Qəzəb - Fury - Ярость

Bu hər gün qəddar və qanlı döyüşlərdə iştirak edən "Qəzəb" adlı tank heyətinin hekayəsidir...

1945-ci ilin aprel ayı. Almanlar üzərində qələbə yaxındır. Müttəfiqlər düşmən ərazilərini ələ keçirir və almanların müqaviməti günü-gündən azalır. Bu hələ o demək deyil ki, ölüm olmayacaq. Əsgərlər yaxşı başa düşürlər ki, hələ hər şey bitməyib. "Qəzəb" heyətinə isə komandir Uordeddi (Don) rəhbərlik edir. O, əvvəlcə Afrikada, indi isə Avropada nasistlərlə döyüşür. Onun istəyi sadəcə sağ qalmaq və heyətindəki insanların həyatda qalmağını təmin etməkdir. Bu ambisiyalı məqsəd, gənc və əvvəllər heç bir ye döyüşməmiş Norman Ellisonun heyətə qoşulması ilə sual altına düşür. Norman hər gün onlarla insan öldürməyə öyrəşməyib. 


Süjet xəttinin sadəliyi özünü döyüş səhnələrində göstərmir. Psixoloji fonda filmdə baş verən proseslər kifayət qədər mürəkkəbdir. Heyətin hər bir üzvü sağ qalmaq uğrunda mübarizə aparırlar. Qələbələrini isə özünəməxsus tərzdə deyil, elə məhz müharibənin təqdim etdiyi tərzdə qeyd edirlər. Olduqca maraqlı epizodlar var. Mahiyyət və format baxımından klassik ikinci dünya müharibəsi filmlərindən diametral fərqliliyi hiss olunur. "Qəzəb" bizə müharibəyə mikro çərçivədə nəzər yetirməyə imkan yaradır. Hərb elmi baxımından səhvlərin olduğu görünsə də, hər halda müəyyən güzəştlər etmək olar. 

Filmin aktyor heyətinin nümayiş etdirdiyi performans yüksək səviyyədədir. İlk növbədə Bred Pit nəzərə çarpır. Demək olmaz ki, xariqələr yaradır, amma alman zabitlərinin saç düzümü ilə nasistlərə qarşı mübarizə aparır. Maraqlı paradoksdur. Loqan Lerman fikrimcə, ikinci növbədə diqqətəlayidrir. Çünki öhdəsinə düşənləri lazımıncə yerinə yetirdi və lazımi dəyişikliyi etdi. Şaya Labaf isə ona xarakter olmayan rolda əla ifa nümayiş etdirdi. Hətta deyilənə görə o, bu film üçün dişinin birini kəsdirmiş və uzun müddət çimməyərək, özünü çirkli saxlamışdır. Əslində bu filmin təbii alınması üçün çox cəsarətli addım olsa da, filmin çəkiliş heyətini əsəbiləşdirirdi. Bütün bunlarla yanaşı onun yaratdığı obrazın gözləri filmdə çox şeyi sözlərsiz ifadə edirdi. Lazım olanda döyüş yoldaşlarına İncildən sitatlar gətirirdi. Heyət arasında sona qədər olduğu kimi qaldı. Con Berntal və Maykl Pena da yaddaqalan obrazlar yaratdılar. Bütün aktyorlar bir-birini tamamlayırdılar və deyərdim ki, yaratdıqları epizodlar heç də sadə deyil. 


Tank, Bred Pit, yaxşı musiqi. Bu üç kombinasiya bizə hiperrealistik bir film təqdim edir. İzləməyə dəyər. Devid Eyr adi insanların müharibədə olan macəralarını daha yaxşı çatdıra bilib. Məgər müharibələri alovlayan, yaradan və sonlandıran qəzəb deyilmi? 

Comments

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Janrlar və mən

Kamal Abdulla - Sehrbazlar dərəsi