Quş Adam - Birdman - Бёрдмэн

Süjet xəttinin mərkəzində bir vaxtlar "Quş adam (Birdman)" adlı super qəhrəman rolunu oynamış keçmiş aktyordu. "Quş adam" ona hər şey vermişdi: məşhurluq, yaradıcıllıq, özünüsübut və s. O, daxili mübarizələrinin müşayəti ilə Brodveydə keçmiş məşhurluğunu və şan-şöhrətinin geri qaytarmaq istəyir. Artıq illərdir ki, o, tək deyil...















Filmin rejissoru Alehandro Qonsalesi mən "21 qram" və praktiki olaraq Daos pritçası formasında çəkdiyi "Byutiful" filmlərindən tanıyırdım. Rejissor özünü olduqca yaxşı formada tanıtdırsa da, bu dəfə bunu uğurlu edə bildiyini deyə bilməyəcəm. "Quş adam"ın həm müsbətləri, həm də mənfiləri var. Qısaca müsbətlər: maraqlı və uzun dialoqlar, fəlsəfi mövzular, təbiilik, aktyorların əla rol ifası. Mənfilər: Banallıq, köhnə süjet texnikaları, filmin içində film (indiki halda teatr), hərdən də aktyorların emosional fonda ifrat ifası. 
Açığı, filmin ilk dəqiqələrindən başa düşdüm ki, bu dünyanı və ya işlədiyi yerə qarşı fəlsəfi-tənqidi-şizofrenik fikirlər səsləndirərək meditasiya edən "Quş adam" mənə yeni nə isə təklif etməyəcək. Uzun illərin film izləmə təcrübəsi məndə bu intuisiyanı yaradıb. Filmi izləməyə bilərdim, lakin son dövrlərdə bu qədər müzakirə və reklam olunan  tendensiyadan kənarda qalmaq istəmədim. 

Əgər vaxt keçdikcə filmlərdə köhnəlmiş ideyalar və texnikalardan istifadə edilirsə, o film və ya digər incəsənət əsəri müdrikliyin ən əsas sualının sınağından çıxmayacaq: "bu mənə nə verir?". Şizofreniya incəsənət üçün az qala ən vacib tikinti materialına çevrilib, lakin sizcə ifratlaşmayıbmı? Nə qədər olar axı? Yaxanı buraxmayan keçmiş, səni başa düşməyən ailə və dostlar, bezginliyin səbəb olduğu divanəlik və intihar. Bütün bunlar yaxşıdı, amma müasir kinoman kimi artıq mənə yeni və daha dinamik ideyalar lazımdı. 

Filmdə incəsənət nümunələrini, ədəbiyyatı istehlak predmetinə çevirib miqdarla ölçən, istehlak edən və emosional şkalasını hər şeydən üstün tutan boz kütlənin təhlili əladır. Kütləvi və bədii incəsənət əsərlərinin özlərinə yer qazanması ilə əlaqədar məqamlar əladır. Aktual və maraqlı mövzudur. Hadisələrin məhz bu təhlil üçün xidmət etdiyini söyləmək olar, amma Brodveydə tamaşa hazırlayan aktyorların səhnə həyatları ilə real həyatlarının qarışmağı və arasındakı sərhədin itməsi də heç də daha az maraqlı deyil. Bütün bunların əsas təminatçısı əlbəttə ki yaxşı aktyor və aktrisalar və onların istedadıdır. 


Xüsusi qeyd etmək lazımdır ki, boz kütləyə filmlərin və kitabların təqdim edilib qəbul etdirilməsi prosesinin incəlikləri mənim üçün ən vacib məqamlardan oldu. Bir çox suallar yarandı: İncəsənət xadimləri üçün nə daha vacibdir: tənqidçilərin yoxsa insaların rəğbətini qazanmaq? İstedadlı olmaq daha yaxşıdır, yoxsa populyar? Aktyorlar və yazıçıların ən əsas istedadı "heyrətləndirmək" bacarıdğıdır. 

Pis film deyil. Şəxsən mənə yeniliklər təqdim etməsə də, maraqlı epizodları, əla aktyor və operator işi ilə diqqəti cəlb edir. 


Comments

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Janrlar və mən

Kamal Abdulla - Sehrbazlar dərəsi