Benjamin Battonun sirli hekayəsi


Filmin ingiliscə adı: The Curious Case of Benjamin Button
Filmin rusca adı: Загадочная история Бенджамина Баттона
İl: 2008
Rejissor: David Fincher
Aktyorlar: Cate Blanchett, Brad Pitt, Julia Ormond, Faune A. Chambers
Mükafatlar: 3 oskar, AFI Award, Saturn Award


İçimdə elə bir hiss var ki, sanki, bütöv bir ömür yaşamışam, amma heç nə xatırlamıram.


Süjet – Film 80 yaşında doğularaq cavanlaşmağa başlayan birisinin həyatı haqqındadır. Bu insan da hamı kimi vaxtı dayandıra bilmədi. Onun yolu, Birinci Dünya Müharibəsindən sonra, 1918-ci ildən başlayaraq, 21-ci əsrə doğrudur. Unikal insanlar, bənzərsiz hekayələr, insan taleləri və hadisələr haqqında olan gözəl bir film. Həyatın sevinci və kədəri. Zamandan asılı olan və olmayanlar. Əbədi dəyərlər.
Təəssüratlarım – Ailəvi olaraq izlədiyim bu film məndə çox yüksəksəviyyəli təəssüratlar dənizi yaradıb. Filmin müxtəlif epizodlarını ya da ümumi mənasını xatırlayanda, xoşbəxtlik (Moşu demiş), qiymət vermək, əbədi dəyələr  və bir çox digər fəlsəfi məsələlər üzərində düşünürəm.
Bəzi uşaqlar var ki, onlara qoca deyirlər. Səbəb olaraq yaşlarına uyğun olmayan tərzdə davranışları göstərilir. Bu gənclərə də aiddir. Ruhən qocalıq. Halbuki, psixoloji qocalıq və ya cavanlıq, insanın beynində olan uşaqlıq, yetkinlik (valideynlik) və qocalıq kompyuterlərinin işləməsiylə bilavasitə əlaqəlidir. Bu çox vacib məsələdir. Yəqin ki, 5-6 yaşlarından deyib-gülən, şıltaqlıq edən bir uşağın, yetkin insan təfəkkürünə xas fikirlər dediyinin şahidi olmusunuz. Yaxud da əksinə, yetkin və kifayət qədər hörmətli insanın uşaq kimi hərəkətlər etdiyini.
Benjamin də isə vəziyyət bir az fərqlidir. O, psixoloji olaraq deyil, fiziki olaraq qocadır və onun yaşadığının anasından başqa fərqində olan yoxdur. O, qoca doğulub. Benjamin yaxşı başa düşür ki, o, həmyaşıdlarından fərqlidir, amma o, sadəcə irəli doğru, gəncliyinə doğru hərəkət edir. Benjamin fiziki olaraq qoca doğulub və eyni zamanda yaşına uyğun olmayaraq çox ölümlər görüb. Ona görə də ölümdən qorxmurdu. Həyatın nə olduğunu başa düşməyə çalışırdı. Həyat isə öz möcüzsiylə ona bunu tamamilə fərqli üslubda başa saldı.
Aktyorlar – Bred Pit və Blanşet, həqiqətən də, ekranda çox gözəl cütlük təşkil edirlər. Bred Pit həmişə məni öz professional aktyor performansı və yaratdığı real obrazlarla təəccübləndirir. Filmin rejissoru, Devid Finçeri isə, “Döyüşçü klubu”-ndan tanıyırdım. Rejissor yaxşı başa düşdü ki, “Döyüşçü klubu”-ndan sonra dəyərli və izləyicinin diqqətinəlayiq bir şey təqdim etməlidir və bunu etdi. Gözəl ideya və əla aktyorlar, bax belə zövqlü filmi ərsəyə gətirdi. Obrazların həyat tərzlərinin dəyişməsi və kəsişməsi əla alınıb.
Maraqlı faktlar:
1)    Filmin əsasında F.Skott Fiçdjeraldın kiçik hekayəsi dayanır.
2)    İlkin razılaşmaya görə, filmi Stiven Spilberq çəkməli, Tom Kruz isə baş rolu oynamalı idi.
3)    Film Butanda qadağan olunub.
4)    Benjaminin yelkənli qayığı “Button Up” adlanır.
5)    Filmin üzərində 1994-cü ildən etibarən işləməyə başlayıblar. 

Comments

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Janrlar və mən

Kamal Abdulla - Sehrbazlar dərəsi