El Ceyms - Bozun əlli çaları - Э.Л. Джеймс - Пятьдесят оттенков серого

Bu yazını resenziya və ya təəssürat kimi qəbul etməyin. Çünki kitabı yarımçıq oxudum. Bu yazı sadəcə fikirlərin şifahi daha sonra isə yazılı formasıdır. 

Livelib.ru: Amazon.com yazır ki, bu kitabda bir çox erotik səhnələr var, amma əsas olan bu deyil. Birinci növbədə cəlbedici olan ehtiraslı münasibətlər, onların yaratdığı fiziki təsirlər və nəticədə həqiqi romantik sevginin yaranışıdır. Mən isə yazıram: Nə dəxli var? Erotik roman elə sadəcə erotik romandır. Kitabın yarısı klassik pornoqrafik filmlərin yazılı formasıdır. Digər yarısı isə vərəqlədiyim qədər iyrənc və qorxulu fantaziyadır. Nəticə isə, dünyada milyonlarla insanların kitaba nəhəng həvəs göstərməsidir. Maraqlıdır elə deyilmi? Nəinki kitabın yarısı, hətta 1/3 hissəsi belə bəs edir ki, insanların nəyə görə bu kitabı bu qədər ucaltdıqlarını başa düşək. Bu mövzuya yenə qayıdacam. Əvvəlcə isə bəzi məqamlara aydınlıq gətirək.

Bravo tərcüməçilərə. Mənə elə gəlir ki, zaman irəlilədikcə insanlar tərcümə sahəsində daha da bərbadlaşırlar. Xüsusilə Rusiyada bu tendensiya çox güclüdür. Rusiyada nə baş verirsə avtomatik olaraq da bu hadisə bizdə öz əksini tapır. "Bozun əlli çaları"? Bu nə deməkdir? İdiotizmdi. Orijinal ad belədir: "Fifty shades of Grey". Grey baş obrazın soyadıdır və "Cənab Qreyin əlli çaları"-na oxşar formada tərcümə olunmalı idi. Bunu metafizik müstəvidə, ruhi mənada başa düşün. Başqa sözlə, insanın əlli növ ruh halı. "500 Days of Summer" filmini ruslar "Yayın 500 günü" kimi tərcümə edirlər. Halbuki "Summer" baş obrazın adıdır. Niyə hər şeyə bu dərəcədə hərfi yanaşmaq lazımdır ki? Niyə tərcüməçilər və ya naşirlər kitabları özləri də oxumurlar və ya oxutdurmurlar? Çünki ədəbiyyata bu gün ancaq biznes kimi yanşılır ki, bu də bütün bəlaların başındadır. 

Yazıçıya fantaziya və bədii istedad kimi anlayışlar Sirius ulduzu kimi uzaqdı. Hər yeni bölmə özündən əvvəlki bölmələrin
təkrarından ibarətdir. Yazıçı bir-iki ədəd primitiv və bərbad formada hiss müəyyənləşdirməsini edib və bunu bütün kitaba yayıb. Məsələn "minlərlə kiçik hissələrə ayrılmaq" və "daxili ilahənin müxtəlif eyforik durumları". Bunu bir dəfə yazsa başa düşmək olar, lakin yüzlərlə dəfə yazılmış olan bu "qəribə" hiss ifadəsi nə deməkdi?? Bundan əlavə yazı keyfiyyəti baxımından vəziyyət pisdi. İlkin olaraq fanfik kimi yazılmağa başlanan kitabdan nə gözləmək olar axı? Odur ki, qiraət prosesində mənasızlıq, banallıq, boşluq, iyrəncliklə bezginliyin qarışığı, maraqsızlıqla yalançı ümidlərin qarışığı kimi hisslər bir-birini əvəzlədi. Nə qədər əvəzlənmələr olsa da, kitabı yarıda kəsmək qərarına gəldim. Səmimi olaraq deyim ki, çox rahatlaşdım, sanki, çiyinlərimdən ağır yük götürüldü. 

İndiysə qayıdaq bu kitabın kütləvi qiraətinə. Metroda, kitab dükanlarında, getdiyim bir çox yerlərdə kitabın müxtəlif dillərdə olan nəşrlərinin oxunduğunu gördüm. Müxtəlif saytlarda, bloqlarda kitab haqqında fikirlərin yazıldığını oxudum. İnternetdə sörfinqlə məşğul olanda görürəm ki, "El Ceyms" ilin ən populyar yazıçısı seçilir. Bir az da üstündən keçir və filmin treyleri ortaya çıxır. Bir sözlə fasiləsiz, artansürətli inkişaf. Elə bir inkişaf ki, insanlar istəməyə-istəməyə, bəzən isə istəyərək onun ağuşuna düşürlər. Çox maraqlıdır. Reklamlarda vurğulanır ki, kitab erotika və işgəncəli pornoqrafiyanın sevgi ilə qarışığıdır və bu çox gözəl bir şeydir. Bu sadə tələyə isə milyonlarla insan düşür. 

Müasir dövrdə narkotik maddələr və pornoqrafik münasibətlər insanların özünü sübut etmək üçün ən əsas vasitə kimi qəbul edilib. Bu normaldır. Çünki istehlak cəmiyyətinin bizə qarşı silah assortimenti zəngindir. Odur ki, bu və buna bənzər motivlərdən bəhs edən kitab da insanlar üçün maraqlı gələcək. Bir növ "qadağan olunmuş meyvə" kimi diqqət cəlb edir. Kitab oxumaqla heç arası olmayan insaların necə bu kitabı alıb oxuduqlarını gördüm. 

Psixologizm. İnsanlara maraqlı gələ biləcək digər nüans psixologizm ola bilərdi, amma oxuduqca başa düşürsən ki, emosional və psixiloji diopazonlar o qədər dardı ki, heç oxucuya kitabı vərəqləməyə dəstək vermir. Yazıçının özünün yaxşı psixoloqa ehtiyacı var. Guya kitab qadınların gizli qalmış və yatmış tabe olmaq və işgəncəyə qarşı olan əsrarəngiz, instintktiv həvəslərini ifşa edir. Baş obrazdan biri olan Kristian Qrey yeniyetmə yaşında aldığı psixoloji travmadan o qədər əziyyət çəkir ki, bu onu mahircə gizlədə bildiyi manyaka çevirir. Disneyin çəkdiyi "Gözəl və Bədheybət" cizgi filmini xatırlamaq olar. 

Kitabın fəlsəfəsi və süjeti primitivdi: insanlar dünyanı qəlblərindəki gizli saxladıqları qaranlıq aləm çərçivəsində dəyərləndirirlər, lakin bəlkə də bu fəlsəfəni heç yazıçının oxu də bilmir. 

Kimlərsə zövq almaq üçün, kimlərsə kitabı ələ salmaq üçün, kimlərsə də sadəcə trendlərə görə bu kitabı oxuyur. Mən isə oxudum ki, ətrafımda olan insanların kitaba olan marağının səbəbini özüm üçün aydınlaşdırmağa çalışım. Yarımçıq oxusam da, çox şeyi başa düşdüm. Sadələşdirdikdə isə onu deyərdim ki, kitabın oxunmağının əsas səbəbi o lənətə gəlmiş "bestseller" rəfləri və güclü marketinqdir. Xüsusilə son dövrlərdə marketinq cinsi motivlərə əsaslanan məshsulları daha energetik formatda təbliğ edir. İnsanlar hər nə qədər bu kitabı küyə görə oxusalar da, daxillərindəki sıxışdırılmış həvəs və ehtiras onlara kitabı ilk növbədə almağa, ikinci növbədə oxumağa stimul verir. Kitab elektron kitab satışlarında rekordçudur. İnsanlar nə isə yeniliyə ümid edərək kitabı alırlar. Maraqlıdır. 

Başqa nəyə yaza bilərəm, sözün düzü, bilmirəm. Bax belə. 

Comments

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Janrlar və mən

Kamal Abdulla - Sehrbazlar dərəsi