Yukio Misima - Qızıl Məbəd - Юкио Мисима - Золотой Храм
.jpg)
Kiyotoda yerləşən Kinkakudzi məbədində xidmət edən cavan rahib
haqqında olan “Qızıl Məbəd” romanı, yazıçının dünyada və Yaponiyada ən çox
oxunan və tanınan əsərlərindən hesab olunur. 1950-ci ildə Kinkakudzi məbədini
alova qərq edən buddist rahibliyinə hazırlaşan şagird, Misimada dərin hisslər
oyadır. Misima hesab edir ki, məhv və ya ölüm gözəlliyi daha da təkmilləşdirir.
Beləliklə də roman yazılmağa başlanılır və 1956-cı ildə tamamlanır.
Obrazların psixoloji təhlili – Romanın baş qəhrəmanı xarici görünüşü kifir olan, pəltək
Midzoqutidir. O, xəstə, asosial, yalnız birisidir. Belə obrazları çox sevirəm.
Belə obrazların çatışmazlıqları altında böyük güc toplanır. Belə obrazlar ya
çox güclü, ya çox zəif olurlar. Onlar gözlənilməz şeylər edə bilərlər.
Midzoquti çox xəyalpərəst və idealistdir. Atasının danışdıqlarına əsasən
o, Kinkakudzi məbədi ilə əlaqədar o qədər şeylər xəyal etmişdi, amma reallıq
tam başqa cür oldu. Buna baxmayaraq məbəd vaxtaşırı ona öz gözəlliklərini, ərdəmini,
biliklərini və dəyərini göstərdi. Romanın adı çəkilən pratoqonisti oxucuda nə məyusluq,
nə qəzəb, nə bəraət, nə də buna bənzər başqa hisslər yaradır. O, sadəcə
yadlaşmış və qayğılanmış birisidir. Onun yaşadığı ölkədə (Yaponiyada) gözəllik,
harmoniya və mükəmməllik ən dəyərli anlayışlardır. Ona görə də ona öz pəltəkliyi
və kifirliyi ilə yaşamaq çox çətindir. O, başqa yol da seçə bilərdi, amma gözəlliyi
axtarıb tapmaq və ona qərq olmağı seçdi. Bu obrazın düşüncələrində müəyyən qədər
özümü gördüm. Nə edəcəyini bilməmək, küləyin əsdiyi istiqamətə getmək və yelkəndən
istifadə etməmək. Onun dünyası kiçikdir yoxsa böyük? Romanın axışı göstərir ki,
onun dünyası birnəfərlikdir. Çünki onun bütün qonaqları müvəqqəti oldu. Müəyyən
zaman aralığında onunla birlikdə oldurlar. O, özü gözəlliyin qonağı olmaq istəyirdi,
amma gözəllik onu nə qəbul etdi, nə də qovdu. O, da anladı ki, gözəllik əslində
boşluqdur. Boşluq nədir sualı isə onun yeni xəstəliyi (bəlkə də lənəti) oldu. Midzoqutinin gözəllik anlayışı konkret əşya çərçivəsində
formalaşıb, əşyavi oldu. Midzoquti çox şeyin fərqinə vardı. Hadisələrdə həm
iştirak etdi, həm də müşahidəçi oldu. İstənilən halda nə isə öyrəndi.
![]() |
Kinkakudzi məbədi |
Digər çox vacib obraz Çurukavadır. Digər obrazların (müəllimin,
valideynlərin ya da mistik hekayə qəhrəmanlarının) üzərində çox dayanmayacağam.
Çurukava da özünə görə xüsusidir. Ona görə də ona aid bəzi fikirlərimin yazıda
olmasını istərdim. Çurukava tipli insanlar elə sizlərin də ətrafında çoxdu:
çoxbilmiş, gözü erkən açılan, fırıldaqçı, başqasını öz təsir dairəsinə salmağı
bacaran, vicdansız, “əlil” don juan. Çurukava fiziki qüsurlu olsa da, onu əlil
edən mənəvi qüsurlarıdır. Midzoquti ilə onun yaxınlığı Midzoqutiyə çox şeyi öyrətdi.
Əvvəllər bilmədiyi, amma prinsipcə ehtiyacı olmadığı şeyləri öyrətdi. Bir az
sonra Midzoquti öz yolu ilə getməyə davam etdi. Çurukava şəxsiyyətsiz
birisidir. Alçaq da demək olar. Mən bu obrazda əslində tipik kütləni gördüm.
Yukio Misima cərrah dəqiqiliyi ilə bu iki baş və digər obrazların
psixologiyasının dərinliklərinə qədər enə bilib. Fərd və ətraf dünya ilə olan əlaqə
və vaxtaşırı gerçəkləşən mübadilə ustalıqla təsvir olunub.
Romanı oxumaq üçün səbəblər – Bir
çox səbəbə görə romanı oxumaq olar. Məsələn: 1) Yapon həyat tərzini, tarixini,
mədəniyyətini canlı və təbii dillə, sıradan üslubun yükəsək bədii sənətkarlıqla
çatdırdığını öyrənmək üçün; 2) Yadlaşmış insanla ətraf dünyanın münasibətlərini
təhlil etmək üçün; 3) İnsanlararası münasibətləri daha yaxşı anlamaq üçün; 4)
Gözəllik anlayışı haqqıda düşünüb onun arxasınca düşmək üçün; 5) Baş obrazın
timsalında öz ruhunu tanımaq və başa düşmək üçün; 6) Ədəbiyyatın yeni sahillərini
kəşf etmək üçün və s. Səbəb siyahısını çox uzatmaq olar.
![]() |
Yukio Misima |
Yukio Misima haqqında – Bədbəxtlik
odur ki, insan o lənətli mövzularla maraqlanmağa başlasın. Güman edirəm ki, siz
həmin lənətli mövzuların nə olduğunu bilirsiz, ona görə də onları bir-bir
sadalamıram. Özünü xoşbəxt hesab edənlər həmin mövzular haqqında düşünmürlər. Bəziləri
isə düşünür və yazıçı və ya şair olurlar. Onlardan birisi də yapon ədəbiyyatının
ən tanınmış və layiqli təmsilçisi Yukio Misimadır. Yukio Misima əzab çəkən və
sonra da fövqəladə hərəkətlər edib daha da çox əzab çəkən obrazlar yaradır.
Yukio Misima 14 yanvar 1925-ci ildə,
yüksək vəzifəli dövlət məmurunun ailəsində anadan olmuşdur. Misimanın ailəsi
onu qatı aristokratik qayda-qanunlarla ətrafdan məhrum formada tərbiyə etmişdir.
Elə buna görə də gəlcək yazıçı bir çox psixoloji problemlər yaşamış və sstreslər
keçirmişdir. Qapalı mühitdə o, proza və teatrla maraqlanıb. Çox vaxt xəstə olan
Kimitake (onun əsl adı) məktəbdən yayınsa da, məktəbi imperatorun əlindən
aldığı gümüş saat mükafatı ilə bitirmişdir. Atasının istəyinə uyğun olaraq,
Kimitake, Tokio universitretinin hüquq fakültəsinə qəbul olunur. Orada həm
alman hüququnu, həm də alman romantizmini öyrənir. Tomas Mann və Fridrix Nitsşenin
əsərləriylə maraqlanır. 15 avqust 1945-ci ildəki kapitulyasiya ilə əlaqədar
Yaponiyada intiharların sayı artır. Misimanın Dzemmey Hasuda adlı ruhi tərbiyəçisi
Malaziyada intihar edir. Bu hadisələrə cavab olaraq Misima sevgilisi və digər
bir çox insanlardan özünü təcrid edir. 1946-cı ildə o, Yaponiyanın tanınmış
klassiki Yasunari Kavabata ilə görüşür, ona öz əlyazmalarını göstərir və ondan
bəzi məsləhətlər alır.
![]() |
Yukio Misima |
Universiteti bitirdikdən sonra Misima,
Yaponiya Sənaye Bankında və maliyyə nazirliyində çalışır. Misima iş həyatı ilə
yanaşı ədəbiyyat sahəsində də fəaliyyət göstərir. Onun ilk əsəri “Oğru” başlığı
ilə yayımlanmışdır. Bir müddət sonra isə, Misima, sonradan münasibətlərinin
siyasi motivlərə görə pozulduğu Fusao Hayasi adlı yazıçı ilə tanış olur. 1948 –
ci ildə isə, Yukio Misima həm məmur, həm də yazıçı ikili həyatına dözməyərək
işdən çıxır və özünü sırf yazıçılığa həsr edir. Onu yapon ədəbiyyat dünyasında
möhkəm yer tutmasına səbəb olan, özündə homoseksuallıq motivlərini əks etdirən “Maskanın
etirafları” (1949), “Sevgi ehtiyacı” (1950), “Qadağan olunmuş həzz” (1951) əsərləri,
yaradıcıllığının ilk tövhələridir. 1951-ci ildə dünya səyahətinə çıxan və 1 il
sonra qayıdan Misima, daha sonra bodi-bildinqlə məşğul olaraq bədənini möhkəmləndirmiş,
(o, uşaqlıqdan xəstə və zəif olmuşdur) yaradıcıllıq istiqamətini dəyişmiş,
klassik yapon ədəbiyyatı ilə çox maraqlanmış və Mori Ohaya və Tomas Mannın təsiri
altında, yapon ədəbiyyatının ən çox oxunan əsərlərindən hesab edilən “Qızıl Məbəd”
romanını yazmışdır.
60-cı illərin tələbə hərakatlarında
aktiv disskustant olan Misima, 1970-ci il 25 noyabr tarixində, İtihayada hərbi
hissədə hərbi hissə komandirini girov alaraq, hamını dövlət çevrilişi etməyə
çağırır. Lakin onun bu teatral cəhdi uğursuzluğa düçar olur və özünü biabır
olmuş hiss edən Misima “seppuku” (harakiri) üsulu ilə özünü öldürür.
Comments
Post a Comment