Mixayıl Yelizarov - Burattini. Faşizm keçdi getdi - Михаил Елизаров - Бураттини. Фашизм прошел
Yelizarovun bu esseistikası, bizə başda sovet cizgi filmlərinə və bəzi
digər filmlərə fərqli yanaşıb, gizli motivləri deşifrə etmək üçün imkan yaradır.
Məsələn, Üç donuz balası Nif-nif, Naf-naf və Nuf-nuf haqqında olan cizgi filmi göründüyü
kimi deyil. Əslində bu cizgi filmində massonlar və templier ordeni haqqında
maraqlı məqamlar var. Tutuquşu Keşa isə, bir yerdən başqa yerə miqrasiya edən,
həmişə məyus olan yəhudi dissidentlərini simvolizə edir. Buratino day demə Mussoliniymiş. Bəs onun
Pinokyodan fərqi nədir? Pinokyo nəyi simvolizə edir? Hamımızın sevdiyi “Nu
Paqodi” cizgi filmi hansı cəmiyyəti təsvir edir? Oradakı canavarla dovşan
arasındakı münasibətlər çoxlarını şok edə bilər. Elə vaxtıykən bir çox sovet hərbi
generalları və başbilənləri, canavarın uşaqlara pis nümunə təşkil etdiyini
(avara, tüfeyli həyat tərzi sürən, tikintidə az-maz işləyib maaş alan, ağlı
ancaq dovaşnda olan fərd) deyib, cizgi filminin nümayişini qadağan etmək istəyirdilər.
Qoğalın nağılı isə əslində dərin mənalı
fəlsəfi xilas yoludur. Xattabıç isə, sovetlərin ateistik cəmiyyətinə düşmüş
geridə qalmış şərqdir. Neznayka komunizm cəmiyyətinə yad olan tənbəldir. Bunlar haqqında
xırdalığına qədər məlumat verə bilməyəcəm. Kitabı oxusaz vəziyyəti özünüz daha
yaxşı dərk edəcəksiz.
Bilirsiz, Sovet dövrü kimi totalitar dövrün xüsusiyyətidir ki, ədəbiyyat
və kinematoqrafiya öz zirvələrini yaşadı, zorbalıq sənətinə incəsənətlə cavab
verildi. Sözünü rahat və açıq-aşkar deyə bilməyənlər bunu incəsənətin, ədəbiyyatın,
semiotikanın dili ilə etdilər. Bu da öz növbəsində zəngin irs yaratdı. Şəxsən mənim
bu cizgi filmlərin və filmlərin deşifrə edilməsindən çox xoşum gəlir. Yaradıcı
insanlar bizə çoxlu informasiya ötürməyə çalışırlar. Yelizarov adlı bu insan
bir çox məqama aydınlıq gətirməyi bacarıb və yuxarıda sadaladığım suallara
cavab verməyə çalışıb. Kitabda müəllif prinsipcə, Sovet dövrünün cizgi film
pop-artını Freydsayağı təhlil edir və bir çox individual mövzulara yazmış
olduğu müəyyən qədər post-modernistik, müəyyən qədər də fantastik esselərini
bizə təqdim edir. Bilmirəm onun yanaşması nə dərəcədə düzgün və sağlamdır, amma
mənim məntiqimə çox uyğun gəldi. Əgər düzgün olmasa belə, nəticədə ən azından
“yazılanlar düzgün ola bilərdi” fikri belə oxuyucunu həyəcanlandırmağı bacarır.
Bəzən Viktor Pelevini xatırladım, amma əlbəttə ki, aralarında dağlar qədər fərq
var.
Bu gün müharibələrin formatı dəyişib. Artıq ölkələr bir-birilərinin ərazisini
fiziki güclə, orduyla işğal etməyin mənasız olduğunu başa düşürlər. Birinci
kursda oxuduğum vaxtı professorlardan birisi tez-tez belə bir cümlə istifadə
edirdi: “Kültürünü satmayı becerdiğin ülkeye malını da sata bilirsin”. Bu gün əksər
film və cizgi filmlərin məqsədi istehsal olunduqları ölkənin mədəniyyət və həyat
tərzlərini digər cəmiyyətlərə qəbul etdirərək, kapitalizmin doymaq bilməyən və
sonu görünməyən istehsal prosesini davam etdirməkdir. Uşaqlıq dövrüm 95-ci illərə
təsadüf edir. O dövrdə Uolt Disney cizgi filmləri rus dilində gecə-gündüz
yayımlanırdı. Bu cizgi filmlərində ABŞ iqtisadiyyatına, siyasətinə xas olan
xüsusiyyətlər çoxdur. Məsələn Donald Dak (Donald Duck) qəpiyinin qədrini bilən xəsis
və ürəksiz kapitalistdir və cizgi filmi də bunu müsbət və yaxşı bir şey kimi uşaqlara təbliğ edir.
Yaxud da Şirinlər dediyimiz “Smurfes” günümüzdə ən çox müzakirə olunan cizgi
filmlərindəndir ki, komunist cəmiyyəti təbliğ edir. Nümunələr çox gətirmək
olar.
![]() |
Mixayıl Yelizarov |
Kitab haqqında bəzi oxucuların yazdıqlarını oxuyanda görürdüm ki, bəziləri
müəllifi başdan xarab axmaq adlandırırlar. Bəlkə də bu belədir, çünki Nu paqodi
və Buratino və digər cizgi filmlər haqqında yazılanlar kifayət qədər qəddardır
və insanı məyus edir. Çünki uşaqlığımız bu cizgi filmlərlə keçib və onların əslində
mənfi niyyətli insanların və ideologiyaların xidmətkarı olduğunu görmək insanda
psixoloji boşluq yaradır və ətraf dünyaya güvəni məhv edir. Hərgah bu güvən
artıq məndə çoxdan məhv olub, amma məni daha çox qəzəbləndirən saf uşaq təfəkkürünün
siyasi və allah bilir hansı ideologiyalara qurban verilməsidir. Hə əziz uşaqlar,
böyüklər qəddar oyunlar oynayırlar. Onların fiziki imkanları çatmır ki, bu
oyunları sona çatdırsınlar ona görə də belə “miras” qoyaraq istəyirlər ki, sizlər
də onların yollarını davam etdirəsiz.
İzlədiyimiz filmləri və cizgi filmlərini çox yerə yozmaq olar.
Yelizarovun deşifrə edə bilmədiyi daha çox məqamlar, filmlər və cizgi filmlər
var. Bizim üzərimizə düşən nisbətən təmiz hesab etdiyimiz nümunələri öz
yaxınlarımızın uşaqlarına və ya öz uşaqlarımıza təqdim edib, bəzi şüuraltı fəsadlar
törədə biləcək örnəkləri isə kənarda tutmaqdır. Bu çox çətin prosesdir. Bir də
maraqlıdır ki, niyə görə yazıçı Tom və Cerri kimi dünyaca məşhur cizgi serialına
fikir bildirməyib. Bu qədər zəngin fantastik və astronomik fikirlər yazan adam
üçün lap uydurma da olsa adı çəkilən cizgi serialına yazacaq nə isə olardı. Nəticə
olaraq: belə kitablar yaxşıdı. Yalandısa da, doğrudusu da belə kitablar insanda
fərqli baxış yaratmaq iqtidarındadır. Sadəcə kitab da deyil. Bu motivlər
fonunda yazılmış məqalələr də mövcuddur. Odur ki, arzu edirəm gizli məqamları
başa düşməkdə siz də öz vasitələrinizi tapacaqsınız. Kitabla tanışlığım maraqlı oldu.
Comments
Post a Comment