İvan Yefremov - Dumanlı Andromeda - 1-ci hissə

Kitabın rus dilində adı: Иван Ефремов - Туманность Андромеды 

"Dumanlı Andromeda" 1955-1956-cı illərdə İvan Antonoviç Yefremov tərəfindən yazılmış sosial-fəlsəfi elmi-fantastik romandır. Roman ilk dəfə 1957-ci ildə "Texnika - Gənclik" jurnalında dərc edilib. Kitab formasında isə "Gənc Qvardiya" nəşriyyatında 165 000 nüsxədə işıq üzü görür. Dünyanın bir çox dillərinə tərcümə olunan əsər Sovet ədəbiyyatının ən parlaq nümunələrindən, kosmik romantikanın etalon sayıla biləcək nümayəndələrindəndir. 

Əsəri oxumaq qərarını verdikdən sonra keçirdiyim ekstatik hisslər toplusunu sözlərlə ifadə etmək çox çətindir. Yazını bir neçə hissəyə, hər hissəni də müəyyən alt başlıqlar formasında hazırlamaq qərarına gəldim. İlk iki hissədə əsasən Vikipediya məlumatlarının tərcüməsini yerləşdirəcəm ki, əsər haqqında dolğun fikir sahibi olmaq üçün müəyyən fundament yaransın. Üçüncü hissədə isə əsərin şəxsən mənim üçün dəyəri, psixoloji təhlili və təəssüratlarımı yazacam. Bu dəyərli əsər ətraflı təhlil olunmağa və müəyyən oxucu kütləsi ilə bölüşdürülməyə layiqdir, lakin informasiya azlığı və kapitalistik marketinq sayəsində  belə əsərlər kənarda qalır. Odur ki, başlayaq.



                                                  Süjet


Romandakı hadisələr vahid hakimiyyət altında kommunistik cəmiyyətin bərqərar olduğu, intellektin yüksək inkişaf etdiyi uzaq gələcəkdə baş verir. Bu era elmin və incəsənətin yüksək inkişaf etdiyi, kosmosun fəthi, Yer landşaftının və iqliminin süni olaraq yaxşılaşdırıldığı və insan psixologiyasının dəyişməsi ilə fəqrlənir. Oxuyucuya gələcəyin dünyasını müxtəlif yönlərdən göstərmək məqsədilə romanda bir neçə süjet xətti var. 

Birinci süjet xətti "Tantra" adlı kosmik gəmi və onun heyətinin uçuşları haqqındadır. Bütün tapşırıqları yerinə yetirən heyət Yerə qayıdarkən, Günəş Sisteminin yaxınlığında yerləşən və əvvəllər naməlum olan "Dəmir Ulduz"un qravitasiya sahəsinə düşürlər. Heyət faciədən can qurtarmağa çalışır. Komandir Erq Noor bu ulduzun bir planetinə eniş etməyi bacarır. İnanılmaz olsa da, onlar öyrənirlər ki, bu planetdə iki dənə də əlavə kosmik gəmi var: uzun illər öncə izsiz-tozsuz qeyb olmuş "Yelkən" kosmik gəmisi və spiral formalı başqa sivilizasiyanın kosmik gəmisi. Eyni zamanda "Tantra" gəmisinin heyəti yerli planetin sirli həyat forması ilə qarşıdurma da yaşayır. 

Süjeti əmələ gətirən digər hadisələr isə Yerdə baş verir. Xarici stansiyalar üzrə cavabdeh Dar Veterdə ciddi psixoloji xətəlik aşkar olunur: işə və həyata qarşı laqeydlik (depressiya). Yaxın dostu Veda Konqun dəvətini qəbul edərək arxeoloji qazıntılarda iştirak edən Dar Veter müəyyən qədər müalicə olunur. Lakin Veda Konqa qarşı olan dostluq münasibətləri sevgiyə çevrilir. Sevgi münasibətləri alınmır və Veda Konq öz sevgilisini gözləməli olur. Dar Veter isə Cənubi Amerikaya titan mədənlərində işləməyə gedir. 

Fizik Ren Boz isə planetar miqyasda riskli və təhlükəli təcrübə keçirmək istəyir. Bütün qadağalara baxmayaraq o, Mven Masla birlikdə bu təcrübəni gerçəkləşdirirlər, lakin nəticələr pis olur. 

Rəssam Kart San müxtəlif irqlərin ən yaxşı nümayəndələrinin rəsmlərini çəkməklə məşğul olur. Onu qeyd etmək lazımdır ki, təsvir olunan dünyada artıq irqlərin bir-birindən kəskin fiziki fərqləri nəzərə çarpmır. Sadəcə olaraq yazıçı ötüb keçənləri bir daha vurğulamaq üçün Mven Ması zənci afrikalı, Dar Veteri isə öz slavyan əcdadlarının fenotiplərini qoruyub saxlamış olduğunu vurğulayır. 

Kitabın sonlarına yaxın birbaşa demokratiyanın labüd etdiyi kimi ümumi yığıncaq keçirilir və orada planetin bütün səlahiyyətli şəxslər toplanır. Müxtəlif maraqlı fikirlər və qərarlar səsləndirilir. Ümumi yığıncaqla paralel Veda Konq arxeoloji qazıntılar vasitəsiylə qədim sivilizasiyanın mədəni nümunələrini aşkara çıxara bilir. Lakin dəmirdən olan darvazanı aça bilməyərək qədim dünyanın sirlərinə tam yiyələnə bilmirlər. Əslində bu məqmın özü öna işarə edir ki, çox güman ki, hadisələrin cərəyan etdiyi Möhtəşəm Həlqə Erasından öncəki eranın sonunda, bəşəriyyət nə isə dağıdıcı apokalipsisə məruz qalmış və sadəcə sağ qalmışlar Möhtəşəm Həlqə Erasının əsasını qoymağa müvəffəq olmuşlar. 

Əsərin finalı da özünəməxsus, romantik və fərqlidir. Məsafənin uzunluğuna görə bir daha geri dönməmək şərtilə kosmik səyahətə çıxan Erq Noor və Niza Krit dostları tərəfindən kosmosa ötürülürlər. Bir çox suallara cavab verilir. Böyük Həlqəyə daxil olmayan Dumanlı Andromeda qalaktikasından isə vacib və maraqlı informasiya qəbul edilir.


Gələcəyin Dünyası: Yerin tarixi


Yefremov əsəri yazmağa başlayanda bəşər tarixinin gələcəyi ilə əlaqədar konkret il baxımından müəyyən proqnozlar verir. Romanın çapı ərəfəsində kosmosun aktiv fəthi prosesləri başladığına görə Yefremov bəşəriyyətin yüksəksürətli inkişafının 300 deyil, 200 deyil, daha qısa müddətdə ola biləcəyini bildirir. Əlbəttə, yazıçının təfəkkürü çox dərin və uzaqgörən olduğu üçün onun ehtimal və proqnozlarını ciddi qəbul etmək olar. O, müxtəlif romanlarında müxtəlif təqvimlərdən istifadə etsə də, fikrincə, bəşəriyyətin qaranlıq dövrləri təxmini olaraq 2035-ci il və 2046-cı illər arasında sona çatacaq və ali cəmiyyətin qurulmasında ilk ciddi addımlar atılacaq. 

2047-ci ildə Dünyəvi Birləşmə Erası başlayacaq: Ölkələrin birləşməsi əsri, Müxtəlif Dillər Əsri, Enerji Uğrunda Mübarizə Əsri, Ümumi Dil Əsri kimi əsrlər bu eraya daxil olub. 

2287-ci ildə Ümumi Əmək Erası başlayır. Tərkibində Əşyaların Sadələşməsi Əsri, Yenidənqurma Əsri, Birinci Bolluq Əsri, Ulduzlu Kosmos əsrlərini daxil edir.

Ən əsas və romanın da cərəyan etdiyi era, Böyük Həlqə Erasıdır. 2826-cı ilə təsadüf edir və aşağıdakı əsrlərdən ibarətdir: Şüur, Böyük Uçuş, Hədsizlik və Tibet Təcrübəsi Eraları. Böyük Həlqə erasının 408-ci ilində başlayan "Dumanlı Andromeda Era"sının 3233-3234-cü illərində isə romandakı hadisələr baş verir.

Era və əsrlər, onların müxtəlif spesifik xüsusiyyətləri olduqca maraqlı olsa da, hamısı haqqında tam məlumat vermək üçün, kitabın müəyyən hissələrinin bilavasitə tərcüməsi lazımdır ki, bu da kifayət qədər vaxt və zəhmət tələb edir. Onu qeyd etmək istərdim ki, bu eraların hər birisinin olduqca maraqlı xarakteristikaları və xüsusiyyətləri vardır. 

Böyük Həlqə


Böyük Həlqə həm era, həm də vahid ali cəmiyyətin qalaktikamızın digər sakinləri ilə əlaqə saxlamaq üçün yaratdıqları sistemin adıdır. Onu qeyd etmək lazımdır ki, "anamizon mühərrik" kimi böyük kəşflər olsa da, işıq sürəti və ya ondan da sürətli kommunikasiya vasitələrinin olmaması həm sivilizasiyalararası, həm də kosmik gəmilərarası əlaqəni çox çətinləşdirir. Romanda ötürülən mesajların və informasiyaların bir neçə on illiklərdən, bəzən isə yüz illiklərdən sonra lazım olan ünvana gedib çatdığı bildirilir. Yeri tanıtdıran müxtəlif radio-verlişlər hazırlanır, lakin bu verlişlər olduqca nəhəng miqdarda enerji sərf etdiklərinə görə heç də tez-tez təşkil olunmur. Romanın bölmələrindən biri Böyük Həlqəyə daxil edilmək üçün namizəd "Ross 614" adlı ulduz üçün Yerin tarixi ilə əlaqədar mühazirədən ibarətdir. 

Cəmiyyətin quruluşu


Yefremovun gələcəyə baxışı digər antiutopiya və ya elmi-fantasik əsər müəlliflərindən fərqli olaraq daha çox utopiyaya meyillidir. Bunu biz dünyanın uzun əsrlərin yaratdığı eralardan keçib gələrək formalaşdığı cəmiyyətin strukturundan da öyrənə bilərik. Belə ki, əsərdə totalitarizm və diktaturadan izlərə rast gəlmək mümkün deyil (Bir çox antiutopiya müəlliflərinə görə isə gələcəyin dünyasında birmənalı şəkildə mərkəzləşdirilmiş totalitar sistem yaranaacq). Ali idarəedici orqan - İqtisadiyyat Şurasıdır. İqtisadiyyat Şurasını "Bədbəxtlik və Xoşbəxtlik Akademiyası", "Məhsuldar Qüvvələr Akademiyası", "Stoxastika və Gələcəyin Proqnozu Akademiyası", "Əməyin psixofiziologiyası" kimi qurumlar isə "İqtisadiyyat Şurası"nı informasiya ilə təmin edən konsultativ xarakter daşıyırlar. "Uduzlararası Səyahət Şura"sı isə "İqtisadiyyat Şura"sı kimi müstəqil xüsusiyyətlərə sahib olan, lakin ancaq kosmosa aid məsələlərlə məşğul olan qurumdur. 

Bu dünyada "birbaşa demokratiya" prinsipləri hökmranlıq edir və qlobal xarakterli problemlər səsvermə yolu ilə həll olunur. Romanda bu prosesin ümumi strukturu və iş prinsipləri obrazlararası dialoqlar vasitəsiylə izah olunur. Səsvermə elektron formatda həyata keçirilir və minimum vaxt tələb edir. Daxili məsələlərdə isə şuralar və akademiyalar daxili səsvermə yolu ilə kifayətlənirlər. 

İnsanları dünya görüşü və məsuliyyətləri o qədər yüksəkdir ki, onların hər biri yüksəkixtisaslı mütəxəssis hesab olunurlar və gənc nəslin yetişdirilməsində böyük rola sahibdirlər. Bütün bu məqamların olduqca maraqlı və öyrədici formada çatdırılması böyük ədəbi qabiliyyət və elmi savad tələb edir.


Pedaqoji sistem


Yefremov gələcəyin dünyasında gənc nəslin yetişdişdirilməsi üçün pedaqogikanın ən yaxşı praktik və nəzəriyyəçilərinin fikirlərini daxil edib (Tomas Mor, Yan Amos Komenski, Jan-Jak Russo və s.). 

Yefremovun dünyasında dörd yaş qrupu var. Məktəblər müxtəlif coğrafi məkanlarda yerləşir. Çünki müxtəlif yaş qruplarının birlikdə olmağı təhsil prosesinə maneə törədir. Dərslərin əksəriyyəti təbiət qoynunda, açıq havada keçirilir və məşğələlər müxtəlif əmək vərdişləri və fiziki məşqlər formasında olur. Məktəblərin təhsil sistemi elmin ən yeni nəaliyyətlərinin əsasında formalaşır. Beləliklə də, şagirdlər məktəbdən məzun olduqda istifadə edəcəkləri məlumatlar ən yeni və praktiki xüsusiyyətlərə malik olur. İstənilən təhsilin kökündə müxtəlif tarixi ekskursiyalar dayanır. Bu ekskursiyalarda şagirdlər keçmişdə edilmiş səhvləri öyrənirlər. 

Pedaqoji sistemdə ən maraqlı nüans şagirlərdin 17 yaşında məktəbləri bitirib "Herakl İgidlikləri" adlanan mərhələyə qədəm qoymaqlarıdır. Ümumi 12 tapşırıqdan ibarət olan "Herakl İgidlikləri" birinci və ikinci mərhələ olmaqla iki mərhələlidir. "Herakl İgidlikləri"nin mahiyyəti ondan ibarətdir ki, sadə dərsdən fərqli olaraq kifayət qədər ciddi formada tələb olunan bu tapşırıqlarda şagirdlər planet və onun müxtəlif bölgələrində yaşayan insanların xeyrinə və hansısa şəxsi bacarıq və ixtisası qazanmaq üçün müəyyən işlər görməlidirlər. Tapşırıqlar şagirdlərin şəxsi bacarıq və göstəricilərin uyğun olaraq müəyyənləşdirilir. Səhvləri düzəltmək və kömək üçün mütəxəssis mentorlar dəvət olunur. 

"Herakl İgidlikləri" şagirdləri sadəcə böyüklərin, iş həyatında işləyənlərin dünyasına inteqrasiya etdirmir. Çöxyönlülüyü sayəsində bu proses şagirdlərə onların meyillərini, istəklərini və seçimlərinin düzgünlüklərini praktiki həyatda sınamağa şərait yaradır. Daha sonra ikiillik ali təhsil mərhələsi başlayır ki, daha sonra tələbələr mütəxəssisləri olduqları sahədə müstəqil fəaliyyət göstərə bilirlər. Nəzərə alsaq ki, insanların həyatı uzanıb (təxmini 150 ilə qədər), insan bir neçə ali təhsil (əsasən 5-6) ala bilir. 

Comments

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Janrlar və mən

Kamal Abdulla - Sehrbazlar dərəsi