Oldos Haksli - Cəsur Yeni Dünya

Олдос Хаксли - О дивный новый мир 
Aldous Huxley - Brave New World 

Roman 20-ci əsrin ən konseptual antiutopiyasıdır. "Cəsur Yeni Dünya"ya xoş gəlmişsiniz... 

Utopiyaları reallaşdırmaq əvvəllər hesab edildiyi qədər çətin olmadı. İndi başqa əzabverici sual yaranıb, onların reallaşmasından tamamilə necə qaçmaq olar? Utopiyalar tamamilə reallaşa biləndirlər. Həyat utopiyalara doğru hərəkət edir və ola bilər intelegensiya və mədəni təbəqənin qarşısında utopiyalardan qaçmaq, qeyri-utopik və daha az "mükəmməl", daha çox azad cəmiyyətə qayıtmaq üçün arzular və xəyallardan ibarət olacaq yeni yüzillik yaranacaq. Nikolay Berdyayev (Nikolay Berdyayev rus dini filosofudur). 

Qarşımızda ingilis yazıçısı Oldos Hakslinin 1932-ci ildə yazdığı "Cəsur yeni dünya" (Brave New World) əsəridir. Janr etibariylə antiutopiya və satirika janrına aid edilən roman Oldos Hakslinin şah əsəri sayıla bilər. Müəllifə görə bu roman gələcək haqqında kəhanətdən ibarətdir. Roman çap olunduqdan sonra verdiyi bir müsahibədə əsərin utopiya yoxsa distopiya olduğuna qərar vermədiyini deyirdi. Antik yunan mifologiyası, Polineziya antropologiyası, sanskritcə və çincə Buddist mətnləri, bitki və dərman haqqında yüzlərlə elmi araşdırma, neyrofiziologiya, psixologiya, absurd olan qədim və yeni nə kitab varsa, şeir və ədəbiyyat, tənqidlər, politoloji şərhlər və minlərlə müsahibələr. Haksli “Cəsur Yeni Dünya”nı və “Ada”nı bütün bunlardan topladığını deyir. 

Qısaca süjet - “Cəmiyyət, Eynlik və Sabitlik” Oldos Hakslinin utopik Dünya Dövləti şüarıdır. Burada, depressiyaya düşməmək üçün hər kəs gündəlik olaraq soma qəbul edir, körpələr laboratoriyalarda doğulur və ən geniş yayılmış əyləncə növü görmə, toxunma və iybilmə hisslərini canlandıran Hissiyyatlı filmdir. Heç bir zorakılıq olmasa da və hamı hər şeylə təmin edilsə də, onun qəhrəmanı Bernard nəyinsə çatışmadığını hiss edir və gənc bir qadınla münasibətində onlara icazə veriləndən daha artıq emosiyalara yol verir. Haksli bu gün istifadə etdiyimiz bir çox texnoloji alətlərin və aludə olduğumuz vərdişlərin xəbərçisi idi. 

Daha geniş süjet və motivlər - Hadisələr miladi təqvimlə 26-cı əsrdə baş verir. Dünya əhalisi istehlak cəmiyyəti adlanan cəmiyyət tipindən ibarət vahid dövlətdə yaşayırlar. Bir neçə çox vacib elementlər var ki, onların fəlsəfi-sosioloji və psixoloji əhəmiyyətləri çox yüksəkdir: Artıq yeni era - Henri Forda əsasən ölçülən "T erası"dır. Artıq insanlar özlərini xaçlamaq əvəzinə "T" hərfini qarınlarının üzrəində barmaqları vasitəsiylə təsvir edirlər. "T" bəşər tarixində ilk kütləvi və irimiqyaslı istehsal edilən avtomobil olmuşdur. Henri Forda boş yerə "ABŞ-ı təkər üzərinə qoyan şəxs" adı verilməyib. Henri Fordun era etalonu olması çox maraqlı ideyadır. Henri Ford standartlaşma, kütləviləşmə və güclü inhisarçılıqla tarixin yaddaşında çox yaxşı qalmışdır, hansı ki romanın mövzusunu tamamilə dəstəkləyən ideoloji bünövrəyə sahibdir. Artıq insanlar da kütləvi istehsal predmetinə çevriliblər və biyoloji unisifikasiya üsulu ilə (bakanovski metodu) "istehsal" olunurlar. İnsanlar artıq ənənəvi üsullarla dünyaya gəlmirlər. Artıq valideyn anlayışı yoxdur və insanlar bir-birilə sadəcə əylənirlər. Çünki cəmiyyətin idarəsi tamamilə əyləncə vasitəsilə həyata keçirilən hipnoza əsaslanır. Embrion mərhələsində olanda insanlar "alfa"dan "epsilon"a qədər bölünürlər. Bu bölünmə kasta sistemini əmələ gətirir və cəmiyyətin zehni və fiziki ixtisaslaşmasını - təbəqələşməsini formalaşdırır. Təsvirlərə əsasən deyə bilərik ki, insanlar sadəcə boş vaxtlarını doldurmaq üçün işləyirlər, çünki işlərin çoxusunu texnika və "aşağı" kastaların nümayəndələri görürlər. Bu çox güman ki, üçüncü sənaye inqilabıdır. Süjetin digər çox vacib nümayəndəsi "Soma"dır. Başa düşdüyüm qədəriylə pulun olmadığı cəmiyyətdə ən əsas valyuta "Soma"dır və iş günün sonunda standart miqdarda hamıya verilir. Soma narkotik maddədir və insanlar özlərini bu maddəylə rahatlandırırlar. Heç kim birmənalı şəkildə heç vaxt nə vaxtsa Şekspirin əsərlərində təzahürünü tapan o insani cəhətlər haqda düşünmək belə istəmir. Bu yeni dünyanın artıq öz yeni dəyərləri və ölçü meyarları var. Buna baxmayaraq hələ "vəhşi" dünya təslim olmayıb. Onların kəsişmələri maraqlı nəticələr verir. 

Romanın pik nöqtəsi isə, dünyada həqiqi hakimiyyəti təmsil edən 10 nəfərdən birisi olan Mustafa Mondun otağında, Mustafa Mondla həbs olunmuş Bernard, Con və Helmqolstun bir-biriləri ilə olan söhbətidir. Çünki yazıçı bu epizod vasitəsiylə elmə, dinə, incəsənətə və olmuş və olacaq cəmiyyətlərə öz münasibətini bildirir. Olduqca maraqlı söhbətlər gedir və hər yerdə rastlaşdığımız ikili standartların bir daha da təzahür formasını görürük. 451 Farenheytdəki kimi sistemlə fərd - onun aktiv tərkib hissəsi arasında dialoq yaranır.  

Nə düşünürəm? - Mən əsəri oxuduqdan sonra daha da müşahidə edən birisinə çevrildim. Cəmiyyətdə individuallığın dərki mənə daha da doğma mövzuya çevrildi. Bu da öz növbəsində məni fasiləsiz olaraq bəzi sosial məsələlər haqqında düşünməyə vadar edir. Düşünmək olar ki, tək bir insan bu qədər düşünüb nə əldə edə bilər? Sualın cavabı elə məhz kitabın özüdür. Oldos Haksli sözün həqiqi mənasında ortaya çox ciddi sosial-fəlsəfi-psixoloji problemlər qoyub və bizləri bu haqda düşünməyə dəvət edir. Çox cüzi məntiqi səbəb-nəticə təhlil metodunu tətbiq edərək biz yazılanların məntiqi axarı ilə real cəmiyyətlərin meyl etdikləri hədəflər arasında əlaqəni görə bilərik. Bu dərəcədə peyğəmbərcəsinə yazmaq, məncə, elə peyğəmbərlik tələb edir. 

Cənnət? Xoşbəxtlik? Yoxsa bəşəriyyətin sonu? - Təsvirlər insanların hələ embrion vəziyyətindən başlayaraq idarə olunduqlarını göstərir. Hipnopediya vasitəsi ilə insanlar proqramlaşdırılır və nəticədə cəmiyyətdə hər kəs öz yerini bilir. Hər şey əvvəlcədən planlaşdırılır. Cinayətkarlıq yoxdur. Qıcıqlandırıcı heç nəyə rast gəlmək olmaz. Biz indiki düşüncə tərzimizlə deyə bilərik ki, əslində bu bəşəriyyətin məhvidir. Bəziləri isə bu təsvirlərdə dini cənnət təsvirlərini görə bilər. Hətta elə ola bilər ki. insanlar bir müddət sonra insan olduqlarını belə unudarlar.  

Təsəvvür edin ki, indi milyonlarla insan yaxşı iş, maddi imkanlar, yaxşı sevgili və ailə axtarışındadırlar. Hətta bəzən insanlar ruhi yönlərini də inkişaf etdirirlər. Müxtəlif insanlar şəxsiyyətlərinin təmin etdiyi ən müxtəlif çalarlardan istifadə edərək özlərini sübut etmək istəyirlər. Yekun nəticədə o əlçatmaz xoşbəxtlik adlanan meyvədən dadmaq hamının arzusudur. "Cəsur Yeni Dünya"da isə, xoşbəxtlik insanlarda anadangəlmə var. Məgər xoşbəxtliyin insanda anadangəlmə mövcudluğu xoşbəxtlik deyilmi? Yoxsa bizi insan edən həmin o xoşbəxtliyin axtarışı prosesidir? Növbəti əbədi döngü. Ona görə də elə burda da bu başlığı dayandıraq.

Adlar və allüziyalar - Əsərdə xeyli miqdarda müxtəlif maraqlı adlar var ki, bu adların məqsədsiz istifadə edilmədiyini başa düşmək bir o qədər də çətin deyil. Adların siyahısı uzun olsa da, bəzi maraqlı nümunələrə diqqət yetirək: Mustafa Mond - Romanda Mustafa Mond yüksək vəzifəli şəxs qismində çıxış edirdi. Birinci Dünya Müharibəsindən sonra müstəqil Türkiyənin əsasını qoyan, Türk cəmiyyətinin modernləşməsini və sekulyarlaşmasını təmin edən Mustafa Kamal Atatürkün və fəhlə hərəkatına qarşı mövqeyi ilə tanınan ingilis maliyyəçisi Alfred Mondun adının sintezidir. Sual ola bilər ki, belə bir sintezin nə mənası var. Bir tərəfdən inqilabın əsasını qoyan lider, digər tərəfdən də onu istəməyən lider, Mustafa Mondun şəxsiyyətini izah edən ideal sintezdir. Bernard Marks – Bernard Şou və Karl Marks adlarının sintezi. Romandakı obraz Bernard Marks, fərqliliyi ilə, öz şəxsi individuallığını dərk etməsiylə digərlərindən fərqlənirdi. O, qadağan olunanalara maraq göstərirdi. O, ona icazə veriləndən artığını istəyirdi, bəzənsə tələb edirdi. Jan Jak Həbibulla – məşhur fransız filosofu Jan Jak Russo və Əfqanıstan əmiri Həbibulla xanın adlarının sintezi. Məna və nəticə çıxarmaq çətin olsa da, maraqlı sintezdir. Fanni Kraun – Fanni Kaplan Leninə uğursuz sui-qəsdin icraçısı kimi tarixə düşüb. Əslində uğursuz da demək olmaz, çünki Lenin bu sui-qəsddə dünyasını dəyişməsə də, aldığı travmadan əqli düşüncə bacarıqları bir xeyli dərəcədə zəifləyir.  Lenayna Kraun – Lenin adıyla çox oxşardır. Maraqlı cəhət də orasıdır ki, Fanni ilə Lenayna eyni soyadın daşıyıcısıdırlar və çox yaxın rəfiqədirlər. 

Belə adlara romanda çox rast gəlmək olar. Onu da qeyd etmək yerinə düşərdi ki, bu ad allüziyalarının sirləri hələ tam açılmış deyil. Yazıçı bizə bədii ədəbiyyat vasitəsiylə bol informasiya ötürür. Sadəcə 5-6 obraz adının təhlili bizə sübut edir ki, roman yüksək dərəcədə intellektlə yazılıb. Digər antiutopiyalarda belə ensiklopediklik yoxdur.  

Romantizm – Gələcəyin dünyasında insan iradəsinin məhvi, romantizm, əxlaqi və etik dəyərlər, səmimiyyət, sərbəstlik, azadlıq, arzular, xəyallara yer yoxdursa, deməli, həqiqətən də bu böyük bədbəxtlikdir. İkiqat bədbəxtlik isə, Şekspirə “köhnə” damğasının vurularaq qadağan edilməsidir. Con Vəhşi və Helmqolts kimi romantiklər isə hər zaman cəmiyyətdən uzaqlaşdıracaqlar ki, yatanları oyatmasınlar. Əsərin inqilabi yönü, insanın yaradılmasının tamamilə süni yollarını göstərməsidir. 

Gəlin günümzə baxaq. Artıq bu gün biz romantikanı öldürmüşük. Əvəzinə isə kapitalizmin miqyas effektindən faydanı təmin edən kütləvi istehlakın hedonik mühitini yaratmışıq. Hər şey miqdarla ölçülür. Hər şeyin qiyməti var. Sevgilinizə ancaq bahalı hədiyyələr etdikcə sevginiz yaşaya bilər. Romantika isə kirpi kimi büzüşüb və heç kimi özünə yaxın buraxmır. Halbuki, ailə-məişət romantikası olsa belə, romantika insana yaşadığını xatırladıb varlıq boyunca.  

Artıq biz böyük yarışın içindəyik. Sosial pillələri qalxmalıyıq. Əks təqdirdə biz uğursuz adlandırılacağıq və sevilməyəcəyik. Texnologiya birbaşa demokratiya adı altında sırınan totalitarizmi təbliğ edərək insan cəmiyyətini mexanikiləşdirəcək. Sonunda da biz “Cəsur Yeni Dünyaya”a inteqrasiya edəcəyik. Bizim yerimizə düşünən kompüterlər bizə taleyimizi deyəcəklər. Avtomatikləşmə “Cəsur Yeni Dünya”nı yavaş-yavaş reallaşdıracaq. Unutmayın, artıq biz hissəvi olaraq o “Cəsur Yeni Dünya”nın içindəyik.  

Arzular – Təsvirlər bir çox siyasi xadimlərin, dini liderlərin və 60-cı illərin hippilərinin arzuzunda olduqları ideal cəmiyyəti ifadə edir. Kimlərsə də, bəlkə də, çoxları belə dünyanın – Cəsur Yeni Dünyanın arzusundadırlar. Onlar bərabər olmaq, fərqlənməmək, əylənmək və sadəcə boş-boşuna var olmaq istəyirlər. Bu kimlər üçünsə yeni tanrılıq imkanıdır, kimlər üçünsə də cılız özünüdərk və özünüsübut üçün yaradılmış şəraitdir.  

Seksizm – Romanda seksizm çox güclüdür. Çünki uşaqların hələ kiçik yaşlarından etibarən erotik oyunlar oynaması mənim diqqətimi cəlb etdi və daha sonra insanların seksdən sadəcə əyləncə vasitəsi kimi istifadəsi öz maraqlı nüanslarını mənə təqdim etdi. Əslində "Cəsur Yeni Dünya"da ailə anlayışının olmaması, valideyn sözünün söyüş kimi istifadəsi olduqca maraqlıdır. Bu haqda çox düşünmüşəm. İnsan ailə quran yeganə canlıdır. Digər canlılar arasında sürü anlayışı var, məsələn şirlər sürü halında yaşayır və bir-biriləri ilə müəyyən dərəcədə sadiq formada əlaqə yaradırlar, amma bu şüursuz formada icra olunur. Ömrün sonuna qədər bir qadına və ya kişiyə sadiq qalmağı olduqca çətin, darıxdırıcı və qeyri-mümkün hesab etmişəm. Romanda insanı bu yükdən azad olmuş görəndə bir az təəccübləndim. Cəsur Yeni Dünya və Conun vəhşi dünyası məhz bu mövzuda qarşı-qarşıya gəlsələr də, heç birini mütləq ideal qəbul etmək olmur.  

Texnoloji aspektlər – Bəzən düşünürdüm ki, çox vacib məqamlar var ki, onlara romanda toxunulmayıb. İnsanların laboratoriyalara bənzər inkubatorlarda yetişdirilməsi bütün xırdalıqları ilə təsvir edilsə də, atom enerjisi və kompüter sistemlərinə toxunulmayıb. Bundan əlavə post-apokaliptika və atom müharibələrindən əsər-əlamət yoxdur. Daha sonra romanın əslində belə bir məqsədi olmadığını başa düşdüm. Əsas məsələ inkişafın insan şəxsiyyətinə təsiri məsələsidir. Elm və texnika insan bədənini və ruhunu dəyişməyə qadirdir. Bu da öz növbəsində inqilabi inqilab anlayışını yaradır. Elmi-texniki tərəqqi azad şəxsiyyətlərdən ibarət cəmiyyətin yaradılması kimi məqsəddən çox çox uzaq düşüb. 

Totalitarizm – Romanda gələcəyin totalitarizmindən işarələri görə bilərik. Yeni totalitarizm əcdadların despotizmi kimi olmalı deyil. Kütləvi həbslər, süni aclıqlar və müharibələr, məhdudiyyətlər artıq qeyri-effektivdir. Fiziki-psixoloji reallıqların dərki və insana qarşı tətbiqi əhəmiyyət qazanır. Odur ki, bugünkü totalitar sistemlər hələ də çox primitiv dərəcədədi.  

Şərti reflekslər və quldarlıq – Astronomik tətbiq sahəsi olan şərti refleksləri Pavlov kəşf etsə də, bu gün iqtisadiyyat və siyasətdə inanılmaz dərəcədə geniş tətbiq yerini tapıb. Belə ki, romanda da göstərilirdi ki, uşaqlar körpə yaşlarından hipnopediya vasitəsiylə hipnoz olunaraq şərti reflekslərə öyrəşdirilirdilər ki, onları lazımi istiqamətlərə yönəltmək asan olsun. Bu gün bu proses tam gücüylə irəli gedir. MTV musiqisi, reklamlar və KİV kimi kütləvi qırğın silahları ilə insanları homo consumen tipində yetişdirirlər ki, "Cəsur Yeni Dünya" təzahür etsin. İnsanların özlərində də qul olmağa qəribə sevgi var. Çox az zəhmətlə insanları çox işləməyə və maddiyyatdan asılı hala gətimrək olar. Odur ki, qul olmağa olan sevgi bu gün MTV-dən də qəddar düşməndir və mütləq məğlub edilməlidir.  

Oldos Haksli vs Corc Oruell – Bir çox saytlarda bu iki məşhur antiutopiya müəlliflərinin bir-birindən fərqli yönlərini göstərən məlumatlara rast gəlmək olar. Bu məqama bir daha toxunsaq yaxşı olardı: Oruell qorxurdu ki, kitablar qadağan olunacaq, lakin Haskli deyirdi ki, cəmiyyət elə formalaşdırılacaq ki, kitab oxumağa sadəcə ehtiyac qalmayacaq. Oruell qorxurdu ki, bizi informasiyadan məhrum edəcəklər, Haksli isə deyirdi ki, cəmiyyətdə o qədər bol informasiya olacaq ki, nəticədə passivlik və eqoizmə qədər deqradasiya edəcəyik. Oruell qorxurdu ki, həqiqəti bizdən gizlədəcəklər, Haksli isə qorxurdu ki, həqiqət lazımsız informasiya dənizində itib-batacaq. Oruell qorxurdu ki, bizim mədəniyyətimiz kölələrin mədəniyyəti olacaq, Haksli isə qorxurdu ki, mədəniyyətimiz hisslərin ekstaz əvəzediciləri, vəhdət orgiyaları ilə dolaraq primitivləşəcək. Hakslinin “Cəsur Yeni Dünyaya Səyahət” adlı kitabında qeyd etdiyi kimi vətəndaş haqları uğrunda mübarizə aparanlar və tiraniyaya qarşı müqavimət göstərməyə çağıran rasionalistlər “insanın əyləncələrə qarşı olan sərhədsiz meylini nəzərə almayıblar”. 1984-də insanlara ağrı verməklə nəzarətdə saxlayırlar. “Cəsur Yenu Dünya”da isə insanlara həzz verməklə nəzarət edirlər. Oruell qorxurdu ki, nifrət etdiklərimiz bizi məhv edəcək, Haksli qorxurdu ki, bizi sevdiklərimiz məhv edəcək.... 

Romanın hər bir cümləsini bir pikselə bənzətmək olar. Oxuduqca gələcəyin fotosu bir az da aydınlanır. Bu elə bir böyük fotodur ki, pikselləri artırdıqca yeni-yeni fotoların da var olduğunun fərqinə varırsan. Gələcəyin dünyasını görməyin asan yolu “Cəsur Yeni Dünya” romanıdır.    

Comments

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Janrlar və mən

Kamal Abdulla - Sehrbazlar dərəsi