Con Uik - John Wick - Джон Уик

Con Uik - Rus mafiya başçısının quldur oğlu onun evinə basqın edib, maşınını oğurlayıb və dünyasını dəyişmiş həyat yoldaşının yeganə canlı xatirəsi olan iti öldürənədək keçmiş qatil Con sakit həyat yaşayırdı. Qisas hissi ilə yenidən alışmağa başlayan Con, keçmiş bacarıqlarını xatırlamağa başlayır. 

Niyə Kianu Rivs? - Ssenarinin böyük hissəsi Ceyson Stethamın repertuarına tamamilə uyğun gəlsə də, motivlər uyğun gəlmir. Çünki Kianu Rivs həm əlbəyaxa, həm atışma, həm də drama janrının mahir ustdadıdır. Halbuki sonuncu bəndi Ceyson Stethama aid etməyə adamın dili dönmür. Əlbəttə "Kolibri Effekti"-ndə Ceyson özünü sınasa da, tam uğurlu olduğunu demək çətindi, lakin "Con Uik"-də dramatizmin tələblərini Kianu Rivas yüksək səviyyədə ödəyib. Qaldı ki, əlbəyaxa və atışma janrının tələblərinə, deyərdim ki, onlarda da ciddi problem yoxdu. Bəzi izləyicilərin fikrincə Kianu bu filmdə özünün tam potensialını göstərə bilməyib, çünki döyüş səhnələrində zəifliklər və boşluqlar var. Bu mümkündür, amma o, boşluqların səbəbi kimi mən daha çox filmin maksimum dərəcədə reallığa uyğunlaşdırılma cəhdləri kimi görürəm. Çünki standart atışmalardan fərqli olaraq Conun silahının güllələri tez bitirdi, əlbəyaxa janrının digər nümayəndələrindən fərqli olaraq Cona vurulan bütün zərbələr onun sifətində və bədəninin digər yerlərində iz qoyurdu, halbuki bəzən elə filmlərə rast gəlirik ki, onlarla zərbə vurulmağına baxmayaraq qəhrəmanın üzü tərtəmiz qalır. Belə xırdalıqlar çoxdur və mən böyük ekranda onlara diqqətlə fikir verirdim. 

Təsvirlər - Cinayətkar aləmin təsvirindən razı qaldım. Bu Nyu-Yorkun kaloriti ilə üst-üstə düşür. Ani süjet dəyişiklikləri və artıq dramatizm yoxdur və heç buna lüzum da görsənmir. Film məyyən müddətdən sonra ancaq atışmalardan və əlbəyaxa döyüşlərdən ibarət olmağa başlayır ki, bu da öz növbəsində təsvir baxımından özüylə yüksək tələblər gətirir. Atışmalar, partlayışlar, bədən yaraları, cinayətkarların sığınacaqları, kassaları və xüsusi zonalarının təsvirində problem görmürəm. Hər şey qaydasındadır. 
Komik məqamlar - Belə ki, qisas kimi motivdən bəslənən filmdə qəribə də olsa özünəməxsus və eyni zamanda yersiz, gülməli məqamlar var. Bu gülməli məqamlar bir az problemlidir. Bilmirəm bu məsələ bəlkə də təkcə mənə belə gəlir, lakin çox ciddi hadisələrin ardında elə bir gülməli epizod göstərilir ki, izləyici çaşbaş qalır. Bunu mənfilərə daxil edərdim və filmin ciddiliyini pozduğunu xüsusilə qeyd etmək lazımdır. 

Yekun - Filmi izləmək zövqvericidir. Qisas yaxşı filmlərin yaranmasına çox kömək edir. Kianu Rivs sevənlər üçün məsləhət olsa da, bəziləri sırf səhv tapmaq üçün film izləyirlər. Səhv axtaranlar və filmləri soyuq terminlərlə təhlil edənlər filmdən lazımi zövq almayacaqlar. Deməzdim ki, Kianu Rivs bu filmdə şedevr yaradıb, amma "Con Uik" filmində də zəif və maraqsız filmlərdə çəkilib. Odur ki, normal səviyyəli film kimi dəyərləndirmək olar. 

Comments

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Janrlar və mən

Kamal Abdulla - Sehrbazlar dərəsi