Stethammania #2

Adrenalin (Crank - Адреналин) - Muzdlu qatil Çev Çelios öyrənir ki, onu padzəhəri olmayan nadir və Çində hazırlanan zəhər ilə zəhərləyiblər. Nəbzi müəyyən həddə qədər azaldıqdan sonra onun çox az vaxtı qalacaq. Bu az vaxt ərzində o, iki işi çatdırmalıdır: onu zəhərləyənlərdən qisas almaq və padzəhəri tapmaq. "Çin zibili" isə öz işini görür: qandan bütün adrenalini sovurur və beləliklə də insanı amansızca öldürür. O, bu dünya ilə o dünya arasında ilişib qalanda başa düşür ki, işlərini görmək üçün zəhəri az da olsa neytrallaşdıran yeganə maddə, böyrəküstü vəzinin ifraz etdiyi "adrenalin"-dir. Odur ki, ətrafını nə qədər gərginləşdirsə, sağ qalmaq və işlərini görmək şansı artacaq. 

Adrenalin sadəcə filmin adı deyil. Eyni zamanda, onu izləyən hər bir kişi üçün filmin bədəndə yaratdığı əsas nəticədir. Qadınlar üçün film bir o qədər də maraqlı gəlməyə bilər, lakin belə qadınların sayı getdikcə azalır.

Film sadə süjetə əsaslanan bol ekşn, qaçma-qovma və döyüşlərdən ibarətdir.  Stetham, sanki, bu film üçün yaranıb. Aktyor kimi filmin tələb etdiklərini böyük ustalıqla ifa edib və ən çox bəyəndiyim filmlərindən oldu. Stetham prinsipi burada da özünü göstərib: "Güc var - ağıl lazım deyil". Mənə elə gəlir ki, Stetham bu filmdə bu prinsipin əziyyətlərini daha çox çəkdi. O, "Mexanik"-dən fərqli olaraq strategiya qurmur və kor-koranə tərzdə qarşısına çıxan hər şeyi məhv edir, amma bir dəqiqə, axı onun bədəninə "Çin zibili"-ni daxil ediblər. Nəinki düşünmək, hətta hərəkət etməyi, sağ qalaraq mübarizə aparmağı belə möcüzədir. Odur ki, Çev Çeliosu boş yerə şərləmək lazım deyil. 

Maraqlı məlumatlar: filmdə iştirak edən narkomanlardan birisi,
məşhur "Linkin Park" qrupunun solisti Çester Benninqtondur. Bundan əlavə "fuck" sözü filmdə 115 dəfə təkrarlanır. Filmdəki bütün tryukları Ceyson Stetham özü bilavasitə icra edib. 

Adrenalin inanılmaz dərəcədə dəlisov, cəsarətli, brutal, qanlı, qara yumorlu və absurd filmdir. 

Adrenalin - 2 (Crank: High Voltage - Адреналин: Высокое напряжение) - O, öldü, lakin qayıdacağını bildirdi. Möcüzə ilə deyil, müasir tibbi texnologiyalar sayəsində sözünə əməl etdi. Çev Çelios yeni ürəyin timsalında düşmənləri ilə mübarizə aparmaq üçün yeni şans əldə edir. İndi o, həyat fəaliyyətinin daimiliyini təmin etmək üçün vaxtaşırı elektrik enerjisinə ehtiyac duyur. 

Adrenalinin ikinci hissəsində mahiyyət dəyişmir. Yenə həmin brutal
səhnələr, qisas, lokal müharibələr və s. Çev bu dəfə ən vacib orqanını - ürəyini itirib. Odur ki, daha əsəbidir. 

Çevin sevgilisi olan Yeva filmin ikinci hissəsində dəyişib. Xasiyyətcə dəyişib. Çünki birinci hissədə mehribanlığı, yumşaqlığı, şəfqəti və sevgini simvolizə edən Yeva, ikinci hissədə kobud, əlləri ilə ədəbsiz hərəkətlər göstərməyi sevən, barlarda çılpaq rəqs edən və dalaşqan birisinə çevrilib. Nəzərə almalıyıq ki. Yeva Çevdən cəmisi 3 ay ayrı qalıb. Belə güman edib ki, Çev ölüb, lakin Çevi görəndə çox təəccüblənir. İzləyicinin özü də bu dəyişiklikləri görüb təəccüblənə bilər. Vacib dərs: Odur ki, sevgilinizi uzun müddət yalnız qoyub ondan xoş xasiyyət gözləməyin. 

Mexanik - (Механик - The Mechanic) - Kimsə problemləri həll etməlidir...


Artur Bişop yüksəksəviyyəli, hər zaman təmizlik və izsizlik prinsipləri ilə işləyən muzdlu qatildir. Onun şüuarı: "pullarınız müqabilində istənilən iş"-dir. Belə peşənin tələbləri və qurbanları yüksək olur. Artur Bişop isə sənətinin mahir ustadırır. Bişop həmişə tək işləyib, amma iş elə gətirir ki, o, cavan və təcrübəsiz, bol enerjili Stiveni tələbəliyə götürür. Odur ki, müəyyən müddətdən sonra müəllim və tələbə birlikdə problemləri həll etməyə başlayırlar. Buna baxmayaraq, bilinirdi ki, onların yolu bir gün kəsişəcək və kəsişmədən sonra sadəcə bir nəfər bu yolu davam edəcək. 

Mexanik bizə qeyri-adi və praktiki olaraq yeni heç nə təklif etməsə də, izləyici yenə də onu izləyəcək. Çünki müasir dövrdə Stalone və Şvarçeneqer kimi aktyorların yerini Stetham layiqincə tutub və onun filmləri izlənməyə dəyərlidir. "Mexanik"-də parlaq səhnələr çoxdur. Filmi izlənməli edən ən əsas cəhəti kimi maraqlı, yaxşı düşünülmüş, adrenalinli qətl səhnələri və bol qan hesab etmək olar. İzləyici ilk dəqiqələrdən filmin necə bitəcəyini də ehtimal edib bilə bilər, amma bir müddət sonra başa düşəcək ki, o, sadəcə ehtimal edə bilər. Necə deyərlər şeytan xırdalıqlarda gizlənib. Odur ki, Kimlərsə görəsə də "Mexanik" sadəcə döyüş filmidir. Onu əlavə etmək istərdim ki, "Mexanik" hisslər və gözlər üçün amerikan atraksiyonu kimidir. 

Əslində Ceyson Stethamın iştirak etdiyi filmləri əsasən texniki müstəvidə təhlil etmək alınır. Texniki xüsusiyyətlər isə həddindən artıq çoxdur. Birini yazandan sonra, digəri peydə olur və mütləq nə isə yaddan çıxır. Odur ki, sistem yaratmaq çətindir. Əsasən filmdən alınan təssüratlar və müqayisələr əhəmiyyət qazanır. Bu üç film haqqında təəssüratlar isə yüksəkdir. Stethamın filmlərini janrdam zövq almaq üçün izləmək lazımdır və dərin təhlillər aparmağa ehtiyac yoxdur. Analitik yazılar isə əsasən təəssüratlardan xəbər verən maraqlı nüanslara toxunan informativ xarakter daşımalıdır. 

Comments

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Janrlar və mən

Kamal Abdulla - Sehrbazlar dərəsi