Bir görüş - Одна встреча - Une rencontre


Mən əbədiyyətə üstünlük verirəm...
Hadisə (təsadüf) allahın anonim qalmaq seçiminin nəticəsidir. 

Sadəcə bircə görüş. Elə bir görüş ki, insanın bütün həyatını dəyişir, onun mikro-kainatını alt-üst edir. Ürəyi tez-tez döyündürür və gözlərinə xoşbəxtlik sözünü hərflərlə yazır. Bütün bunlar yaşdan aslı deyil, necə ki bunu bu səmimi film sübut edir. 

Pyer 15 ildi ki, həyat yoldaşını sevir və iki uşaq tərbiyə edir. Uğurlu vəkil və sevimli atadır. Elzanın üç uşağı var və olduqca uğurlu yazıçıdır. Hərəsinin öz xoşbəxt ailəsi olsa da kainatın görünməyən əli onları bir-biriləri ilə görüşdürür. Bir növ təcrübə aparır. 

Aralarında olan xəfif flirt, intriqa və qarşılıqlı münasibətlər onlara bəs etdi ki, özlərini gənc və xoşbəxt hiss etsinlər. Elə buna görə də filmi yaşca böyük olanlar daha yaxşı başa düşürlər. Aralarında püskürən ehtiras vulkanını nə cəmiyyətin əxlaq prinsipləri ilə, nə də onların öz şəxsi həyat qayda-qanunları ilə dayandırmaq mümkündür. Adama elə gəlir ki, bu mövzuya aid dəfələrlə filmlər çəkilib və heç bir yenilik gətirmək mümkün deyil, lakin xəyallar dünyası ilə reallığın bir-birinə qarışdırılaraq çəkildiyi bu film bizə banallığa fərqli bucaqdan baxmağa kömək oldu. 

Fransız filmlərini fransız filmləri edən onların Fransada və fransız aktyorları tərəfindən çəkilməyi deyil, onların ruhunun və sevgi dolu olduqlarıdır. 

Fransua Klyuze. Bu aktyoru "1+1:İntouchables" filmindəki baş roluna görə tanıyırdım və çox bəyənirdim. Adı çəkilən filmdə Fransua Klyuze çox aristokrat və dərin düşüncəli insan rolunu canlandırsa da, bu filindən sonra bu aktyorun elə real insan olaraq da belə olduğunu başa düşdüm. Çünki bu filmdə də sadaladığım xüsusiyyətləri onda rahatlıqla görürdüm. Elza rolunu canlandıran Sofi Marso isə çox gözəl qadındır. Qadın gözəlliyinin yaşdan aslı olmadan hər an, hər yerdə necə biruzə vermək lazım olduğunu çox gözəl nümayiş etdirir. Bu iki aktyorun birlikdə baş rolları ifa etmələri anlayan izləyicini məmnun edir, ekran əsərindən zövq almağa vadar edir. Hər iki aktyorun gənc ruhları və xarizmaları filmdə öz sözünü deyir. Aktyorların rol oynamadıqlarını, sadəcə səmimi və parlaq olaraq yaşadıqlarını demək olar. Film maraqlı dialoqlar, fikirlər, gözəl musiqi, rejissor qərar və yenilikləri və ən əsası isə dərin məna ilə zəngindir. Hər bir melodiya filmə nə isə qatır, hər bir musiqi parçası qəhrəmanların daxili dünyasını əks etdirir. Filmi izlədikdən sonra Pyerin düzgün qərar verib vermədiyi və onları görüşdürən bu qəribə "təsadüf" haqqında düşünməyə başladım. Onları görüşdürən bu qəribə təsadüf olmaya da bilərdi. Bir halda olmaya bilərdi, digər halda da ola bilərdi. Odur ki, hansısa paralel dünyada Elza ilə Pyer sevgili, digərində dost, digərində iş yoldaşı, digərində isə və s.....

İzləyiciyə hər şey açıq və aydındı. Gözəl musiqi, xəfif yumor kimi elementlər filmi diqqətəlayiq edir. Son zamanlarda belə filmlərin olmağı məni sevindirdi. Yorğunluq, darıxmaq və ya bunlara bənzər digər hər hansı başqa hisslər qəti yaranmır. 

Comments

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Janrlar və mən

Kamal Abdulla - Sehrbazlar dərəsi