Qiraətin Qiymət Anatomiyası
Giriş - Bir
neçə il bundan öncəki dövrlərlə müqayisədə, son zamanlar cəmiyyətimizdə kitab
oxumağa, kitab almağa, kitabxana yaratmağa və kitab müzakirə etməyə həvəs
artmışdır. Azərbaycanın kitab sənayesində həm idxal həm də yerli kitab
seqmentində canlanma baş verir. Bu artışın səbəbi həm makroiqtisadi faktorlar həm
də sosial şəbəkələrdə kitab oxumağın təbliğ olunması və bir çox kitabların
dilimizə tərcüməsidir. Əvvəllər metroda gedərkən çox nadir hallarda kitab
oxuyan insanlar görürdümsə də (rus dillilər istisnadır), hal-hazırda bunun
sayında artış var. Bu sevindirici haldır. Hər halda kitaba həvəs artır və əvvəlki
entropik vəziyyəti sıradan çıxarır. Dəyişməyən isə, ictimai nəqliyyatlarda rus
nənələrinin dəyişməz hobbisi olan qiraətdir. Mən həqiqətən də, rus qarılarına
heyranam (səhv anlamayın :D). Heç vaxt qiraətlərini saxlamazlar.
Bu yazını yazmaqda əsas məqsədim, kitabsevərlərə kitablar haqqında səhnəarxası
bəzi məlumatları verməkdir. Aldığımız kitabların qiymətinin əmələ gəlməsi ilə əlaqədar
son vaxtlar maraqlananların çox olması, məni də belə bir yazı yazmağa həvəsləndirdi.
Məqalədəki məlumatları oxuduqdan sonra, inanıram ki, oxucuların bir çoxunda
ictimai rəy və qınaq formalaşacaq. Bir cəmiyyət olaraqsa bu bizim ən yaralı
yerimizdir. Vəziyyətin düzəməsi aydınlanmaq və maksimum məlumat əldə etməkdən
keçir.
Kitabların qiymətlərində psixoloji hədd
- Azərbaycan kitab bazarında qiymətlərin psixoloji həddi yerli nəşriyyatlar
üçün 6 AZN yaxud da 5 AZN hesab etmək olar. Əlbəttə, bu istifadə olunan kağız və
kitabın ölçülərindən asılıdır. Texniki məsələlərə qarşıda bir daha toxunacam.
Nəzərə alsaq ki, bu gün oxucuların böyük əksəriyyətini
tələbələr və gənclər əmələ gətirir, onların maddi vəziyyətləri bu qiymətdən
yüksək kitab almağa imkan verə bilməz. Bu heç də hamıya aid deyil, amma orta
statistik kitab alıcısı üçün bu qiymət(lər) hal-hazırda məqbuldur. Xarici ölkələrdən,
xüsusiylə Türkiyə və Rusiyadan idxal olunan kitabların qiymətləri ürəkaçan
deyil. Burada vurğulanması lazım olan ən önəmli məsələ hansı müəlliflərin
kitabları olmasıdır. Belə ki, Azərbaycanda ən çox oxunan Elif Şafak kimi
yazıçının kitabları çox baha başa gəlir. Mən 2 il bundan öncə Elif Şafakın Araf
və Bit Palas romanlarının hərəsinə 13 AZN pul xərcləmişdim. Adı çəkilən yazarın
kitabları Türkiyənin özündə də bahadır ki, burada sadəcə və sadəcə ad-sandan,
şöhrətdən sui-istifadə faktını görürük.
.jpg)
Kitab nəşri ilə əlaqədar bəzi müqayisələr –
Kitabın texniki şərtləri aşağıdakı kimi olarsa :
-
280-300
səhifə
-
Sarı-krem
rəngli vərəq (təxminən 60 qram)
-
Kitabın
mətnində 25-30 ağ-qara foto
-
A5
format (60x84)
-
Rəngli
və yumşaq kağızdan üz qabığı
-
300
tiraj
Bu parametrli sifarişi Nurlan nəşriyyatı təxminən 700-750
AZN, Apostrof
nəşriyyatı 570-670 AZN-ə çap edir. Əgər tiraj 500 olarsa, Nurlan nəşriyyatı
850-950 AZN, Apostrof isə 800-900 AZN pul tələb edir.
Qanun nəşriyyatında isə vəziyyət bir az fərqlidir. Adı çəkilən nəşriyyat
çap olunacaq kitabın 500 tirajdan az olmayaraq çap olunması şərtini qoyur və
1000-1100 AZN tələb edir.
Hansı kitab mağazası hansı faizləri tətbiq
edir?: Kitabın qiymətinin əmələ gəlməsində ən vacib rolu kitab
dükanlarının kitabın üzərinə qoyduğu faizlər əmələ gətirir. Bu çox vacib
nüansdır. Bəzi faktları nəzərinizə çatdırım. Sonra isə özünüz bəzi nəticələrə gəlin.
Belə ki, aşağıda kitab dükanlarının adı və əlavə etdikləri faiz yazılmışdır:
-
Əli və
Nino – 40%
-
Bakı
Kitabklubu – 20-30%
-
Təhsil
Nəşriyyatının Nərimanov filialı – 30%
-
ADA
kitab mərkəzi, Bukinist, Akademiya kitabevi (Tarqovı), Qız Qalasının yanındakı
kitab dükanı – 20%
Hansı kitab dükanları müəlliflərə tam vaxtında ödəniş edir?: Bu məlumatları yerli kitab sənayemizin mənzərəsinin tam dərk edilmsəi
üçün sizlərə çatdırıram: Bukinist kitab dükanında kitab
satışa verilərkən qaimə yazılmır və kitab satılsa belə ödəniş gec təqdim
olunur. ADA kitab evindən həftənin altı günü də ödənişi almaq mümkündür
və qaimə yazılmasında heç bir problem yoxdur. Akademiya kitab evi ödənişlərdə
ləngimələrə yol versə də, qaiməni düz yazır. Qız qalasının yaxınlığındakı kitab
dükanı və Akadem kitab həm qaimə yazılmasında, həm də ödəniş etməkdə dəqiqdir.
Əli
və Nino kitab dükanı isə bu məsələdə xüsusiylə fərqlənir. Belə ki, adı
çəkilən mağazanın öz mühasibatlıq sistemi var. Hər ayın 15-20-si arası satılan
kitabların pullarını almaq mümkündür. Əli və Nino kitab dükanının şəbəkəsi
geniş olduğundan gerçəkləşdirdiyi satış miqdarı da çoxdur. Bakı kitab klubunda isə,
vəziyyət acınacaqlıdır. Belə ki, adı çəkilən kitab dükanı, etik qaydalardan kənara
çıxaraq, müəlliflərlə razılaşdırdığı qiymətlərdən daha artıq qiymət tətbiq edərək,
şəffaflıq prinsipini pozaraq, daha çox gəlir əldə etmək üçün qiymətlərin üzərində
manipulyasiyalar edir.
Qiraətdə alternativ yol: E-book reader və səsli
kitablar - Deməli siz orta keyfiyyətli e-kitab oxuyucusu olan Kindle 5 məhsulunu
80-100 AZN-ə əldə edə bilərsiz. Xərclədiyiniz bu məbləğ müqabilində isə ən azı 80-100
kitab oxuyacağınız dəqiqdir ki, bu da sizə çox böyük qənaət və intekllekt
qazandıracaq. Hələ xüsusiylə xarici dillərdə oxumağı sevirsinizsə, sizin üçün
daha rahat olacaq. E-kitab oxuyucuları çox praktik və qənaətcil avadanlıq
olduğunu hesab edirəm. Yaxud da, notebook və netbookdan da istifadə edib e-kitabları
oxuya bilərsiz. E-kitab oxuyucuları eyni zamanda kağızdan istifadəni də azalda
bilər. Bu da öz növbəsində daha az ağac qətliamına səbəb olar. Məncə, E-İnk
texnologiyalı, yəni praktiki olaraq əsl kitabdan fərqlənməyən e-kitab
oxuyucuları təbiəti qorumaq üçün böyük imkanlar təqdim edir. Bundan faydalanmamaq,
məncə, israfçılıq olar.
Elektron kitablar bu gün fiziki
kitablara çox ciddi rəqib olmasalar da, artıq yaxın illərdə bu vəziyyət dəyişəcək.
Elə məhz bu məqam kitab nəşriyyatlarını və dükanlarını düşündürməli və əgər
onlar stratejik uğur əldə etmək cəhətdən doğru qərərlar qəbul etsələr, elektron
kitabların hegemoniyasından yan keçə bilərlər. Bu isə özünü ilk növbədə kitab
qiymətlərində göstərəcək. Xammalın qiymətinin getdikcə ucuzlaşacağını isə deyə
bilmərəm, çünki meşə resursları tükənən və bərpa olmayan resurslardır.
.jpg)
Nəticə - Nəticə ondan ibarətdir ki,
kitab satışı və nəşrinə xüsusi diqqət və qayğı olmalıdır. Azərbaycanda bir çox
şeyin qiyməti normadan yüksəkdir. Mən məsələyə dar müstəvidən yanaşmaq istəmirəm.
Nəşriyyatlar və kitab dükanlarını da yüksək faiz və qiymətlərə istiqamətləndirən
bir çox faktor var. Bunu sadəcə dövlət deyil, eyni zamanda sıravi vətəndaşlar
da öz ictimai rəyləri vasitəsiylə gerçəkləşdirməlidirlər. Kitabın qiyməti onun
haqqında məlumat verən vacib göstəricilərdən hesab olunur. Azərbaycan insanını
da geri salan onun fikir bildirməkdən qaçınmasıdır. İllərcə bizi bu bacarıqdan uzaq
salmağa çalışlsalar da, müasir biznes dünyası, günümüzün iqtisadiyyatı məhz
insanların azruları və istəkləri çərçivəsində formalaşır. Nəşriyyatlar və kitab
dükanları, hər halda, bunu unutmasınlar.
Qeyd –
məqalədə istifadə olunan məlumatlar etibarlı mənbələrdən əldə edilmişdir və
anonimlik qorunur – İbrahim Niftiyev
Comments
Post a Comment