik nəticəsində əldə olunmuş nəaliyyətlərə, incəsənət nümunələrindən zövq almağa qarşı epileptik reaksiyaları olur. Özümdən başqa hamıda bu xəstəliklərə rast gəlmişdim. Sağlam idim və elə buna görə də kifayət qədər çətin sosial həyat yaşayırdım. Riyaziyyat elminin mənə qazandırdığı bacarıqlar daxilində öz həqiqətimi "hesab"lamağa çalışırdım. Odur ki, ziyansız birisi olduğumu uzun müddətdir ki kifayət qədər "isbat" etmiş etmişəm.

Başıma gələn hadisəyə isə riyaziyyat elmi çətin ki, qısa müddət ərzində cavab tapa bilsin. Bəlkə də nə vaxtsa, amma indi alınmayacaq. Hələ ki yaşadığımız fəzadan digər fəzalara keçid mümkün olmayıb. 

Tamamilə adi hesab ediləcək günlərin biri iş günümü tamamlayıb evə qayıdarkən iki yolla, həm evə gedən yolla, həm də öz dünyamdakı cığırla hərəkət edirdim. Haradan gəlib hara getdiyi bilinməyən mövzular, suallar beynimdə ora-bura oynaşırdı. Tez evə gedib yarımçıq saxladığım kitabları vərəqləmək istəyirdim. Hər rəfdən görüşməkdən usanmadığım bəzi qonaqlarımı tez-tez çağırıb onlarla dərdləşmək istəyi məni həyəcanlandırırdı. Ailəm haqqında danışmayacam. Birbaşa qarğalar haqqında danışsam daha yaxşı olar. Yolüstü uşaq bağçasının ərazisində yerləşən şam ağaclarının üzərində kiçik, lakin çox səs-küylü qapqara bulud topası gördüm. Gördüyüm andan etibarən bu mənzərə mənim hərəkət edən bədənimi və fikirlərimi iflic etdi. İlk öncə bunun nə olduğu haqqında minlərlə ehtimal nəzərdən keçirsəm də, qarğa dəstəsinin olduğunu başa düşdüm. Bu kiçik dəstədən inanılmaz dərəcədə gur səs-küy gəlirdi. "Qar-qar", "Qar-qar-qar" və ya "Qar-qar-qar-qar-qar-qar" tipli müxtəlif tezlikli səslərin harmoniyasını duyurdum. Diqqətlə izləməyə davam edirdim ki, dəstədən vurulmuş hərbi təyyarə kimi ayrılaraq var gücüylə uzaqlara uçmağa cəhd göstərən qarğa gördüm. Artıq başa düşməyə başlayırdım. Bu dəstə həmin "təyyarə"ni təqib edirdi. Qəhrəmanımız müəyyən qədər dəstənin zorakılığından ayrılmağa müvəffəq olsa da, tükənən gücü onu yerə eniş etməyə vadar etdi. Endiyi yerdə su gölməçəsindən su içmək istəyərkən qara bulud topası onun üzərində səmada dövrə vururdu. Artıq bədənim hərəkətə gəlirdi, odur ki, yolumu davam etdirməkdə heç bir problem görmürdüm. Yavaş-yavaş öz dünyamdan gələn səsləri eşidirdim. İldırım sürəti ilə qara buludun qarğaya olan hücümunu gördükdə isə yenidən hərəkətsizləşdim. Bu dəfə hər şey daha qanlı oldu. Dəstə qarğanın lələklərini yonmağa başladılar və bəziləri gölməçənin üzərində üzməklə birlikdə yerdə kifayət qədər qara lələk toplanmış oldu. Dəstənin hər bir üzvü çoxluqda olmağın həzzini yaşayaraq proseduraya davam edirdilər. Hər biri böyük zövqlə zərbələr endirir və öz dünyalarında özlərini qəhrəman sayırdılar. Elə bu anda gördüklərim daha çox ilğıma bənzəyirdi. Çünki yerdə bir neçə insan tərəfindən döyülən ağ paltarlı insan silueti gördüm. Onu döyənlərin hamısı qapqara idilər. Sadəcə paltarları deyil, eyni zamanda özləri tamamilə zülmətdən ibarət idilər. Getdikcə insan silüetləri kölgələrlə əvəz olundu. Ətraf-aləm ürək döyüntüsü ritmi ilə ənənəvi fiziki vəziyyətindən çıxıb müxtəlif həndəsi fiqurları xatırladan kölgələrə çevrildi. Sadəcə izləyiciydim. Kölgələr mənim başa düşdüyüm dildə yerdə taqətsiz uzanana hökm oxuyurdular: Sən bizdən tamamilə fərqləndiyinə görə dəstəmizdən sadəcə uzaqlaşdırılmamalı, ümumiyyətlə varlığını dayandırmalısan". Bu nəydi belə? İşə keçən immun sistemi? Zərərsizləşdirilən təhlükə? Yerdə uzanan siluet-kölgənin oxunan bu hökm artıq vecinə də deyildi. Çünki o, yaxşı başa düşürdü ki əzab çəkən o deyil onu məhv etmək istəyənlərdir. Onlar onu məhv edərək daxillərindəki vəhşiliklərin daha da artması üçün qida vermiş olacaqlar. Beləliklə daima özlərinə qurban axtararaq bir-bir özlərini məhv edəcəklər. Vəhşilik adlı heyvanın yemək qabı boş qalmamalıdır. Ümumiyyətlə vəziyyəti başa düşmək çox çətin idi. Hətta cansız bədəni də bir neçə dəfə dimdiklədyib özlərini tam əmin etdikdən sonra qara bulud topası məqsədsiz olaraq ərazidən uzaqlaşdı. 

"Rəfiq, hələ buradasan?" deyən kolleqam məni yavaşda qolumdan tutaraq silkələdi. "Üşümürsən?" deyə bir daha sual verdi. Heç nə cavab vermədim. Buludlara baxım tipik fevral havasının necə də ürəksıxıcı olduğunu düşündüm. Belə ürəksıxıcı vəziyyətdə hətta fantaziyam da üsyan edib məni ələ salırdı. Yoluma davam etdim. Kölgələr ölkəsi heç xoşuma gəlmədi.

Bakı, 19.02.2015

Comments

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Janrlar və mən

Kamal Abdulla - Sehrbazlar dərəsi