Nightcrawler - Стрингер
Neçə illərdir uğursuzcasına özünə yaxşı iş və həyat şəraiti axtaran Luis, Los-Ancelesin kriminal gecə həyatı və jurnalistikası ilə tanış olmalı olur. Yaranmış imkanlardan tam mənasıyla istifadə etmək qərarı verən Luis, oyunu qaydalarına görə oynamağa başlayır. Bu hər nə qədər də qəddar görsənsə də, o, özünə konkret hədəflər qoyur və onlara nail olmağı bacarır.

Fim müasir jurnalistikanın qaranlıq tərəflərini və hər gün bizə göstərilən xəbərlərin hansı qurbanlar hesabına əmələ gəldiyini göstərir. Yeni filmlər arasında olduqca orijinal ideyaya malik olan "Nightcrawler", maraqlı süjet xətti, gözlənilməz əməlləri, fəlsəfəsi və nəticələri ilə heyrətləndirməyə bilmir. "Hədəflər vasitələri doğrulayır" fəlsəfəsinin hakimliyi ilə, film cəmiyyətimizin satirik tənqidi kimi başa düşülməlidir. Çünki ilk öncə cəmiyyət tərəfindən qəbul edilməyən asosial, yalnız bir insan cəmiyyətin öz dilində danışmağa başladıqdan sonra, qısa müddət ərzində elə həmin cəmiyyətin qəhrəmanına çevrilir. İkiüzlülük, saxtakarlıq, əclaflıq və hiyləgərlik kimi hisslər möhtəşəm təsvir olunub. Məntiqli dialoqlar və maraqlı yanaşma tərzi filmin baş obrazını izləyicilər üçün çox öyrədici statusa salır. Luis yaratmaqla nəyisə izləməyin fərqini dərhal başa düşür və sadəcə əməli addımlar atır. Onun üçün insanlar sadəcə material xarakteri daşıyan biokütlədir və istifadə olunmalıdır.
Filmi çox bəyəndim. Son dövrlərdə orijinal ideya təklif edən filmlər azdır. Maraqlı epizodlar bir tərəfdən unudulmazdırlar, bir tərəfdən də çox öyrədicidirlər.
Comments
Post a Comment